Məhkəmə qərarları › İş №2-1(116)-866/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-866/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-866/2021 12.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhərində mülkiyyətinə verilmiş KOD 90101002 JN-7122A saylı 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhərində mülkiyyətinə verilmiş KOD 90101002 JN-7122A saylı 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhərində 0.06 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi və həmin dövrdə mövcud olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin müdiri M.Mustafayev və Dövlət Yerquruluşu layihə institutunun nümayəndəsi F.Cəfərovun imzası ilə 28.03.2006-cı il tarixdə KOD 90101002, JN-7122A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təqdim edilməsi ilə əsaslandırmışdır. İddiaçı Yevlax şəhərində yerlşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona bildirilmişdir ki, Yevlax şəhərinin elektron xəritə bazasında JN-7122A saylı torpaq sahəsi öz əksini tapmamışdır. Buna görə də müraciətin təmin edilməsindən imtina edilmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhərində 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi iddia tələbinə etirazını Yevlax şəhərinin elektron xəritə bazasında (DWJ) JN-7122A saylı torpaq sahəsinin öz əksini tapmaması, elektron adlı siyahıda və Yevlax şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında İddiaçı adına JN-7122A nömrəli şəhadətnamənin olmaması ilə əsaslandırmış, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı, - X3 adına tərtib edilmiş JN-7122A, KOD 90101002 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, - İddiaçı adına tərtib edilmiş JN-7122A, KOD 90101002 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əsli, - Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabında JN- 7122A, kod 90101002 nömrəli şəhadətnamənin qeyd olunduğu vərəqənin surəti, - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.08.2021-ci il tarixli 5/816 №-li ekspert rəyi və ekspertiza xərclərinə dair bildiriş, - X1 adına tərtib edilmiş JN-5954A, KOD 90101002 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, - DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 23.04.2021-ci il tarixli imtina məktubu, - ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.06.2021-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştiraklarını mümkünsüz edən üzürlü səbəblər barədə sübutlar təqdim etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İş materiallarına əlavə edilmiş, Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli qərarından görünür ki, müvafiq qərarda Yevlax şəhərinin inzibati ərazisi daxilində dövlət mülkiyyətində qalan, xüsusi mülkiyyətə verilən torpaqlar çıxmaqla yerdə qalan torpaqların Yevlax bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmin ünvanda yerləşən, vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi, təsdiq edilmiş sənədlərin və vətəndaşların siyahısının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, X3 adına tərtib edilmiş JN-7122A, KOD 90101002 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, müvafiq şəhadətnamə Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı ilə verilmişdir. İş materiallarına əlavə edilmiş, İddiaçı adına tərtib edilmiş JN-7122A, KOD 90101002 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əslindən görünür ki, müvafiq şəhadətnamədə 0.06 ha torpaq sahəsinin Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı ilə iddiaçıya verilməsi və 7122 nömrə ilə kitabda qeydə alınması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin qeydiyyatı kitabında JN-7122A, kod 90101002 nömrəli şəhadətnamənin qeyd olunduğu vərəqənin surətindən görünür ki, JN-7122 qeydiyyat nömrəsi ilə şəhadətnamələrin qeydiyyatı kitabında X3 adına qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.08.2021-ci il tarixli 5/816 №-li ekspert rəyindən və ekspertiza xərclərinə dair bildirişdən görünür ki, rəyin “tədqiqatın nəticəsi” hissəsində aşağıdakılar qeyd edilmişdir: tədqiqata təqdim edilmiş, İddiaçı adına JN-7122A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü və 4-cü vərəqələrində olan möhür əksləri relyef klişe vasitəsilə sənədə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş, İddiaçı adına JN-7122A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü və 4-cü vərəqələrindəki “M.Mustafayev” sözünün qarşısındakı imza hər hansı bir sənəddən texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Aparılmış tədqiqatın dəyəri 62 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, X1 adına tərtib edilmiş JN-5954A, KOD 90101002 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, müvafiq şəhadətnamədə JN-7122A nömrəli torpaq sahəsi qonşu torpaq sahəsi olaraq əks olunmayıb. İş materiallarına əlavə edilmiş, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 23.04.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.06.2021-ci il tarixli məktubundan görünür ki, Yevlax şəhərinin həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısında İddiaçı adı aşkar edilməmişdir. İddia ərizəsinin “xahiş edirəm” hissəsində iddiaçı “Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhərində 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etsə də” iddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Yevlax şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından və hazırki iş üzrə iddiaçının hüquqi marağını müəyyən etmək mümkün olduğundan, məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxa bilmişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia tələbinin əsassız olması onunla bağlıdır ki, iş materialları ilə Yevlax rayon AİKnın 17.02.2006-cı il tarixli 10 saylı qərarı ilə iddiaçıya Yevlax şəhərində 0.06 ha torpaq sahəsinin ayrılması sübuta yetirilmir. Belə ki, Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 saylı qərarının məzmunundan göründüyü kimi həmin qərarda konkret olaraq torpaq payı ayrılmış subyektlərin adı qeyd olunmamış və ümumi olaraq Yevlax şəhərinin inzibati ərazisi daxilində dövlət mülkiyyətində qalan, xüsusi mülkiyyətə verilən torpaqlar çıxmaqla yerdə qalan torpaqların Yevlax bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmin ünvanda yerləşən, vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi, təsdiq edilmiş sənədlərin və vətəndaşların siyahısının Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilməsi qərara alınmışdır. Yəni, özlüyündə həmin qərar iddiaçıya torpaq sahəsinin ayrılmasını iddia etməyə əsas vermir. İddiaçının adı, həyətyanı torpaq sahələri qanuni istifadələrində olan vətəndaşların siyahısında olduğu halda, o, müvafiq qərara istinad edə və torpaq sahəsi üzrə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilərdi. Belə ki, istinad olunan qərar məhz həmin siyahıları təsdiq etmiş və həmin siyahıda adları olan şəxslərə münasibətdə sənədləşmə işlərinin aparılmasını nəzərdə tutmuşdur. İş materiallarından isə görünür ki, ümumiyyətlə Yevlax şəhərinin həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısında iddiaçının adı yoxdur. İddiaçının sübut qismində əslini məhkəməyə təqdim etdiyi JN-7122A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə müvafiq şəhadətnamənin 7122 nömrə ilə kitabda qeydə alınması qeyd olunsa da, Məhkəmənin sorğusu əsasında ƏMDX tərəfindən təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin qeydiyyatı kitabından çıxarışda 7122 nömrə ilə qeydiyyatın X4 münasibətdə (0.05 ha torpaq sahəsi üzrə) aparılması aşkar edilmişdir. İşdə olan X4 aid JN-7122A, KOD 90101002 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən də görünür ki, Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı əsasında 7122 nömrə ilə qeydiyyata alınmış şəhadətnamə, əslində X4 münasibətdə tərtib edilmişdir. Digər tərəfdən iddiaçının adına tərtib edilmiş JN-7122A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qonşu torpaq sahələrindən biri olaraq 5954A qeyd olunmasına baxmayaraq, JN-5954A nömrəli şəhadətnamədə JN- 7122A nömrəli torpaq sahəsi qonşu torpaq sahəsi olaraq əks olunmamışdır. İddiaçının adına tərtib edilmiş JN-7122A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin saxtalaşdırılaraq tərtib edilməsi iş üzrə təyin edilmiş məhkəmə-texniki ekspertizasının rəyi ilə də sübut olunur. Belə ki, rəyin “tədqiqatın nəticəsi” hissəsində iddiaçıya məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü və 4-cü vərəqələrindəki “M.Mustafayev” sözünün qarşısındakı imzanın hər hansı bir sənəddən texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülməsi və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilməsi müəyyən edildiyindən müvafiq şəhadətnamə iş üzrə mötəbər sənəd kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz. Məhkəmə, 18.08.2021-ci il tarixli 5/816 №-li ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edərək bu qənaətə gəlir ki, müvafiq rəy işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə zidiyyət təşkil etmədiyindən iş üzrə sübut qismində qəbul edilməlidir. Beləliklə, iddiaçıya Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhərində 0.06 ha torpaq sahəsinin ayrılması iş üzrə yuxarıda qeyd edilmiş sübutlarla təkzib olunduğundan, 7122 nömrə ilə qeydiyyata alınmış şəhadətnamə isə X4 aid olduğundan, təqdim edilmiş JN-7122A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin saxtalaşdırılması müvafiq ekspert rəy ilə sübut olunduğundan iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh inzibati orqanın hərəkətləri qanunauyğun olmuşdur, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmamışdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhərində mülkiyyətinə verilmiş KOD 90101002 JN-7122A saylı 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmir. Ekspertiza xərci iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 62 (altmış iki) manat pul məbləği İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar