Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-860/2025 13.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “xx.xx.2024-cü il tarixdən müddətsiz OFP-nin ikinci dərəcəli məhdudlaşma halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin təyin edilməsi və ödənilməmiş müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2024-cü il tarixdən müddətsiz OFP-nin ikinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya 02 iyul 2014-cü il tarixli qərarla Tibbi- Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən ümumi səbəbdən müddətli 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlillik dərəcəsinin növbəti qiymətləndirilməsi üçün o, 2015–2021ci illər ərzində TSEK-də bir neçə dəfə müayinədən keçmişdir. 2021-ci ildə Qax Rayon Mərkəzi Xəstəxanası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) vasitəsilə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndəriş verilmişdir. Bu göndəriş əsasında 25 avqust 2021-ci il tarixdə qeyd olunan institutda müayinədən keçmiş və aşağıdakı diaqnozlar müəyyən edilmişdir: Sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, sol aşağı ətrafın 4 sm qısalığı, yeriş funksiyasının pozulması, Sol bazu sümüyünün kondiluslardan keçən yalançı oynağı, Sol dirsək sümüyünün yuxarı 1/3-nin bitişməmiş sınığı, Sol dirsək oynağının kəskin bükücü kontrakturası, daimi ağrı sindromu. Tibbi nəticələr əsasında xx.xx.2021-ci il tarixli tibbi arayış tərtib olunmuşdur. Daha sonra Qax Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına təqdim edilmiş sənədlər elektron sistemə yüklənmişdir. Lakin TSEK tərəfindən 10 noyabr 2021-ci il tarixdə cavab olaraq məlumatların natamam doldurulması barədə bildiriş göndərilmişdir. Bu səbəbdən, sənədlərin yenidən təqdim olunması zərurəti yaranmışdır. Tələb olunan sənədlər yenidən təqdim edildikdən sonra TSEK tərəfindən xx.xx.2022-ci il tarixə müayinə vaxtı təyin edilmiş, lakin həmin gün keçirilmiş müayinə nəticəsində əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. İddiaçının bildirdiyinə görə, bu qərar əyani müayinə və əvvəlki tibbi sənədlər nəzərə alınmadan, əsaslandırılmamış şəkildə verilmişdir. Daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-724/2024 saylı xx.xx.2024 tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş və Cavabdehnin xx.xx.2023cü il tarixli göndərişə əsasən yenidən müayinə aparması barədə öhdəlik müəyyən edilmişdir. Lakin Agentlik xx.xx.2024-cü il tarixli qərarı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Tibbi Rəyində qeyd olunmuş diaqnozların əyani müayinədə təsdiqini tapmadığını əsas gətirərək yenidən əlillik təyin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, TSEK-in xx.xx.2024-cü il tarixli qərarı qanunvericiliyin tələblərinə uyğun deyildir və təqdim olunmuş tibbi sənədlərin məzmunu obyektiv qiymətləndirilməmişdir. Bu səbəbdən də, hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Bazu sümüyünün aşağı ucunun sınığı, sol bazu sümüyünün kondiluslardan keçən qeyri-düzgün bitişmiş sınığı və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir olmuşdur. O cümlədən qeyd edilmişdir ki, vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, Qax rayon sakini, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik təyinatının müddəti tamamlandıqdan sonra müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı V. Qurbanova əyani müayinə aparılaraq, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən müəyyən olundu ki, İddiaçı sağlamlıq vəziyyəti ilk dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0256003AANS8 nömrəli rəsmiləşdirilmiş (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: “Bud sınığının nəticələri”) göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, 2013-cü ildən xəstə olduğu göstərilsə də, göndərişin natamam doldurulması (səbəb: TSERAS-a göndərilən zaman göndəriş (Forma 88) səthi tərtib edilmişdir. Xəstənin hazırkı vəziyyəti, anamnestik məlumatlar, mütəxəssislərin rəyləri, köməkçi diaqnostik müayinələr dəqiqləşdirilib, ətraflı qeyd edilsin.) səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. Yenidən, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli A00046083AGK nömrəli rəsmiləşdirilmiş növbəti göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: “Bazu sümüyünün aşağı ucunun sınığı”) Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, göndərişin natamam doldurulması (səbəb: əsas diaqnozun ağırlaşmaları, ağırlıq dərəcəsi və instrumental müayinə nəticələri qeyd edilməmişdir) səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. Növbəti dəfə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli N00086618FUP nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: “Bazu sümüyünün aşağı ucunun sınığı”) əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri baş ağrıları, baş gicəllənməsi, burun qanaxması, fiziki gərginlik zamanı təngnəfəslik, tez yorulma, ümumi zəiflik və halsızlıqdan ibarət olmuş, anamnestik olaraq uzun müddətdir ki, xəstə olduğunu və mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirmişdir. Təqdim etdiyi sənədlər arasında X2 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Tibbi Rəyində diaqnoz “Sol bazu sümüyünün kondiluslardan keçən qeyri-düzgün bitişmiş sınığı. Valqus deformasiyası, sol dirsək oynağının İİİ, İV dərəcəli artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə). Əzələ atrofiyası. Sol yuxarı ətrafın funksiyasının pozulması. Sol bud sümüyünün burmalardan keçən qeyri-düzgün bitişmiş sınığı, boyun-diafiz bucağının azalması, sol bud-çanaq oynağının travmadan sonra koksartrozu, açıcı-bükücü-yaxınlaşdırıcı kəskin kontrakturası (açma 10 dərəcə, bükmə 145 dərəcə, uzaqlaşma 20 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd edilsə də, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Xəstənin hazırkı vəziyyətinin müayinəsi zamanı sol yuxarı və sol aşağı ətrafda hərəkət məhdudluğundan şikayətlənmiş, özünü 2013-cü ildən xəstə hesab etdiyini bildirmişdir. Müayinə zamanı düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal, tük örtüyü seyrəkləşməmiş, periferik ödem izlənilməmiş, hər iki yuxarı və aşağı ətrafda əzələlər simmetrik yerləşmiş, atrofiya izlənilməmiş, əllərində əmək fəaliyyətilə məşğul olmasını göstərən əmək qabarları müşahidə edilmiş, hərəkətlərində artroz və qeyri-düzgün bitişmiş sınıq səbəbilə mülayim hərəkət pozğunluğu izlənilmişdir. Beləliklə, anamnestik, həmçinin obyektiv müayinələrin nəticələrinə əsasən halhazırda əlillik təyinatına əsas verə biləcək heç bir patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0007), Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubu, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, Dövlət Tibbi- Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. İş materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli tibbi göndərişə “göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı vermişdir. İddiaçı, cavabdehin həmin qərarını mübahisələndirmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 724/2024 saylı xx.xx.2024 tarixli qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin üzərinə iddiaçı barəsində səhiyyə müəssisəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tibbi göndərişə məhkəmənin bu qərarda ifadə olunmuş hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi qoyulmuşdur. Cavabdeh orqan iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişə xx.xx.2024-cü il tarixdə mahiyyəti üzrə baxaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul etmişdir. Müvafiq imtina qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eyni zamanda imtina qərarında hüquqi müdafiə vasitələri göstərilməmişdir. Hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan məhkəmə hesab edir ki, iddia tələbinin irəli sürülməsi üçün iddia müddəti ötürülməmişdir. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi — Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ — xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya qoyulmuş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na dair Əlavəyə əsasən aşağıdakı bəndlərin əhatə dairəsinə düşür: - R26.2 (Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi) — 6.1.10 (sinir və sümük-əzələ sisteminə aid simptomlar), - M16.4 (Soltərəfli posttravmatik koksartroz) — 13.3 (artrozlar), - M21 (Sol bazu sümüyünün kondiluslardan keçən yalançı oynağı) — 13.3.8-ci bənd. Eyni zamanda M24.5 (Oynaqların kontrakturası), M62.5 (Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası), S72.1 (Bud sümüyünün burmadan keçən sınığı), S42.4 (Bazu sümüyünün sınığı, sol dirsək sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı), M84.0 (Sümük sınığının pis bitişməsi) XBT kodlarında nəzərdə tutulmuş diaqnozların “Meyar”lara Əlavədə öz əksini tapmadığı qeyd olunmuşdur. Cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozların bir qisminin öz təsdiqini tapmamasını, bir qisminin isə əlilliyin təyin olunmasına əsas vermədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, faktiki olaraq cavabdeh orqan iddiaçıya “diaqnozun öz təsdiqini tapmaması” əsası ilə deyil, “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı vermişdir. Nəzərə alınmalıdır ki, diaqnozun öz təsdiqini tapmaması cavabdeh orqanın həmin tibbi diaqnozla ümumiyyətlə razılaşmamasını göstərir. Yəni, təqdim edilən tibbi sənədlərdə göstərilmiş diaqnozun əldə olunan obyektiv tibbi göstəricilərlə əyani müayinədə təsdiq edilməməsi deməkdir. Bu zaman cavabdeh orqan həmin xəstəliyin faktiki olmadığını və ya həmin formada olmadığını bildirir. “Diaqnoz əlillik əlaməti təyin etmir” dedikdə isə diaqnozun mövcudluğu qəbul olunur, lakin həmin diaqnozun səbəb olduğu funksional pozuntular və həyat fəaliyyətinə təsir səviyyəsi əlilliyin müəyyən edilməsi üçün tələb olunan həddə olmaması başa düşülür. Yəni şəxsə diaqnoz düzgün qoyulsa da, bu xəstəlik nəticəsində orqanizmin funksiyalarının əlilliyin təyin edilməsi üçün zəruri olan həcmdə pozulması müəyyən edilmirsə, hərəkət, ünsiyyət, özünə qulluq və s. sahələrdə daimi və əhəmiyyətli məhdudiyyətlər yaranmamışdırsa, o zaman bu diaqnoz əlillik əlaməti hesab edilmir. Əgər cavabdeh orqan “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı verirsə, o zaman diaqnozu qəbul etdiyini, lakin həyat fəaliyyətinə təsirin əlillik səviyyəsinə olmadığını bildirmiş olur. Bu halda isə funksional məhdudiyyətlərin normativ həddə çatmaması konkret meyarlarla əsaslandırılmalıdır. Məhkəmə tərəfindən cavabdeh orqana aşağıdakı halların aydınlaşdırılması məqsədilə sorğu göndərilmişdir: - İddiaçıya qoyulmuş diaqnozda hansı funksional məhdudiyyətlərin və ya tibbi göstəricilərin mövcud olmaması həmin diaqnozun əlillik əlaməti kimi qiymətləndirilməməsinə əsas vermişdir? Həmçinin bu diaqnozun iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalarına — özünə qulluq, hərəkətetmə, ünsiyyət və sairə — təsir etməməsi hansı meyarlarla və necə qiymətləndirilmişdir? - İddiaçıya qoyulmuş diaqnozun əlilliyin müəyyən olunması üçün müvafiq meyarlara uyğun olub-olmaması hansı əsaslarla qiymətləndirilmişdir? - İddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti hesab edilməməsi barədə qənaət formalaşdırılarkən, həmin diaqnozun şəxsin gündəlik həyatına təsiri necə qiymətləndirilmişdir? Cavabdeh orqan xx.xx.2025-ci il tarixdə məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli, ********** nömrəli tibbi rəyində qeyd edilənlər (revmatoid poliartrit, çoxsaylı oynaqların zədələnməsi ilə, hər iki əl və hər iki pəncənin daraq-falanga oynaqlarının deformasiyalı artrozu, bütün ətraflarda barmaqların bükücü kontrakturası, bilateral koksartroz İİ dərəcəli, hər iki mil-bilək oynaqlarının artrozu, yerişin pozulması, funksiya pozğunluğu, yayılmış formalı osteoporoz, daimi ağrı sindromu ilə) əyani müayinədə öz təsdiqini tapmamışdır. Baxmayaraq ki, həmin rəyə daxil edilmiş patofunksional pozuntular (bazı oynağında açma 110°, bükmə 100°, dirsək oynağında valgus deformasiyası, İİİ–İV dərəcəli artroz, bud-çanaq oynağında hərəkət məhdudluğu – açma 10°, bükmə 145°) da əlillik təyin olunmasına əsas vermir. Əvvəlki göndərişdə qeyd olunan sol aşağı ətrafın 4 sm qısalığı isə nə xx.xx.2022-ci il tarixli, ********** nömrəli tibbi rəydə, nə də əyani müayinədə təsdiqlənməmişdir. Bundan irəli gələrək, ətraflarda müşahidə olunan və qeyd edilən ağırlaşmalar funksional cəhətdən əlverişli vəziyyət kimi dəyərləndirilmişdir və həyat fəaliyyəti kateqoriyalarını (orqanizmin funksiyalarının 35 faizdən çox pozulmasının üzərində) məhdudlaşdırmır. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, əlillik təyinatının aparılması mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh orqan tərəfindən məhkəmənin verdiyi suallar mahiyyəti üzrə cavablandırılmamışdır. İddiaçının sağlamlıq vəziyyəti ilə bağlı tibbi göstəricilər təqdim olunsa da, əlilliyin qiymətləndirilməsi zamanı tətbiq olunan normativ meyarlara, mövcud diaqnozların həyat fəaliyyətinin əsas kateqoriyalarına təsir etməməsi qənaətinin necə yaranmasına və konkret funksional pozuntuların əlillik üçün tələb olunan həddə çatıbçatmamasına dair məsələlərə cavab verilməmişdir. Halbuki, funksional məhdudiyyətlərin dərəcəsinin və həyat fəaliyyətinə təsir edən əlamətlərin mövcud normativ meyarlar əsasında qiymətləndirilməsi və əsaslandırılması, diaqnozun əlillik əlaməti kimi qəbul olunmaması barədə qənaətin yaranması üçün hüquqi və tibbi baxımdan zəruri idi. Göndərişi tərtib etmiş tibb müəssisəsinin istinad etdiyi “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.1.10-cu (sinir və sümük-əzələ sisteminə aid simptomlar) bəndinə münasibətdə məhkəmə qeyd edir ki, R25-R29 XBT kodlarında qeyd edilmiş (sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr) xəstəliklərin qiymətləndirmə halları 6.1.10.1-6.1.10.3-cü yarım bəndlərdə nəzərdə tutulmuşdur. Bununla belə göndərişi vermiş tibb müəssisəsi qoyulmuş diaqnozun qeyd olunan yarımbəndlərdən hansının əhatə dairəsinə düşməsini əsaslandıra bilmir. M21 XBT kodunda qeyd edilmiş (Ətrafların digər qazanılma deformasiyaları) diaqnozu isə istinad olunan “Meyar”lara Əlavənin 13.3.8-ci (bazu sümüyünün psevdoartrozu: qeyri-stabil) bəndinə nəzərdə tutulmuşdur ki, sözügedən diaqnoza münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 1 il müddətinə 40 % həddində müəyyən edilmişdir. Odur ki, iddia qismən təmin edilməli cavabdeh orqanın üzərində iddiaçıya xx.xx.2024-cü il tarixdən müddətsiz OFP-nin birinci dərəcəli məhdudlaşma halının (40%) müəyyən edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə OFP-nin birinci dərəcəli məhdudlaşma halının (40%) müəyyən edilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-860/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-860/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver