Məhkəmə qərarları › İş №2-1(116)-860/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-860/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-860/2024 29.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü ildə əlillik dərəcəsi təyini ilə bağlı apardığı qiymətləndirmənin əsassız hesab edilməsi və əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 2004-cü ildə BDYTİ-nin Şəki rayon DYTXnin DYNB-nin mühəndisi vəzifəsində işləyərkən avtoqəza nəticəsində kəllə-beyin travması almış, uzun sürən müalicə və müayinələr səhhətində heç bir irəliləyiş göstərməmişdir. O, həmin vaxtdan X2, müxtəlif xəstəxanalarda, həmçinin Şəki Rayon Xəstəxanasında ambulator və stasionar müalicələrdə olmuş, həmçinin Şəki Rayon Psixiatriya Xəstəxanasında müayinələrdə olmuşdur. Ona 2005-ci ildən əlillik müəyyən vaxtlarla təyin edilmişdir. Lakin sonuncu dəfə müayinə və müalicə vaxtından sonra Ambulator Kitabçadan çıxarışa əsasən onun xəstəliyində irəliləyiş olmamış, qapalı kəllə-beyin travmasıyla əlaqədar xəsarətlər artmış, səhhəti düzəlməz hal almışdır (diaqnozların kodları: G93.4, G40.3, F063, T90.5). Ona təyin edilən diaqnoz üzrə “Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi’’ nəticəsində baş vermiş zədələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2023-cü il tarixli 235 nömrəli Qərarında əlillik dərəcəsi təyin edilməsi nəzərədə tutulmuşdur. Lakin onun sonuncu dəfə F-88 əsasında göndərişiylə əlaqədar əlillik dərəcəsi təyin edilməsi məsələsinə xx.xx.2023-cü il tarixdə baxılmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təyin edilmiş əlilliyin növbəti tarixə uzadılmasından imtina edilmişdir. Diaqnozu: (Kəllədaxili travmaların nəticələri, Posttravmatik ensefalopatiya.Kəllə beyin travmasınm nəticələri (2004). G93.2- Hipertenzion sefalgik sindrom. Davamlı sefalgiya. Kron xəstəliyi [regional enterit], Kron xəstəliyi. Daxili və xarici babasil. Xoralı kolit.) İmtinanın səbəbi kimi: “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Bu qərarı o, elektron qaydada xx.xx.2023-cü il tarixdə öyrənmiş və bununla razı olmayaraq məhkəməyə müraciət etməli olmuşdur. Ona əlillik dərəcəsi 2004-cü ildən avtoqəza ilə əlaqədar təyin edilmişdi, həmin vaxtdan səhhətində yaxşılaşma olmamış, səhhəti daha da ağırlaşmışdı. Komissiyaya göndərişdə onun xəstəliyi ilə əlaqədar müxtəlif diaqnozlar qoyulduğu halda Komissiya tərəfindən ancaq kəllə-beyin diaqnozu əsas alınmış, onun fəsadları və Şəki Mərkəzi Rayon Xəstəxanasında qoyulan diaqnoz ona məlum olmayan səbəbdən azaldılmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Şəki Rayon Mərkəzi Xəstəxanasının 14 03.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Posttravmatik ensefalopatiya. Kəllə beyin travmasının nəticələn (2004). G93.2- Hipertenzion sefalgik sindrom.Davamlı sefalgiya. Kron xəstəliyi [regional enterit], Kron xəstəliyi.Daxili və xarici babasil.Xoralı kolit.";. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Şəki şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0344003AAM45 nömrəli göndərişi əsasında xx.xx.2022ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********6) Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 132 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş baş beyin travmasının nəticəsində kəskin nevrozabənzər sindrom, uzanmış gedişlə. Vegetativ-damar distoniyası, sefalgiya ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilmişdir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv müayinəsi zamanı nervoloji statusunda ocaqlı patologiya aşkar edilməmiş, reflekslər canlı çağrılmış, ətraflarda iflic, parez müəyyən edilməmiş, obyektiv baxış zamanı boyu 172 sm, çəkisi 62 kp, BKl-21 olmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir'’ kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv müayinəsi zamanı başağrıları, epileptik tutmalardan şikayətlənmişdir. Anamnezində Kron xəstəliyinin olduğunu, qıcolma zamanı huşunu itirdiyini, özünə gələndə arterial təzyiqinin endiyini qeyd etmişdir. Müayinə zamanı boyu 171 sm, çəkisi 62 kq müəyyən edilmiş, xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Medikamentoz preparatlardan Finlepsin 1 tab gündə 1 dəfə qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Zaqatala rayon X3 xx.xx.2021-ci il tarixli Baş Beyin KT müayinəsində nəticə “Sağ beyin yarımkürəsində subaraxnoidal məsafələr dərinləşib-kortikal atrofiya lehinə. Hər iki hemisferdə dərin ağ maddədə subsantimetrik qliotik ocaqlar və mikroanqiopatiyalar qeyd olunub, mədəciklər dilatasiya olunub-intrakranıal hipertenziya əlamətləri' kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 saylı klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli Kolonoskopiya müayinəsinin nəticəsi “Xoralı kolit. Maksimal aktivlikdə. Sol tərəfli lokalizasiya ilə. Kron xəstəliyi. Daxili və xarici babasil” kimi qiymətləndirilmişdir. “X7 Mərkəzi"nin xx.xx.2023-cü il tarixli Karbamazepin analizlərinin nəticəsi “Karbamazepin (Carbamazepine) 6.32" kimi qeyd edilmiş, xəstənin verdiyi məlumatlara əsasən, qəbul etdiyi doza ilə uyğunsuz olmuşdur. Ekspertiza üçün əhəmiyyətli olan EEQ müayinəsinin nəticələri təqdim edilməmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006), Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-3137/2023 nömrəli qərarı, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 7495 nömrəli məktubu və ona əlavə olunmuş T302/2024 saylı rəyi, “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən (iddiaçı tərəfindən məhkəməyə təqdim edilən imtina cavabının çap tarixi xx.xx.2023-cü il qeyd edilmişdir) məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyi”-nin həvalə edilmişdir. Sonuncunun təqdim etdiyi ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı adına Şəki Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00084187LQQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş diaqnoz şəxsin stasionarda müalicəsi zamanı anamnestik məlumatların, klinik və obyektiv instrumental müayinələrin əsasında qoyulmuşdur. İddiaçı adına Şəki Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00084187LQQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş “T90.5-Kəllədaxili travmaların nəticələri, posttravmatik ensefalopatiya. Kəllə beyin travmasının nəticələri (2004), G93.2- (Hipertenzion sefalgik sindrom. Davamlı sefalgiya. Ağırlaşmalar: F45.3- Vegetativ sinir sisteminin somatoform disfunksiyası, təkrarlanan psixovegetativ paroksizmlər. G90-Vegetativ diistonİya. G40.8epilepsiyanın digər formaları. Qıcolma sindromu ayda 2-3 tutma. (Kron xəstəliyi, (regional enterit). Kron xəstəliyi. Daxili və xarici babasil, xoralı kolit” diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etməyə əsas vermədi. Təqdim edilmiş rəyin tədqiqat hissəsindən görünür ki, iddiaçı barəsində Şəki Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00084187LQQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş diaqnozun düzgünlüyü şübhə doğrumur və sözügedən diaqnozun şəxsin stasionarda müalicəsi zamanı anamnestik məlumatların, klinik və obyektiv instrumental müayinələrin əsasında qoyulması qeyd olunur. Rəyin nəticə hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu ilə bağlı ümumiyyətlə ekspert qarşısında sual qoyulmamışdır. Hər bir halda ekspertizanın keçirilməsində cavabdeh orqanın nümayəndəsinin iştirakı tərtib edilmiş rəyə cavabdeh orqanın mövqeyinin də, daxil edilməsinə səbəb olmuşdur. Qeyd olunan məlumat cavabdeh orqanın etirazının dəlili olmaqla müstəqil şəkildə məhkəmə araşdırmasının predmetini təşkil edir. Buna görə də, ekspertin səlahiyyətinə aid olmayan məlumatların rəyə daxil edilməsini məhkəmə sübut olaraq qiymətləndirilmir. İddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Taryel İslamova qoyulan aşağıdakı diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda T90 “Başın travmalarının nəticələri”, (T 90.5) 13.6 bəndində 40 faizlə müddətsiz və G40.8 diaqnozu 6.7 bəndinin 6.7.1 hissəsinə əsasən “Epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına, adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika” (18 yaşınadək şəxslərdə psixoppatoloji simptomatika müşahidə edilmədən) 35-60 faizlə 1 il, K50 “Kron xəstəliyi” 3.3. bəndinin “Qeyri- infeksion enterit və kolit “3.3.1.1.hissəsinə əsasən “Həzm funksiyasının mülayim pozulması- xəstəliklərin orta ağır təzahürü, tez-tez ishal (gündə 4-6 dəfə) İİ dərəcə (BKİ 16.0-17,5) qidalanma çatışmazlığı” ilə (zülal-enerji çatışmazlığı) 35-60 faizlə 2 il müddətinə əlillik təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlar”ında G93.2 “Hipertenzion sefalgik sindrom. Davamlı sefalgiya”, F45.3 “Vegetativ sinir sisteminin somatoform disfunksiyası, təkrarlanan psixovegetativ paorksizimlər” G90 “Vegetativ distoniya” diaqnozları əlillik meyarlarına uyğun deyildir. Göründüyü kimi iddiaçıya qoyulmuş diaqnozlardan:

1. T90 “Başın travmalarının nəticələri” (T 90.5) 13.6 bəndində 40 faizlə müddətsiz,

2. G40.8 diaqnozu 6.7 bəndinin 6.7.1 hissəsinə əsasən “Epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına, adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika” (18 yaşınadək şəxslərdə psixoppatoloji simptomatika müşahidə edilmədən) 35-60 faizlə 1 il,

3. K50 “Kron xəstəliyi” 3.3. bəndinin “Qeyri- infeksion enterit və kolit “3.3.1.1.hissəsinə əsasən “Həzm funksiyasının mülayim pozulması- xəstəliklərin orta ağır təzahürü, tez-tez ishal (gündə 4-6 dəfə) İİ dərəcə (BKİ 16.0-17,5) qidalanma çatışmazlığı” ilə (zülal-enerji çatışmazlığı) 35-60 faizlə 2 il müddətinə əlillik təyininə əsas verir. Sadalanan diaqnozlardan XBT-da G40.8 və K50 kodu ilə öz əksini tapmış diaqnozlar müddətli, T90 kodu ilə öz əksini tapmış diaqnoz isə müddətsiz əlillik təyininə əsas verir. Məhkəmə iddiaçının sağlamlıq vəziyyətini, cavabdeh orqanın əlillik təyinatından əsassız imtina cavabları verməsi ilə bağlı praktikasının mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçıya məhz müddətsiz əlilliyin təyin edilməsini nəzərdə tutan T90.5 koduna münasibətdə qiymətləndirmə aparılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. Sözügedən diaqnoz T90 kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə “başın travmalarının nəticələri” olaraq 13.6-cı bənddə nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulması müddətsiz 40 faiz müəyyən edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının pozulmasının birinci dərəcəli məhdudlaşması halının müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar