Məhkəmə qərarları › İş №2-1(116)-869/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-869/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-869/2023 13.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı “İddiaçı məxsus olan doğum haqqında akt qeydində düzəliş edilərək, “Bəşirov” kimi yazılmış soyadının “Baloğlanov” kimi, “Əlbəşir” kimi yazılmış ata adının “Albəşir” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İddiaçı məxsus olan doğum haqqında akt qeydində düzəliş edilərək, “Bəşirov” kimi yazılmış soyadının “Baloğlanov” kimi, “Əlbəşir” kimi yazılmış ata adının “Albəşir” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx.xx.1956-cı ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. X1, anası isə X2r. Doğum haqqında şəhadətnaməsində soyadı “Bəşirov”, ata adı “Əlbəşir” kimi yazılsa da bütün digər sənədlərində (şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamədə, uşaqların doğum haqqında şəhadətnamələrində və sair sənədlərində) soyadı “Baloğlanov” ata adı isə “Albəşir” kimi yazılmışdır. İddiaçı doğum haqqında akt qeydinə düzəliş edilərək yeni verilməsi üçün müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “Baloğlanov”, ata adı isə “Albəşir” kimi qeyd olunmuşdur. - cavabdehin xx.xx.2022-ci il tarixli 05/Q-501 nömrəli məktubundan və xx.xx.2022-ci il 1751 arayışdan görünür ki, Cavabdeh arxivində Ağdaş rayonu Cardam kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1956-cı il tarixdə 52 nömrə ilə qeydə alınmış Ağdaş rayonu Yenicə kəndində xx.xx.1956-cı il tarixdə anadan olmuş X3 doğum haqqında akt qeydi aşkarlanmışdır. Həmin akt qeydində soyadı “Baloğlanov” deyil, ‘Bəşirov”, ata adı “Albəşir” deyil “Əlbəşir” olaraq qeyd olunmuşdur. Həmin akt qeydinin üzərində və ya elektron bazada soyadın və ata adının dəyişilməsi barədə məlumat qeyd olunmamışdır. - xx.xx.1998-ci il tarixli 02 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, iddiaçının atasının soyadı “Bəşirov”, adı “Əlbəşir” kimi qeyd olunmuşdur. - xx.xx.1956-cı il tarixli 52 nömrəli doğum akt qeydindən görünür ki, iddiaçının soyadı “Bəşirov”, adı “Baloğlan”, anası haqqında qeyd qrafasında – X4, xüsusi qeydlər qrafasında uşağın atası “Bəşirov Əlbəşir” qeyd olunmuşdur. - xx.xx.1962-ci il tarixli 17 nömrəli evlənmə haqqında akt qeydindən görünür ki, X6 və X5 arasında nikah bağlanmışdır. - xx.xx.1970-ci il tarixli 127 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X7 xx.xx.1970-cı il tarixdə Ağdam rayonunda anadan olmuşdur. “Ata” qrafasında – X6, “ana” qrafasında – X4 qeyd edilmişdir. - xx.xx.1954-cü il tarixli 64 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Elman Baloğlanov xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Xüsusi qeydlər qrafasında “anasının deməsinə görə uşağın X16dir” qeydi icra edilmişdir. - xx.xx.1954-cü il tarixli 63 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Telman Baloğlanov xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Xüsusi qeydlər qrafasında “anasının deməsinə görə uşağın X16dir” qeydi icra edilmişdir. - xx.xx.1964-cü il tarixli 149 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X11 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. - xx.xx.1962-ci il tarixli 107 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X8 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. - AZ-İ 758056 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş Oqtay Baloğlanovun ata adı “Əlbəşir” qeyd edilmişdir. - Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 2-4139 nömrəli məktubunda əlavə olunmuş fərdi uçot kartoçkasından görünr ki, iddiaçının soyadı “Baloğlanov”, ata adı isə “Albəşir” kimi qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2023-cü il tarixli ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İddia ərizəsinin məzmunundan görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ağdaş rayonu Cardam kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1956-cı il tarixdə 52 nömrə ilə qeydə alınmış doğum akt qeydində düzəliş edilərək soyadının “Baloğlanov”, ata adının “Albəşir” kimi qeyd edilməsinə və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsinə nail olmaqdır. İddiaçının cavabdeh orqana qarşı doğum haqqında akt qeydində soyadının “Bəşirovdan” - “Baloğlanov”a düzəliş edilməsi hissəsində məhkəmə qeyd edir ki, iddiaçı, xx.xx.1956-cı ildə doğularkən valideynləri X6 və X5 arasında nikah bağlanmadığından onun soyadı tək ananın ərizəsinə əsasən qeyd edilməli idi. İşdə olan xx.xx.1962-ci il tarixli 17 nömrəli evlənmə haqqında akt qeydindən görünür ki, iddiaçının anasının nikahadək soyadı “Qəribova” olmuş və nikahdan sonra “Bəşirova” soyadına keçmişdir. Lakin, hər bir halda iddiaçının anasının soyadı “Baloğlanova” olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya məxsus doğum akt qeydinin “xüsusi qeydlər” qrafasında uşağın atası barədə məlumat “Bəşirov Əlbəşir” qeyd edilsə də, ümumiyyətlə sözügedən şəxs barəsində atalığın müəyyən edilməsi haqqında akt qeydi mövcud olmadığından həmin “Bəşirov” soyadının da iddiaçının soyadı olaraq qeyd edilməsi düzgün olmamışdır. İddiaçının soyadının “Baloğlanov” kimi qeyd edilməsi üçün, onun valideynləri nikahda olmayan dövrdə doğulması nəzərə alınaraq anasının soyadı da “Baloğlanova” olmalı və ya atalığın müəyyən edilməsi haqqında akt qeydi mövcud olmalı və bununla bərabər atasının soyadı “Baloğlanov” olmalıdır ki, hazırkı işdə yuxarıda qeyd edilən halların heç biri müəyyən edilmir. İş materiallarında olan, xx.xx.1998-ci il tarixli 02 nömrəli ölüm haqqında akt qeydi, xx.xx.1962-ci il tarixli 17 nömrəli evlənmə haqqında akt qeydi, eyni zamanda nikahdan sonra doğulmuş iddiaçının digər bacı və qardaşlarına aid doğum akt qeydlərindən görünür ki, iddiaçının atası olaraq göstərilmiş “Əlbəşirin” soyadı “Baloğlanov” yox, “Bəşirov” olmuşdur. Odur ki, iddiaçının düzəliş edilməsinə nail olmaq istədiyi “Baloğlanov” soyadı ilə bağlı işdə hər hansı mötəbər sübut olmadığından cavabdeh orqan sözügedən düzəlişin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İddiaçının cavabdeh orqana qarşı doğum haqqında akt qeydində ata adının “Əlbəşirdən” - “Albəşirə”ə düzəliş edilməsi hissəsində məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan hazırkı iş üzrə toplanmış bütün akt qeydlərində iddiaçının atası olaraq göstərilmiş şəxsin adının “Əlbəşir” olduğu müəyyən edilir. Nəzərə alınmalıdır ki, iddiaçı doğularkən valideynləri arasında nikah mövcud olmadığından iddiaçının atası haqqında məlumat qrafası tək ananın göstərişinə görə qeyd edilmişdir. Belə olan halda iddiaçının özü barəsində tərtib edilmiş sənədlərin, yəni atası olaraq qeyd edilmiş şəxsə aid mövcud olan akt qeydlərindən sonra tərtib edilmiş digər sənədlərin məzmununa istinad edərək ilkin akt qeydində ata adının “Albəşir” olaraq qeyd edilməsi ilə bağlı tələbi əsaslı sayıla bilməz. Belə olan halda cavabdeh orqan müraciətin “ata adı” ilə bağlı hissəsinin də təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Ailə Məcəlləsinin 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Həmin Məcəllənin 46.3-cü bəndinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “İddiaçı məxsus olan doğum haqqında akt qeydində düzəliş edilərək, “Bəşirov” kimi yazılmış soyadının “Baloğlanov” kimi, “Əlbəşir” kimi yazılmış ata adının “Albəşir” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar