Məhkəmə qərarları › İş №2-1(116)-860/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-860/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-860/2022 24.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı "İsmayıllı Rayon İcra Hakimiyyətinin 05.10.2021-ci il tarixli 138 nömrəli sərəncamının ləğv edilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 16.05.2003-cü il tarixli 35 nömrəli sərəncamına əsasən, rayonun "Vəng yanı" adlanan dövlət ehtiyat fondunda olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən 100 ha torpaq sahəsinin 25 il müddətinə (2003-2028-ci illər) İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən, İsmayıllı Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında 100 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 25 il müddətinə sonuncuya icarəyə verilməsi barədə 16.05.2003-cü ildə 01 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır. Həmin 100 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına 24.10.2003-cü il tarixli JN- 3445 kod 40700001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Həmin sənəddə 100 ha torpaq sahəsi örüş kimi göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin işçiləri tərəfindən İsmayıllı rayonunda keçirilmiş monitorinq zamanı icarədar İddiaçı tərəfindən 100 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində əkin işlərinin aparılması aşkarlanmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı 24.02.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 05.10.2021-ci il tarixli 138 nömrəli sərəncamı ilə İddiaçı ilə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 16.05.2003-cü il tarixli 01 nömrəli müqavilə ləğv edilmişdir. Sərəncam belə əsaslandırılmışdır ki, İddiaçı icarəsində olan 100 ha örüş torpaq sahəsini təyinatına uyğun istifadə etməyərək əkin aparmışdır. İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı "İsmayıllı Rayon İcra Hakimiyyətinin 05.10.2021-ci il tarixli 138 nömrəli sərəncamının ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsinin icarəyə verilməsi haqqında 16.05.2003-cü il tarixli 01 nömrəli müqavilənin 2.14-cü bəndinə əsasən, tərəflərdən hər hansı biri həmin müqavilədə göstərilmiş öhdəlikləri pozduqda bir tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəldilməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və məhkəmə qarşısında iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozuntusu müqavilənin pozulmasına əsas vermir. Cavabdeh iddiaya qarşı 22.02.2022-ci il tarixli 01/121 nömrəli etirazında iddianı qəbul etməyərək onun təmin olunmamasını xahiş etmişdir. Cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyəti məhkəməyə İddiaçı qarşı "16.05.2003-cü il tarixli 01 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş icarə haqqlarının tam məbləğdə dövlət büdcəsinə ödənilməsi, torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduğu zərərə görə torpağın keyfiyyətinin yaxşılaşdırılması öhdəliyinin iddiaçının üzərinə qoyulması" barədə qarşılıqlı iddia ərizəsi göndərmişdir. Məhkəmənin 08.04.2022-ci il tarixli qərardadı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin qarşılıqlı iddiası mümkün sayılmamışdır. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı və nümayəndəsi gəlmiş, cavabdehin nümayəndəsi X2 isə məhkəməyə teleqram göndərərək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilmədiyini, işlə tanış olan digər əməkdaşın olmadığını bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə bununla razılaşmayaraq qeyd edir ki, cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyəti hazırkı məhkəmə iclasına başqa nümayəndə də göndərə bilərdi ki, bunu etməmişdir. Ona görə də məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur və şifahi məhkəmə baxışı cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməlidir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 16.05.2003-cü il tarixli 35 nömrəli sərəncamından görünür ki, rayonun "Vəng yanı" adlanan dövlət ehtiyat fondunda olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən 100 ha torpaq sahəsinin 25 il müddətinə (2003-2028-ci illər) İddiaçı icarəyə verilməsi qərara alınmışdır. - İşdə olan, 16.05.2003-cü il tarixli 01 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)"dən görünür ki, həmin müqavilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 16.05.2003-cü il tarixli 35 nömrəli sərəncamına əsasən İsmayıllı Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmışdır. - İşdə olan, JN-3445 kod 40700001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə"dən görünür ki, həmin sənəd 100 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına verilmişdir. - İşdə olan, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin işçiləri tərəfindən 24.02.2021ci ildə İsmayıllı rayonunda keçirilmiş monitorinq zamanı icarədar İddiaçı tərəfindən 100 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində əkin işlərinin aparılması faktı aşkarlanmışdır. - İşdə olan, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 05.10.2021-ci il tarixli 138 nömrəli sərəncamından görünür ki, İddiaçı tərəfindən sözügedən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində əkin aparıldığı müşahidə edildiyinə və həmin torpaq sahəsi təyinatı üzrə istifadə edilmədiyinə görə İddiaçı ilə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 16.05.2003-cü il tarixli 01 nömrəli müqavilə ləğv edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddialar üçün 30 günlük iddia müddəti müəyyən edilmiş və bu müddətin başlanğıcı inzibati aktın təqdim (elan) olunduğu, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxt nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən cavabdehə təklif edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə 05.10.2021-ci il tarixli sərəncamın İddiaçı təqdim (elan) olunması barədə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, iddia müddəti buraxılmamışdır. İddianın mümkün sayılmaması üçün digər əsaslar da yoxdur. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdən göründüyü kimi, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 16.05.2003-cü il tarixli 35 nömrəli sərəncamı ilə İddiaçı İsmayıllı rayonu ərazisində 25 il müddətinə icarəyə (istifadəyə) 100 ha torpaq sahəsi ayrılmış, bundan sonra cavabdehin 05.10.2021-ci il tarixli 138 nömrəli sərəncamı ilə İddiaçı ilə bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırda cavabdehin 05.10.2021-ci il tarixli 138 nömrəli sərəncamının ləğv olunmasını tələb edir. Cavabdeh özünün 05.10.2021-ci il tarixli 138 nömrəli sərəncamını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbəsinin əməkdaşı ərazidə monitorinq aparan zaman İddiaçı İsmayıllı rayonu Vəng kəndində "Vəng yanı" adlanan dövlət ehtiyat fondu torpağından icarəsində olan 100 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində əkin apardığını müşahidə etmişdir. İddiaçı istifadəsində olan torpaq sahəsini təyinatına uyğun istifadə etmədiyinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin əməkdaşı tərəfindən İddiaçı barəsində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və surəti məlumat üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. İddiaçı müqavilə şərtlərini pozmuş, istifadəsində olan torpaq sahəsini təyinatına uyğun istifadə etməmişdir. İcarəçiyə bu barədə bildiriş göndərilmiş, lakin o, heç bir tədbir görməmiş və bildirişdə göstərilənlərə münasibət bildirməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin 15.09.2021-ci il tarixli məktubu İddiaçı icarəsində olan 100 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkin işləri apardığını, buna görə cərimə ödədiyini və torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etdiyini sübut edir. Odur ki, onun icarə müqaviləsinə xitam verilməsi zəruri və qanunamüvafiqdir. Göründüyü kimi, cavabdehin 05.10.2021-ci il tarixli 138 nömrəli sərəncamında icarə müqaviləsinə xitam verilməsinin əsası kimi İddiaçı icarəyə verilmiş 100 ha torpaq sahəsinin təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edildiyinə istinad edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin 1-ci bəndində deyilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (abzas 1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (abzas 2) torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (abzas 3) hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; (abzas 4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: (abzas 5) əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; (abzas 6) istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; (abzas 7) torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; (abzas 8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (abzas 9) istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; (abzas 10) dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; (abzas 11) torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; (abzas 12) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; (abzas 13) torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. (abzas 14) Bundan başqa, həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndində deyilir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Cavabdeh öz sərəncamında Torpaq Məcəlləsinin 73-cü maddəsinin 4-cü bəndinə istinad etmişdir. Həmin bənddə deyilir ki, qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Lakin məhkəmə qeyd edir ki, sərəncamın əsaslandırıcı hissəsində İddiaçı torpaqdan məqsədli təyinatına görə istifadə etməməsinə istinad edildiyinə və bu hal Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci abzasına uyğun gəldiyinə görə, həmin Məcəllənin 73-cü maddəsinin 4-cü bəndinə istinad etməyə zərurət yox idi. Ola bilsin ki, bu istinad texniki səhvin nəticəsi olmuşdur. Məhkəmə bunu texniki səhv kimi qiymətləndirsə də, qeyd edir ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə torpaq üzərində icarə hüququna yalnız məhkəmə tərəfindən xitam verilə bilər. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinin belə bir səlahiyyəti yoxdur. İsmayıllı Rayon İcra Hakimiyyəti icarəyə verilmiş 100 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə mülki məhkəmə icraatı qaydasında müraciət edə bilər. Beləliklə, cavabdeh mübahisələndirilən 05.10.2021-ci il tarixli 138 nömrəli sərəncamı qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq iddiaçı barəsində qanunsuz inzibati akt qəbul etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 05.10.2021-ci il tarixli 138 nömrəli sərəncamı iddiaçını icarə hüququndan məhrum etməklə qanunsuz əlverişsiz inzibati akt olduğu üçün ləğv edilməlidir. Eyni hüquqi mövqe oxşar məzmunlu 2-1(102)-2700/2019 nömrəli başqa bir inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.10.2019-cu il tarixli qərarında da ifadə edilmişdir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinin 05.10.2021-ci il tarixli 138 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar