Məhkəmə qərarları › İş №2-1(116)-859/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-859/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-859/2021 08.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdehnə (X18, X14, X20, X21, X22) qarşı “üçüncü şəxslərin ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X18, X14, X20, X21, X22) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxslərin onun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsində həmin mənzillə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan heç bir əsas gətirmədən tələbin mülki xarakterli olduğunu bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:  RX seriyalı ******* nömrəli, 11.02.2014-cü il tarixli DƏDR-dən Çıxarış,  AN-İ ******* nömrəli, 05.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi,  ********** qeydiyyat nömrəli, 13.02.2020-ci il tarixli DƏDR-dən Çıxarış,  Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01.06.2021-ci il tarixli 118 nömrəli məktubu,  Cavabdeh 04.04.2021-ci il tarixli imtina məktubu,  Cavabdeh 20.05.2021-ci il tarixli, 158-21867-1221 saylı məktubu,  Aərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışı,  üçüncü şəxs X3 məlumatları barədə (çıxış) “AZEMİS”Elektron Məhkəmə informasiya sistemindən çıxarış,  üçüncü şəxs X1 məlumatları barədə (çıxış) “AZEMİS”Elektron Məhkəmə informasiya sistemindən çıxarış,  üçüncü şəxs X12 qohumluq məlumatlarına dair “AZEMİS”Elektron Məhkəmə informasiya sistemindən çıxarış,  üçüncü şəxs X8 sərhədkeçmə məlumatları barədə (çıxış) “AZEMİS”Elektron Məhkəmə informasiya sistemindən çıxarış,  üçüncü şəxs X4 məlumatları barədə (çıxış) “AZEMİS”Elektron Məhkəmə informasiya sistemindən çıxarış, Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçı 07.07.2021-ci il tarixdə məhkəməyə teleqram ünavnlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh 28.06.2021-ci il tarixli məktubunda 08.07.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmənin sərəncamı üçüncü şəxslərə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş, sonuncu tərəfindən məhkəməyə ünvanlanmış 01.06.2021-ci il tarixli 118 nömrəli məktubda bildirilmişdir ki, adları qeyd olunan şəxslər həmin ünvanda yaşamadıqları və harada olmaları barədə məlumat olmadığından məhkəmənin 29.04.2021-ci il tarixli məktubu, sərəncamı və ona əlavə edilmiş sənədlərin çatdırılması mümkün olmamışdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, RX seriyalı ******* nömrəli, 11.02.2014-cü il tarixli DƏDR-dən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə X9 məxsus olmuşdur. İş materiallarına əlavə edilmiş, AN-İ ******* nömrəli, 05.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 şəhəri, Ş.İ.Xətai küçəsi, ev 15, mənzil 47 ünvanında yerləşən, 2 otaqlı mənzili 19 000 (on doqquz min) manat qiymətinə alıcı İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş, ********** qeydiyyat nömrəli, 13.02.2020-ci il tarixli DƏDR-dən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İş materiallarına əlavə edilmiş, Aərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, ünvan 1 ünvanında X18, X14, X20, X21, X22 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, Cavabdeh 04.04.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh, iddiaçıya məxsus mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələbin mülki xarakterli olmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh 20.05.2021-ci il tarixli məktubundan görünür ki, X20, X22 barədə Cavabdeh arxivində məlumat yoxdur. X13 şəxsiyyət vəsiqəsi 04.10.2002-ci ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 10200137 nömrəli şəxsiyyət vəsiqələri verilmişdir. X10 şəxsiyyət vəsiqəsi 27.11.2005-ci ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 04394077 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X19 11.06.2002-ci ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 00218519 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin illərə məxsus-ərizə anket qovluqları Azərbaycan Respublikası DİN-in müfaviq əmrinin tələblərinə uyğun olaraq müddətin bitməsi səbəbi ilə əlaqədar məhv edildiyindən şəxsiyyət vəsiqələrinin verilməsi üçün təqdim etdiyi surətini sizə təqdim etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş, üçüncü şəxs X3 məlumatları barədə (çıxış) “AZEMİS”Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, 05.09.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etmişdir. İş materiallarına əlavə edilmiş, üçüncü şəxs X1 məlumatları barədə (çıxış) “AZEMİS”Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X14 08.10.2016-cı il tarixdə ölkə hüdudlarını tərk etmişdir. İş materiallarına əlavə edilmiş, üçüncü şəxs X2 məlumatları barədə (çıxış) “AZEMİS”Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, 08.08.2019cu il tarixdə ölkə hüdudlarını tərk etmişdir. İş materiallarına əlavə edilmiş, üçüncü şəxs X4 məlumatları barədə (çıxış) “AZEMİS”Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, 07.12.2016cı il tarixdə ölkə hüdudlarını tərk etmişdir. İş materiallarına əlavə edilmiş, üçüncü şəxs X12 qohumluq məlumatlarına dair “AZEMİS”Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, 22.04.2014cü il təvəllüdlü X12 valideyinləri: X21 (atası) və X11r (anası). Beləliklə, iş materialları ilə müəyyən edilir ki, ********** qeydiyyat nömrəli, 13.02.2020-ci il tarixli DƏDR-dən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin mənzildə pasport qeydiyyatındadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırki işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslər iddiaçının razılıq ərizəsi olmadan, yəni iddiaçının həmin mənzil üzərində tam xüsusi mülkiyyət hüququ yarananadək həmin ünvana qeydiyyata düşmüşlər və onların həmin mənzil üzrə heç bir bir əmlak hüquqları yoxdur. Belə ki, üçüncü şəxslər iddiaçıya münasibətdə ailə üzvü sayılmırlar, ailə qanunvericiliyi baxımından iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüquqlar yoxdur, eyni zamanda faktiki olaraq həmin ünvanda yaşamırlar və ölkə hüdudlarını tərk etmişlər. İddiaçının isə AN-İ ******* nömrəli, 05.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin mənzilə tam xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır. Üçüncü şəxs 22.04.2014-cü il təvəllüdlü X12 hazırda 7 yaşı vardır və onun yaşayış yeri, qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İş materialları ilə müəyyən edilir ki, X12 valideynlərindən – atası X21 və anası X14 hazırki iş üzrə üçüncü şəxslərdir və onlar özləri də qeydiyyatda olduğu ünvanda faktiki olaraq yaşamırlar. İş materialları ilə müəyyən edilir ki, Azad Abdulov 07.12.2016-cı il tarixdən, Yeganə Abdulova isə 08.10.2016-cı il tarixdən faktiki olaraq ölkə hüdudlarını tərk etmişlər. Odur ki, azyaşlı Ayan Abdulovanın iddiaçıya məxsus yaşayış sahəsində qeydiyyatda olmasının heç bir hüquqi əsası yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X18, X14, X20, X21 və X15 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar