Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-859/2020 06.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1970-ci ildə Zərdab rayonu Hüseynxanlı kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, Zərdab Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1988-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1990-cı ildə ehtiyata buraxılmışdır. İddiaçı adına olan AO seriyalı ******* nömrəli hərbi biletdə olan qeydlərə əsasən, o, xx.xx.N-ci ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur. İddiaçı ona müharibə veteranı adı verilməsi üçün cavabdehə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi xx.xx.2020-ci il tarixli cavab məktubunda N nömrəli hərbi hissə komandirinin dekabr N-ci il, aprel, iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumatın aşkar olunmadığını, eləcə də N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığını bildirmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 1988-ci ilin noyabr ayından 1990-cı ilin dekabr ayına kimi SSRİ Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.N-ci ildən N nömrəli hərbi hissənin tərkibində Laçın rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın məlumatına əsasən, iddiaçı komissiyaya müraciət etməmişdir. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlmədiyinə, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək həqiqi hərbi xidmətdə olmuş, bundan sonra xx.xx.N-ci ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissənin tərkibində xidmət etmişdir. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-1925 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin dekabr N-ci il, aprel, iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamış, eləcə də N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - İşdə olan, Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli 189-11386-1220 nömrəli məktubu ilə göndərilmiş tələbnamədən görünür ki, iddiaçının barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli məktubla müraciət edərək iddianın mümkün sayılmamasını xahiş etmiş və bunu belə əsaslandırmışdır ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına müraciət etməmişdir. İşdə cavabdeh tərəfindən iddiaçıya yazılmış xx.xx.2020-ci il tarixli 9/2-1925 nömrəli məktub mövcud olduğuna və həmin məktubda iddiaçının ərizəsinə cavab verilməsi yazıldığına görə həmin ərizənin alınıb tədqiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə cavabdehə xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarla 3 dəfə sorğu etdikdən sonra, nəhayət, iddiaçının göstərilən ərizəsinin surətini almağa müvəffəq olmuşdur. Müəyyən edildi ki, iddiaçı həmin ərizəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanlamış, ərizədə tərkibində xidmət etdiyi hərbi hissələrin nömrələri, döyüşlərdə iştirak etdiyi ərazilər, mühasirəyə düşməsi və s. barədə məlumat vermiş, bu qədər çətin döyüş yolu keçməyinə baxmayaraq müharibə veteranı olduğunu sübut edə bilmədiyini göstərmiş və ona kömək olunmasını xahiş etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununda deyilir ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. (1.1-ci maddə) Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. (1.2ci maddə) Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. (20.2-ci maddə) İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. (23.1-ci maddə) İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (24.1-ci maddə) İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (24.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3-cü maddə) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4-cü maddə) İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1-ci maddə) 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. (28.2-ci maddə) İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. (90.1-ci maddə) Sadalanan normaların birgə təhlilindən görünür ki, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə, ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqanların vəzifəli şəxsləri tərəfindən "İnzibati icraat haqqında" Qanunun müddəalarının pozulması müvafiq məsuliyyətə səbəb olur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi də inzibati orqan olduğuna görə həmin Qanunun tələblərinə riayət etməli və inzibati icraatı həmin Qanunda nəzərdə tutulmuş qaydada aparmalıdır. İşdən görünür ki, İddiaçı cavabdehə yazdığı ərizədə müharibə veteranı olduğunu sübut edə bilmədiyini göstərmiş və ona kömək olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, bu ərizə cavabdeh tərəfindən inzibati icraatın başlanması üçün əsasdır. Cavabdeh inzibati icraat çərçivəsində ərizə, şikayət və ya vəsatətlərin verilməsində,ərizə,şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında iddiaçıya yardım etməli, iddiaçının malik olduğu hüquq və vəzifələri ona izah etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı olduğu halda, bunların heç birini etməmiş, əksinə hazırda iddiaçının əvvəlcədən Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına müvafiq xahişlə müraciət etmədiyini iddia edir. Məhkəmə cavabdehin diqqətinə çatdırır ki, iddiaçının həmin komissiyaya deyil, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə etdiyi müraciət inzibati icraatın başlanmasına və həmin müraciət üzrə qərar qəbul edilməsinə kifayət qədər əsas verirdi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə müharibə veteranı adının Müdafiə Nazirliyinin məhz hansı struktur vahidi tərəfindən verilməli olması yazılmadığına görə iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə deyil, məhz veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına müraciət etməyə məcbur edilə bilməz. Beləliklə, məhkəmə cavabdehin vəsatətini əsaslı hesab etmədi və bu qənaətə gəldi ki, iddiaçı əvvəlcədən inzibati orqana müraciət etməklə iddianın mümkünlük şərtinə riayət etmişdir. Ona görə də iddia mümkün sayılır. Lakin aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində deyilir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin dördüncü bəndində deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. X2 Məcəllənin 33.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Bundan başqa, iddiaçının hərbi xidmətdə olması onun hərbi biletində yazılsa da, onun hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyinə görə ona müharibə veteranı adı verilə bilməz. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddianın təmin edilməsi üçün əsas yoxdur, bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-859/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-859/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver