Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-863/2021 14.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki bələdiyyəsinin 31.05.2006-cı il tarixli 12 saylı iclasının 63 nömrəli qərarına əsasən onun ərizəsi, Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Tikinti və memarlıq şöbəsinin 06.09.2006-cı il tarixli 13/1671 saylı və DTXK-nın Şəki şöbəsinin 09.10.2006-cı il tarixli 2144 saylı rəyləri nəzərə alınaraq şəhərin 120-ci kvartalında verilmiş 0,06 hektar torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Şəki bələdiyyəsi) məhkəməyə müraciət edərək, Şəki Bələdiyyəsinin 31.05.2006-cı il tarixli 12 saylı iclasının 63 nömrəli qərarına əsasən onun ərizəsi, Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Tikinti və memarlıq şöbəsinin 06.09.2006-cı il tarixli 13/1671 saylı və DTXK Şəki şöbəsinin 09.10.2006-cı il tarixli 2144 saylı rəyləri nəzərə alınaraq şəhərin 120-ci kvartalında verilmiş 0,06 hektar torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ərizə ilə Şəki şəhər bələdiyyəsinə müraciət edərk, fərdi yaşayış evi tikmək üçün bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən ona satılmasına razılıq verilməsini xahiş etmişdir. Şəki bələdiyyəsinin 31.05.2006-cı il tarixli, 12 saylı iclasının 63 nömrəli qərarına əsasən onun ərizəsi, Şəki şəhər İcra Hakimiyyəti Başçısı aparatının Tikinti və Memarlıq şöbəsinin 06.09.2006-cı il tarixli 13/1671 saylı, DTXK Şəki şöbəsinin 09.10.2006-cı il tarixli, 2144 saylı rəyləri nəzərə alınaraq, Şəki şəhərinin 120-ci kvartalndan 0,06 hektar həyətyanı torpaq sahəsinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsi ilə bağlı dövlət rüsumunu ödəmişdir. Həmçinin, ona satılmalı olan torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı tərtib edilmiş və həmin akt zəruri olan bütün idarələr tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Lakin, bunlara baxmayaraq iddiaçı uzun müddətdir ki, aldığı və istifadəsin olduğu həmin torpaq sahəsini adına qeydiyyata aldıra bilməmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, tələbindən imtina edilmişdir. Cavabdehin X4 ünvanlanmış 18.03.2021-ci il tarixli **********29 nömrəli imtina məktubunda göstərilmişdir ki, Şəki bələdiyyəsinin 31.10.2006-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı ayrılan 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 04.03.2021-ci il tarixli R.Əliyevin müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsində baxılmışdır. Bildirilmişdir ki, torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin redaksiyasına əsasən “Torpaqların alqı-satqısına dair akt” tərtib olunmalı idi ("Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1-ci bəndinə əsasən “Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir”). Təqdim olunan sənədlərə əsaən aparılmış araşdırma zamanı sənədlər toplusunda “Torpaqların alqı-satqısına dair akt”ın olmadığı müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfindən iddiaçıya məxsus ********** nömrəli telefonla əlaqə saxlanılmış, iddiaçı məhkəmə iclası barədə məlumatının olduğunu, lakin hər hansı iddia ilə məhkəməyə müraciət etmədiyini, iddia ərizəsini imzalamadığını, bir neçə il əvvəl torpaq sahəsini maklerə (vasitəçiyə) satığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən imzalanmamış iddianın mümkün sayılmamasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 24.08.2016-cı il tarixli notariat qaydada təsdiq edilmiş etibarnaməyə əsasən müəyyən edilmişdir ki, İddiaçı X4 etibarnamə verməklə Şəki şəhəri 120-ci kvartal ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə lazımi sənədləri toplamağı, ərazi idarəsindən adına 1 nömrəli forma və çıxarış almağı, o cümlədən sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar iddiaçının adından ərizə verməyi və digər hərəkətləri etməyi sonuncuya etibar etmişdir. İddia ərizəsinə əlavə edilmiş Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 4-də yaşayan X2 ərizəsində göstərilmişdir ki, M.Yunusova həyat yoldaşı İddiaçı adına olan torpaq sahəsinin satılmasına etiraz etmir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətində olan iddiaçıya məxsus imza ilə iddia ərizəsində olan imza müqayisə edilərkən aşkar şəkildə görünür ki, imzalar bir-birindən fərqlənir. İddiaçının məhkəməyə vermiş olduğu məlumatı nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsinin İddiaçı tərəfindən imzalanıb imzalanmadığının müəyyən edilməsi üçün heç bir əlavə araşdırma aparılmasına zərurət yoxdur. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – “İPM”) 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər öz əksini tapmışdır. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, İPM-in 1.2ci maddəsindən göndərişlə, hazırkı iş üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) müddəalarının tətbiq olunması yolveriləndir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prossesual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin qəti şəkildə təsbit olunması iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, hazırkı iş üzrə iddia ərizəsindəki imzanın iddiaçıya aid olmadığının müəyyən edilməsi məhkəməyə iddia ərizəsinin faktiki olaraq səlahiyyətli şəxs tərəfindən imzalanmaması qənaətinə gəlməyə əsas verir. Bu isə həm də hazırki iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunu istisna edir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddia ərizəsi faktiki olaraq İddiaçı və ya onun qanunun tələblərinə müvafiq şəkildə səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Sözügedən Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iradəsini ifadə etməyən, onun tərəfindən irəli sürülmədiyi iş materialları ilə sübut olunan hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki bələdiyyəsinin 31.05.2006-cı il tarixli 12 saylı iclasının 63 nömrəli qərarına əsasən onun ərizəsi, Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Tikinti və memarlıq şöbəsinin 06.09.2006-cı il tarixli 13/1671 saylı və DTXK-nın Şəki şöbəsinin 09.10.2006-cı il tarixli 2144 saylı rəyləri nəzərə alınaraq şəhərin 120-ci kvartalında verilmiş 0,06 hektar torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-863/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-863/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver