Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-86/2024 05.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, üçüncü şəxs X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Xaçmaz kəndində yerləşən fərdi yaşayış evinin X5 məxsus olmasına dair elektron arayışın verilməsi və həmin evin yerləşdiyi 0,94 ha həyətyanı torpaq sahəsinin üzərində ümumibirgə mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Oğuz rayonu Xaçmaz kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,94 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi və 2,95 ha pay torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq iddiaçının və ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-86/2024 nömrəli qərardadı ilə X11 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Oğuz rayonu Xaçmaz kəndində yerləşən fərdi yaşayış evinin X5 məxsus olmasına dair elektron arayışın verilməsi və həmin evin yerləşdiyi 0,94 ha həyətyanı torpaq sahəsinin üzərində ümumibirgə mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Oğuz rayonu Xaçmaz kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.94 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi və 2,95 ha pay torpaq sahəsinə mülkiyyət hüququmuzu qeydiyyata alaraq mənim və ailə üzvlərimizin adma dövlət reyestrindən çıxarış verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş etmişdir. Qeyd edilən evin noyabr 1987-ci il tarixli 518 nömrəli Texniki Pasportu və həyətyanı torpaq sahəsinə hazırlanmış TN-031F saylı Şəhadətnaməsi var. Həmin Şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,94 ha göstərilmişdir. Bundan başqa JN-262 saylı Dövlət Aktında göstərilən 2,95 ha pay torpaq sahəsinə də çıxarış verilməsindən cavabdeh inzibati orqan imtina etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu səbəbdən də iddiaçının ərizəsinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Az-İİ 253339 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X12 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir;
2. Az-İİ 017416 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X6 xx.xx.2003-cülil tarixdə vəfat etmişdir;
3. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
4. JN-031F saylı Şəhadətnamənin surətindən görünür ki, 0.94 ha torpaq sahəsi X12 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
5. JN-262 kod 40509018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, X12 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir;
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 nömrəli iclas protokolundan çıxarış ,edilmiş xx.xx.2003-cu il tarixli Oğuz rayonu Xaçmaz kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X12 və onun ailə üzvlərinin adları qeyd olunmuşdur
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-2812/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, JN-031F kod 40509018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,94 hektar torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altı torpaqlara aiddir. JN-262 KOD 40509018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş 2,95 hektar torpaq sahəsi iddiaçı tərəfindən faktiki istifadə olunmadığı və yerini tanımadığı üçün koordinatlarını təyin etmək mümkün olmamışdır. Faktiki istifadə olunan torpaq sahəsi JN-031F KOD 40509018 Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Faktiki istifadə olunan və JN-031F KOD 40509018 Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi digər subyektlərin torpaq sahələri ilə üst-üstə düşmür. JN- 262 KOD 40509018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş 2,95 hektar torpaq sahəsinin sərhədləri məlum olmadığına görə digər subyektlərin torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini təyin etmək mümkün deyildir. İddia olunan torpaq sahəsi üzərində 3 (üç) fərdi yaşayış evi, 3 (üç) təsərrüfat tikilisi mövcuddur.
Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsi və əlavə olunan sənədlərdən müəyyən edilir ki,iddiaçının hüquqi marağı fərdi yaşayış evinin mərhum atası X5 məxsus olmasına dair arayışın verilməsi,evin yerləşdiyi 0.94 ha torpaq sahəsi üzərində iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının və ailə üzvlərinin adına JN-031F saylı Şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən 0.94 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir.Araşdırma zamanı Təsərrüfatbaşına kitablardan çıxarışda mərhum X12 və ailə üzvlərinin adına 0,94 ha torpaq sahəsinin və fərdi yaşayış evinin qeydə alındığı aşkar edilmişdir. Təqdim olunan şəhadətnamədə,o cümlədən subyektlər siyahısında X12 və ailə üzvlərinin,cəmi 10 nəfərin adı qeyd olunmuşdur. Tələb olunan mütəxəssis rəyinə əsasən bildirilmişdir ki, faktiki istifadə olunan torpaq sahəsi JN-031F KOD 40509018 Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ilə üstüstə düşür. Faktiki istifadə olunan və JN-031F KOD 40509018 Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi digər subyektlərin torpaq sahələri ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi üzərində 3 (üç) fərdi yaşayış evi, 3 (üç) təsərrüfat tikilisi mövcuddur. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Qeyd olunanlara əsasən iddia təmin edilməli, Oğuz rayon Xaçmaz kəndində yerləşən fərdi yaşayış evinin mərhum X5 məxsus olmasına dair arayışın verilməsi, JN- 031F saylı Şəhadətnamə əsasən mülkiyyətə verilmiş evin yerləşdiyi 0.94 ha torpaq sahəsi üzərində iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayonu Xaçmaz kəndində yerləşən,1977-ci ildə tikilmiş fərdi yaşayış evinin X5 məxsus olmasına dair elektron arayışın və JN-031F kod 40509018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş,həmin evin yerləşdiyi 0,94 ha həyətyanı torpaq sahəsinin üzərində X12, X7, İddiaçı Fərzalı qızı, X8, X9, X4, X13, X14, X10 və X3 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə