Məhkəmə qərarları › İş №2-1(116)-861/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-861/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-861/2022 29.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 17 saylı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri, F.Əzimov küçəsi ev 3-B, mənzil 9 ünvanında yerləşən mənzilin onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Mingəçevir şəhəri, F.Əzimov küçəsi ev 3-B, mənzil 9 ünvanında yerləşən mənzilin mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, o, 01 avqust 1960-cı ildə Ucar rayonu, Lək kəndində anadan olmuşdur. Hazırda Mingəçevir şəhərində ailə üzvləri ilə birgə yaşayır. 1989-cu ilin 30 sentyabr tarixində “Kavkaz-enerqomontaj” Bakı Quraşdırma İdarəsinin MKD-2-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin ümumbirgə iclasının 51 nömrəli Protokolu əsasında xidməti mənzil kimi ünvan 2 ünvanında yerləşən mənzil onun istifadəsinə verilmişdir. Həmin vaxtdan bu günə qədər, konkret olaraq, 33 ildir ki, o və ailə üzvləri həmin mənzildə yaşayırlar, həmin mənzil faktiki olaraq onun mülkiyyətindədir. 19 may 2003-cü ildə həmin mənzillə bağlı Mingəçevir Şəhəri MKTK MİS-1 və onun arasında mənzil kirayəsi müqaviləsi bağlanmışdır. 2021-ci ilin dekabr ayında o, öz mənzilini dövlət qeydiyyatına almaq və faktiki olaraq 33 ildən çox istifadəsində olan yaşayış sahəsinə Çıxarış almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabeh orqan, mənzilin xidməti olduğunu bildirərək özəlləşdirilməsinin mümkün olmamasını bildirmişdir. Buna görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, sözügedən mənzil xidməti mənzildir və mənzilə dair tərtib edilmiş order xidməti orderdir. Xidməti mənzillərin özəlləşdirilməsi qanunvericiliklə qadağan edildiyindən iddiaçının müraciəti təmin edilməmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş, Mənzil Kommunal Təsərrüfatı Kombinatının xx.xx.2022-ci il tarixli 158 №-li məktubundan görünür ki, Mingəçevir şəhəri F.Əzimov küçəsi 3B saylı binada yerləşən 9 saylı mənzil xidməti mənzil olmaqla Mingəçevir şəhər İcra Hakimiyyətinin balansındadır. - Mənzil Kommunal Təsərrüfatı Kombinatının 2 saylı MİS-nin xx.xx.2022-ci il tarixli 51 №-li arayışından və xx.xx.2022-ci il tarixli ******* №-li “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, iddiaçı (5 nəfər ailə üzvü ilə birlikdə) xx.xx.1989-cu il tarixdən ünvan 3 ünvanda qeydiyyatdadır. - iddiaçı ilə icarədar 1 saylı MİS arasında xx.xx.2003-cü il tarixdə bağlanmış kirayə müqaviləsindən görünür ki, kirayəçi öz mənzil sahəsini təşkilatın işçisinə təqdim etmiş, kirayənişin vaxtlı-vaxtında mənzilin kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - “Kavkaz-enerqomontaj” Bakı Quraşdırma İdarəsinin MKD-2-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin ümumbirgə iclasının 51 nömrəli protokolundan görünür ki, sözgedən mənzil iddiaçıya xidməti mənzil olaraq ayrılmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Lakin, iddia əsassızdır. İddiaçının mübahisə açdığı mənzilin Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən ona xidməti mənzil olaraq verilməsi tam sübuta yetirildiyindən, iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanaraq mənzili xx.xx.2003-cü il tarixli kirayə müqaviləsi əsasında özəlləşdirmək hüququ yoxdur. Belə ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun vətəndaşlara 01 oktyabr 2009-cu il tarixdən sonra bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. İddiaçıya dövlət mənzil fonduna aid xüsusi təyinatlı (xidməti) mənzil 01 oktyabr 2009-cu il tarixədək (xx.xx.1989-cu il tarixdə) verilmişdir. 01 oktyabr 2009-cu il tarixədək dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin, 01 oktyabr 2009cu il tarixindən sonra da dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüquqları qalmışdır. İddiaçının isə 01 oktyabr 2009-cu il tarixədək də, həmin mənzili özəlləşdirmək hüququ olmamışdır. Odur ki, xx.xx.2003-cü il tarixli kirayə müqaviləsi sözügedən mənzilin reyestrdə mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmasına əsas verən sənəd kimi qəbul edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli, 463 nömrəli Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Odur ki, xidməti mənzilərin özəlləşdirilməsi qanunvericiliklə birbaşa qadağan edildiyindən və iddiaçının 1 oktyabr 2009-cu il tarixədək həmin mənzili özəlləşdirmək hüququ olmadığı kimi, həmin tarixdən sonra da Mingəçevir şəhəri F.Əzimov küçəsi ev 3B, mənzil 9 ünvanında yerləşən mənzili özəlləşdirmək hüququ yaranmadığından “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadla özəlləşdirmə qaydasında mənzilə mülkiyyət hüququna dair çıxarış almaq hüququ olmamışdır. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün hüquqi əsaslar mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 17 saylı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar