Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-859/2022 13.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 iştirakı ilə, İddiaçı cavabdeh Göyçay şəhər bələdiyyəsinə qarşı “Göyçay şəhər bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə üçüncü şəxs X2 hissəsində ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş, “buraxılmış prossesual müddətin bərpa edilməsi haqqında” ərizəyə məhkəmənin inzibati binasında açıq, şifahi, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Göyçay şəhər bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Göyçay şəhər bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə üçüncü şəxs X2 hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçının xüsusi mülkiyyətində ünvan 2 ünvanında 0,022598 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi ilə, mərhum valideynlərindən miras qalmış ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi arasında hasar olmamışdır və o, mülkiyyətində olan torpaq sahəsinə ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən keçərək girib-çıxmışdır. Mərhum atasının ölümündən sonra ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi mərhum anası X9 ilə qardaşı, X4 adına qeydə alınmışdır. 2020-ci ilin sonunda X7 onunla ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən istifadəyə dair mübahisə yaratmış və 21 aprel 2021-ci il tarixdə Göyçay rayon məhkəməsində ona qarşı torpaq sahəsinin sərhədinin müəyyənləşdirilməsi və hasarlanması tələbinə dair iddia qaldırmışdır. Həmin iddia ərizəsində üçüncü şəxs ona və ailə üzvlərinə torpaq sahəsindən istifadə etmənin qadağan edilməsini və torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilərək hasarın çəkilməsinə mane olmama öhdəliyinin onun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 22 iyul 2021 -ci il tarixli qərardadla baxılmamış saxlanılmışdır. Üçüncü şəxsin məhkəməyə iddia ərizəsi verməsindən xeyli əvvəl 2020-ci ildə o, dəfələrlə Göyçay şəhər bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək istifadəsində olan bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə verilməsinin qarşısının alınmasını xahiş etmişdir. DƏDRX ona cavab versə də, Göyçay şəhər bələdiyyəsi onun yazılı müraciətlərinə nə yazılı, nə də şifahi cavab verməmişdir. İstifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üçüncü şəxsə satılmasından şübhələnsə də bu barədə məlumatı Göyçay Regional Ədliyyə İdarəsinə etdiyi müraciətə baxılmasına dair ona göndərilmiş 13 oktyabr 2021-ci il tarixli məktubu aldıqdan sonra dəqiqləşdirmiş və nümayəndəsi dəfələrlə Göyçay şəhər bələdiyyəsinə gedərək torpaq sahəsinin Telman Rəhimova satılması barədə qərarı istəsə də, bələdiyyə sədri qərarı verməmişdir. Şifahi müraciətləri müsbət nəticə vermədiyi üçün 04 dekabr 2021-ci il tarixdə cavabdehə poçt vasitəsi ilə yazılı müraciət göndərmiş və cavabdeh 08 yanvar 2022-ci il tarixdə göndərdiyi müraciətdən sonra ona 10 yanvar 2022-ci il tarixli 11 saylı məktubla Göyçay şəhər Bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarından çıxarışı göndərmişdir. Göyçay şəhər Bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarında ünvan 4 ünvanında yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə üçüncü şəxs X2 qərara alınmışdır. Halbuki həmin torpaq sahəsinin vergisini bələdiyyəyə üçüncü şəxs deyil, o ödəmişdir. Bundan başqa satılan torpaq sahəsindən onun mülkiyyətində olan torpaq sahəsinə küçədən giriş var və bu hal, eyni zamanda həmin torpaq sahəsinin onun istifadəsində olma faktı üçüncü şəxsin Göyçay rayon Məhkəməsinə 21 aprel 2021-ci il tarixdə verdiyi iddia ərizəsi ilə öz təsdiqini tapır. Göyçay Regional Ədliyyə İdarəsinin 13 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh 12 oktyabr 2021-ci il tarixli 416 saylı arayışında guya onun satılan torpaq sahəsi ilə bağlı üçüncü şəxslə mübahisəsinin olması haqqında bələdiyyəyə müraciətinin daxil olmadığını, naturada ölçmə işləri aparılarkən guya heç bir etiraz etmədiyini, satılan torpaq sahəsindən istifadə etməyinə dair hər hansı sübutu təqdim etmədiyini, guya onun torpaq sahəsilə satılan torpaq sahəsi arasında möhkəm daşdan mərz çəkildiyi göstərilmişdir. Onun, satılan torpaq sahəsi ilə bağlı üçüncü şəxslə mübahisəsinin olmasını sonuncunun Göyçay rayon Məhkəməsində 21 aprel 2021 -ci il tarixdə qeydə alınmış iddia ərizəsi təsdiq edir. Eyni zamanda həmin iddia ərizəsindən torpaq sahələri arasında hasar olmadığı da aşkar olunur. Cavabdeh satılan torpaq sahəsinin naturada ölçmə işlərini o və ailə üzvlərinin evdə olmadığı vaxtda apardığından onun məlumatı olmadığı üçün etirazını bildirməmişdir. Lakin, o etirazını 2020-ci ildən başlayaraq cavabdehə və digər orqanlara yazılı halda dəfələrlə göndərmişdir. Ölçmə işləri aparılarkən o, evdə olmasa da, onun mülkiyyətində olan yaşayış evindən satılan torpaq sahəsinə 2 metr enində böyük dəmir qapının və 4 metr enində açıq eyvanın olduğu adi baxışla görünür. Satılan torpaq sahəsi ilə bağlı üçüncü şəxslə mübahisənin olması həmin müraciətlər və hüquq mühafizə orqanlarına etdiyi şikayətlərlə təsdiq olunur. Cavabdeh, satılan torpaq sahəsindən istifadə etməyinə dair hər hansı sübutu təqdim etmədiyini göstərir. Halbuki o, həmin torpağın vergisini ödəmişdir və həmin ödəniş sənədləri Göyçay şəhər Bələdiyyəsində saxlanılır. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbi müddətlə bağlı mümkünlük şərtinə cavab vermir. Belə ki, iddia tələbi inzibati orqanın 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının ləğv edilməsi barədədir. Yəni hazırkı iddia İPM-nin 2.2.1ci və 32-ci maddələri anlamında “mübahisələndirmə haqqında” iddiadır. İddiaçı, məhkəməyə “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” ərizə təqdim etmişdir. Ərizə aşağıdakı kimi əsaslandırılmışdır: - İstifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üçüncü şəxsə satılması barədə dəqiq məlumatı Göyçay Regional Ədliyyə İdarəsinə etdiyi müraciətə baxılmasına dair ona göndərilmiş 13 oktyabr 2021-ci il tarixli məktubdan əldə edəndən sonra mübahisələndirdiyi qərarı əldə etmək üçün dəfələrlə Göyçay şəhər bələdiyyəsinə müraciət etsə də bələdiyyə qərarı ona göndərməmiş və o, qərarı əldə etmək üçün müxtəlif orqanlara müraciət etməyə məcbur olmuşdur. Mübahisələndirdiyi qərarı 10 yanvar 2022-ci il tarixdə rəsmi qaydada əldə etmişdir. Qərarı əldə etdikdən sonra 14 gün müddət ərzində, yəni 24 yanvar 2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.O, qərarın məzmunundan məlumatlı olsa da bələdiyyənin, istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üçüncü şəxsə satılmasını əsaslandırdığı halları qərardan çıxarışı əldə etdikdən sonra öyrənmişdir. Bu əsasları öyrəndikdən sonra o, qərarı mübahisələndirməyi düşünmüşdür. Çünki müraciətlərinə verilən heç bir cavabda bələdiyyənin üçüncü şəxsin hansı üstün hüququna görə torpaq sahəsini sonuncuya satması qeyd edilməmişdir. Onun, mübahisələndirdiyi qərarın surətini almaq üçün etdiyi müraciətləri və qərardan çıxarışı 10 yanvar 2022-ci il tarixdə rəsmi qaydada əldə etdiyini nəzərə alaraq buraxılmış prosessual müddətin bərpa edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İşdə olan, Göyçay bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclas protokolunun 21 №-li qərarından çıxarışdan görünür ki, Göyçay bələdiyyəsinin alqı-satqı predmeti olan 472 kv.m torpaq sahəsi həyətyanı məqsədilə şəhər sakini X1. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, buraxılmış müddətin üzürlü hesab edilməsi ilə bağlı ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia tələbi inzibati orqanın 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının ləğvi barədədir. Yəni, iddia “mübahisələndirmə haqqında” iddiadır. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Ləğv edilməsi tələb edilən inzibati akt 2021-ci ilin 26 avqust tarixində qəbul edilmişdir və iddianın müddətlər baxımından həllində 01 yanvar 2011-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin tələbləri rəhbər tutulmalıdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. İş materiallarından görünür ki, iddiaçının, Göyçay şəhər bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarından 2021-ci ilin oktyabr ayının 19-da məlumatı olmasına baxmayaraq, müvafiq qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmişdir. Belə ki, iddia ərizəsinin məzmununda qeyd edilmişdir ki, “bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin üçüncü şəxsə satılmasından şübhələnsəm də bu barədə məlumatı Göyçay Regional Ədliyyə İdarəsinə etdiyim müraciətə baxılmasına dair mənə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubu aldıqdan sonra dəqiqləşdirdim”. Yəni, Göyçay Regional Ədliyyə İdarəsi, xx.xx.2021-ci il tarixli məktubunda iddiaçını, hazırda mübahisələndirdiyi qərarla bağlı məlumatlandırmış (işdə olan reyestrə əsasən, məktub xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə göndərilib) və iddiaçı müvafiq qərarın məzmunundan məlumatlı olmuşdur. X11 Ədliyyə İdarəsi xx.xx.2021-ci il tarixdə iddiaçının təkrar müraciətinə cavab olaraq (xx.xx.2021-ci il tarixdə göndərilib) göndərdiyi məktubda müvafiq torpaq sahəsinin cavabdehin 26 avqust 2021-ci il tarixli qərarı əsasında üçüncü şəxsə satılması barədə məlumat vermişdir. İşdə olan, iddiaçının, Göyçay regional Ədliyyə İdarəsinin rəisinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda da, cavabdehlə Telman Rəhimov arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 21 nömrəli torpağın alqı-satqı müqaviləsindən bəhs olunmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının, Göyçay Regional Ədliyyə İdarəsinin rəisinə ünvanladığı ərizədən görünür ki, iddiaçı həmin qurum tərəfindən ona göndərilən xx.xx.2021-ci il tarixli məktubu almasını və məktubun məzmunu ilə razı olmadığını bildirir. Beləliklə, müəyyən olunur ki, Telman Rəhimova torpaq sahəsinin satılması ilə bağlı Göyçay şəhər bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının məzmunundan iddiaçı xx.xx.2021-ci il tarixdə məlumatlı olmuşdur. Buna görə də o, ən geci xx.xx.2021-ci il tarixədək müvafiq qərarı mübahisələndirməli idi. Hazırkı iddia ərizəsi isə qərarın məzmunundan iddiaçının məlumatı olduqdan 3 aydan çox müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Həmin qərarın əldə edilməsi üçün iddiaçının cavabdehə yazılı müraciət etməyi və qərarın surətinin xx.xx.2022-ci il tarixdə təqdim edilməsi 30 günlük iddia müddətinin axımının xx.xx.2022-ci il tarixdən hesablanmasına səbəb olmur. Odur ki, Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarının mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddəti ötürülmüşdür. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunan normalara əsasən, prosessual müddətlər buraxıldığı təqdirdə onların bərpa edilməsi imkanı nəzərdə tutulsa da, bunun üçün müddəti buraxmış şəxs müddətin onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş, o cümlədən, müddətin buraxılması təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmuşdur və bu hallar bilavasitə onun iradəsindən asılı olmamışdır. Lakin, ötən müddət ərzində iddiaçı, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılmasının səbəblərinin iddiaçının təqsiri olmadan buraxılmasına dair sübutlar təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “buraxılmış müddətin üzürlü hesab edilməsi barədə” ərizədən görünür ki, iddiaçı, mübahisələndirdiyi qərarın əsaslandırıldığı halları qərarın surətini aldıqdan sonra öyrənməsini və bundan sonra qərarı mübahisələndirmək barədə düşündüyünü bildirir. Lakin, məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı üçün əhəmiyyətli olan qərarın hüquqi nəticəsi olmuşdur. İddiaçı, müvafiq torpaq sahəsinin Telman Rəhimova satılması ilə razılaşmamış və buna görə də davamlı olaraq müvafiq orqanlara şikayət ərizələri ilə müraciət etmişdir. Odur ki, məhkəmə “iddia müddətinin bərpası barədə” ərizədə qeyd olunmuş hüquqi məsələlərlə bağlı iddiaçının mövqeyini buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün yetərli hesab etmir və hazırkı iddia tələbinin irəli sürülməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin iddiaçıların təqsiri üzündən buraxılması və müddətin bərpası üçün hər hansı üzürlü halın olmaması qənaətinə gəlir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” ərizəsi təmin edilmir. İddiaçı cavabdeh Göyçay şəhər bələdiyyəsinə qarşı “Göyçay şəhər bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə üçüncü şəxs X3 hissəsində ləğv edilməsi” barədə iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-859/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-859/2022
13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver