Məhkəmə qərarları › İş №2-1(116)-865/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-865/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-865/2021 26.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “05.08.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 05.08.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi 28.04.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli 2(046)-14/2019 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər X7, İddiaçı və X8 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək, 25.12.2012-ci il tarixli 26R000001877 saylı kredit razılaşması üzrə 18.334,08 ABŞ dolları əsas, 16.515,40 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 35.849,48 ABŞ dolları məbləğdə pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının X2 tutulub "xxxx" QSC-yə ödənilməsi, ilk iddia tələbinin cavabdehlər İddiaçı, X9 və X8 münasibətdə və qalan hissədə təmin edilməməsi, iddiaçılar X5, İddiaçı və X6 cavabdehlər "xxxx" QSC-yə, Göyçay rayon Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı “ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş ilkin iddia üzrə 30 manat dövlət rüsumunun 5 manatının "xxxx" QSC-yə aid edilməsi, 25 manatının X2 tutulub "xxxx" QSC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçılara aid edilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının X2 tutularaq "xxxx" QSC-yə ödənilməsi, iş üzrə 400 manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 40 manatının "xxxx" QSC-dən, 360 manatının X2 tutularaq Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)- 3156/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(046)-14/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)- 3156/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC tərəfindən kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, 24 iyul 2009-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış 27 iyul 2009-cu il və 05 avqust 2009-cu il tarixli ipoteka müqavilələrində zəruri şərtlər göstərilmədiyindən və sonradan "xxxx" QSC ilə X10 arasında bağlanmış 25 dekabr 2012-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair 21.03.2013-cü il tarixli 1877 sayl saziş üzrə cavabdeh-ipoteka qoyanlar X6 və İddiaçı razılığı alınmadığından ipoteka müqavilələr bağlanmamış hesab edilməlidir. Ona görə də, ilk iddia tələbinin cavabdehlər İddiaçı, X9 və X8 münasibətdə və X9 və İddiaçı məxsus fərdi yaşayış evlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun X2, X3, İddiaçı və X4 ümumi qaydada tutulması, fərdi yaşayış evlərinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və onların həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılaraq alıcıya təhvil verilməsi təmin ediməməlidir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə "xxxx" QSC ilə X10 arasında bağlanmış 25 dekabr 2012-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair 21.03.2013-cü il tarixli 1877 saylı saziş üzrə cavabdeh - ipoteka qoyanlar X6 və İddiaçı razılığı alınmaması səbəbindən ipoteka müqavilələri bağlanmamış hesab edildiyi üçün, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ipoteka müqavilələri əsasında yüklü edilmiş daşınmaz əmlaklar girovdan azad edilməlidir. Cavabdehin iddiaçı tərəfindən 14.06.2021-ci il tarixli ərizə ilə məhkəməyə təqdim edilmiş 04.06.2021-ci il tarixli **********23 nömrəli məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 20.4-cü maddəsinə əsasən İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi məqsədə müvafiqdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 2(046)-14/2019 nömrəli iş üzrə icraat çərçivəsində X10 ilə birgə ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin iş üzrə 05.08.2019-cu il tarixli qətnaməsi ilə “X5, İddiaçı cavabdehlər "xxxx" QSC-yə, Göyçay rayon Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin olunmaması” qərara alınmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, "xxxx" QSC-nin apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-3156/2019 nömrəli iş üzrə 26.11.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçıların qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsindən apellyasiya şikayəti verməmələri onların birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşması deməkdir. "xxxx" QSC qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 16.06.2020-ci il tarixli 2(102)-2350/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə aktlarının nəticə hissəsindən də göründüyü kimi, hər üç instnasiya məhkəməsində işə baxılmış, ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair İddiaçı tələbi təmin edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya 05.10.2021-ci il tarixli yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Belə ki, iddianın məzmunundan da göründüyü kimi, iddia tələbi iddiaçı ilə "xxxx" QSC-nin Mingəçevir filialı arasında bağlanmış 05.08.2009-cu il tarixli 15M000000132 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə əsaslandırılır. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ipoteka müqaviləsinin etibarsız hesab edildiyini əsaslandırmaq üçün istinad edilən Göyçay Rayon Məhkəməsinin 2(046)-14/2019 nömrəli iş üzrə 05.08.2019-cu il tarixli qətnaməsi ilə X5, İddiaçı cavabdehlər "xxxx" QSCyə, Göyçay rayon Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi təmin olunmamışdır. X12 Məhkəməsinin 2(107)-3165/2019 nömrəli iş üzrə 26.11.2019-cu il tarixli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli qətnaməsi, AR Ali Məhkəməsinin 2(102)-2350/2020 nömrəli iş üzrə 16.06.2020-ci il tarixli qərarı ilə isə Şəki Apellyasiya Məhkəməsinin 26.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin imtinası da yüklülüyün məhz həmin ipoteka müqaviləsinə əsaslanması və müqavilənin qüvvədə olması ilə bağlı olmuşdur. Odur ki, iddiaçı arzuladığı məqsədə müvafiq ipoteka müqaviləsinin ləğvini və ya etibarsızlığını mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə tələb etməklə nail ola bilər. Həmin ipoteka müqaviləsinin qüvvədən düşəcəyi təqdirdə, hazırkı iddia ilə məhkəməyə müraciət etmək zərurəti olmadan əmlak üzərindən yüklülüyün götürülməsi məsələsi öz həllini tapacaqdır. Həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, öhdəliyin icrası növündə iddia ilə məhkəməyə müraciət etməzdən öncə cavabdehə eyni tələblə müraciət edilərək, yalnız müvafiq imtina cavabı alındıqdan sonra məhkəməyə iddia ilə müraciət edilməsi yolveriləndir. İş materiallarından görünür ki, təqdim edilmiş imtina cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edildiyi 28.04.2021-ci il tarixdən sonraya, yəni 04.06.2021-ci il tarixə aid olmuşdur. İddiaya öhdəliyin icrası haqqında iddia mövqeyindən baxılarsa qeyd olunmalıdır ki, İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Normanın tələbindən də göründüyü kimi, qanunverici iddiaçıya cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan istənilən hərəkəti deyil, yalnız inzibati orqan olan cavabdehin üzərinə vəzifə kimi qoyulmuş və səlahiyyətləri daxilində icra etməli olduğu, lakin icra etmədiyi öhdəliklərin qoyulmasını tələb etmək hüququnu vermişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Hazırkı mübahisənin mahiyyətindən də göründüyü kimi, mübahisəli əmlakın yüklü edilməsi iddiaçı ilə üçüncü şəxs arasında yaranmış mülki hüquq münasibətlərindən irəli gələn ipoteka müqaviləsinə əsaslanır ki, həmin müqavilənin etibarsızlığına dair tələb məhkəmə tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin qərarın 3.4-cü bəndinə görə birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə məhkəmə tərəfindən iddiaçının dinlənilmək hüququ təmin edilmişdir. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, mülki hüquq münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi məqsədilə müvafiq tələblə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “05.08.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar