Məhkəmə qərarları › İş №2-1(116)-861/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-861/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-861/2021 14.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "35 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2004-cü ildə ərizə ilə Zərdab Bələdiyyəsinə müraciət edərək, ona mağaza tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi Zərdab Bələdiyyəsinə 10.03.2004-cü il tarixli 14 nömrəli rəy verərək, şəhərin 14-cü məhəlləsindən S.Abdullayev küçəsi istiqamətində olan ərazidən 28 kv.m torpaq sahəsinin mağaza tikintisi üçün İddiaçı satılmasının məqsədəuyğun olduğunu bildirmişdir. Bundan sonra Zərdab Bələdiyyəsinin sədri tərəfindən "Zərdab şəhər sakini İddiaçı mağaza tikintisi üçün ayrılmış torpaq sahəsinin sxemi" adlı sənəd tərtib olunmuş və Bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. İddiaçı da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq şəhərin 14-cü məhəlləsindən S.Abdullayev küçəsi istiqamətində olan ərazidən 28 kv.m torpaq sahəsi seçilmiş, bu barədə 19.02.2004-cü il tarixli akt tərtib edilmişdir. Zərdab Bələdiyyəsinin 30.03.2004-cü il tarixli 04 nömrəli qərarı ilə şəhərin 14cü məhəlləsindən S.Abdullayev küçəsi istiqamətində olan ərazidən 28 kv.m torpaq sahəsinin dəyəri ödənilməklə mağaza tikmək üçün İddiaçı ayrılması qərara alınmışdır. İddiaçı tərəfindən Zərdab Bələdiyyəsinin bank hesabına 30.03.2004-cü ildə 140000 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən İddiaçı adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 28 kv.m, faktiki sahə 35.4 kv.m göstərilmiş, mağazanın tikildiyi il kimi isə 2004cü il qeyd olunmuşdur. İddiaçı bir neçə dəfə cavabdehə ərizə ilə müraciət edərək, S.Abdullayev küçəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasına dair texniki pasportun bazada tanıdılmasını və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, cavabdeh bir neçə dəfə bundan imtina edərək sonuncu 12.03.2021-ci il tarixli **********34 nömrəli məktubunda bildirmişdir ki, S.Abdullayev küçəsində yerləşən qeyri-yaşayış binasına dair 2004cü il tarixdə tərtib edilmiş texniki pasport İdarənin arxivində mövcud deyil, eyni zamanda, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Zərdab Bələdiyyəsinin 30.03.2004-cü il tarixli 04 nömrəli qərarına əsasən ayrılmasına baxmayaraq, elektron baza məlumatlarında həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Bundan başqa, sözügedən qeyri-yaşayış binasına dair hüquq müəyyənedici və texniki sənədlər təqdim edildikdən sonra torpaq sahəsinin dövlət mülkiyyətində olduğu qeyd edilməklə qeyri-yaşayış binasına çıxarış və texniki pasportun verilməsi məsələsinə baxılacaqdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "cavabdehin Zərdab Bələdiyyəsinin 30.03.2004-cü il tarixli 04 nömrəli qərarı ilə ona dəyəri ödənilməklə mağaza tikintisi üçün Zərdab şəhərinin 14-cü məhəlləsindən S.Abdullayev küçəsi istiqamətindən verilmiş 35,0 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın qanunsuz hesab edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, torpaq sahəsinə dair bütün sənədlər qaydasında olmaqla 2004-cü ilin noyabr ayında Texniki pasport verilmişdir. Lakin cavabdehə bir neçə dəfə müraciət etsə də, həmin torpaq sahəsinə və torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə çıxarış ala bilməmişdir. Bu da onun qeyri-yaşayış sahəsinə olan hüquqlarını məhdudlaşdırır. Bundan sonra iddiaçı məhkəməyə 25.05.2021-ci ildə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək 35 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 01.06.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi 11.06.2021-ci il tarixli **********64 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq isə bildirmişdir ki, iddia ərizəsində torpaq sahəsinin ölçüsünün 35 kv.m kimi qeyd olunmasına baxmayaraq, Zərdab Bələdiyyəsinin 30.03.2004-cü il tarixli 04 nömrəli qərarında 28 kv.m torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlmədiyinə, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi Zərdab Bələdiyyəsinə 10.03.2004-cü il tarixli 14 nömrəli rəyindən görünür ki, həmin şöbə şəhərin 14-cü məhəlləsindən S.Abdullayev küçəsi istiqamətində olan ərazidən 28 kv.m torpaq sahəsinin mağaza tikintisi üçün İddiaçı satılmasına etiraz etməmişdir. - İşdə olan, Zərdab Bələdiyyəsinin 30.03.2004-cü il tarixli 04 nömrəli qərarından çıxarışdan görünür ki, şəhərin 14-cü məhəlləsindən S.Abdullayev küçəsi istiqamətində olan ərazidən 28 kv.m torpaq sahəsinin dəyəri ödənilməklə mağaza tikmək üçün İddiaçı ayrılması qərara alınmışdır. - İşdə olan, 30.03.2004-cü il tarixli 188566 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 28 kv.m torpaq sahəsi almaq üçün Zərdab Bələdiyyəsinin bank hesabına 140.000 manat məbləğində pul ödənilmişdir. - İşdə olan, noyabr 2004-cü il tarixli Texniki pasportdan görünür ki, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 28 kv.m, faktiki sahə 35.4 kv.m göstərilmiş, mağazanın tikildiyi il kimi isə 2004-cü il qeyd olunmuşdur. - İşdə olan, cavabdehin 12.03.2021-ci il tarixli **********34 nömrəli imtina məktubundan görünür ki, S.Abdullayev küçəsində yerləşən qeyri-yaşayış binasına dair 2004-cü il tarixdə tərtib edilmiş texniki pasport İdarənin arxivində mövcud olmadığı, eyni zamanda qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Zərdab Bələdiyyəsinin 30.03.2004-cü il tarixli 04 nömrəli qərarına əsasən ayrılmasına baxmayaraq, elektron baza məlumatlarında həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Bundan başqa, sözügedən qeyriyaşayış binasına dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edildikdən sonra torpaq sahəsinin dövlət mülkiyyətində olduğu qeyd edilməklə qeyri-yaşayış binasına çıxarış və texniki pasportun verilməsi məsələsinə baxılacaqdır. - İşdə olan, Zərdab Rayon İcra Hakimiyyəti başçısının 22.06.2021-ci il tarixli 01/745 nömrəli məktubundan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə ayrılmış 35 kv.m torpaq sahəsində 2004-cü ildə inşa edilmiş qeyri-yaşayış obyektinin tikintisinə icazəsi barədə sərəncam, istismara qəbul aktı (və ya istismara icazə aktı) və Zərdab Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə sənədləri olmamışdır. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11.08.2021-ci il tarixli **********53 nömrəli məktubundan görünür ki, döngə nöqtələrinin koordinatları qeyd edilən 0,0035 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətindədir. Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqlarına aid olan parklar və stadionlar ərazisidir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İşdən göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: - 35 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; - həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması. Cavabdeh qeydiyyat aparmaqdan imtinasını və iddiaya qarşı etirazını aşağıda göstərilən iki dəlillə əsaslandırmışdır: 1) Sözügedən torpaq sahəsinin elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid olduğunun müəyyən edilməsi, eyni zamanda torpaq sahəsinin ölçüsünün 35 kv.m kimi qeyd olunmasına baxmayaraq, Zərdab Bələdiyyəsinin 30.03.2004-cü il tarixli 04 nömrəli qərarında 28 kv.m torpaq sahəsinin ayrılması; 2) Qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilən sənədlərin vətəndaşın ərizəsinə əlavə olunmaması. Məhkəmə iddianın birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin normaya görə, torpaq sahəsinin satılması barədə bələdiyyə qərarı mülkiyyət hüququnun qeydiyyatı üçün o halda əsas hesab edilir ki, həmin qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş olsun. Bələdiyyə qərarının qanuniliyini şərtləndirən hallardan biri də odur ki, bələdiyyə yalnız özünə məxsus olan torpaq sahəsini sata bilər. Lakin məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ediıərək alınmış 11.08.2021-ci il tarixli **********53 nömrəli məktubla müəyyən edildi ki, 0,0035 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətindədir, həmin torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqlarına aid olan parklar və stadionlar ərazisidir. Belə olan halda, Zərdab Bələdiyyəsinin sözügedən qərarı qanunla müəyyən olunmuş qaydada qəbul edilmiş qərar kimi qiymətləndirilə və torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verə bilməz. Zərdab Bələdiyyəsinin qərarı 28 kv.m torpaq sahəsi ilə bağlı olduğu halda, iddiaçı 35 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Müəyyən edildi ki, qalan 7 kv.m (35-28=7 kv.m) torpaq sahəsi ilə bağlı iddiaçının, ümumiyyətlə, heç bir sənədi yoxdur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, dövlət mülkiyyətində olan torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. İddianın qeyri-yaşayış sahəsinə aid hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinin mənasına görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binaları üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,

2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə,

3. müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı,

4. istismara qəbul aktı. ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci bəndində müəyyən edilmişdir ki, həmin Qanunun 8.0.9.2-ci maddəsində (hər iki halda) "müvafiq icra hakimiyyəti orqanı" dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Deməli, qeyri-yaşayış binasına iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçı cavabdehə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, yerli icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarını və istismara qəbul aktını təqdim etməlidir. Lakin müəyyən edildi ki, tələb olunan sənədlərin heç biri mövcud deyil. Məhkəmənin 04.05.2021-ci il tarixli sərəncamı ilə iddiaçıya qeyri-yaşayış binasının tikilməsinə və istismara qəbuluna dair sənədləri 10 gün müddətində məhkəməyə təqdim etməsi təklif olunsa da, iddiaçı məhkəməyə bina ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Eyni zamanda, Zərdab Rayon İcra Hakimiyyəti məhkəmənin sorğusuna 22.06.2021-ci il tarixli 01/745 nömrəli cavab məktubunda bildirmişdir ki, İddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə ayrılmış 35 kv.m torpaq sahəsində 2004-cü ildə inşa edilmiş qeyri-yaşayış obyektinin tikintisinə icazəsi barədə sərəncam, istismara qəbul aktı (və ya istismara icazə aktı) və Zərdab Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə sənədləri olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsində deyilir ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh torpaq sahəsinə və torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur, ona görə də iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "35 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar