Məhkəmə qərarları › İş №2-1(116)-87/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-87/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-87/2020 19.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı İddiaçının vəkili X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və X3 nazirinin onun vəzifədən azad edilməyi barədə xx.xx.2019-cu il tarixli, **********6 saylı əmrinin ləğv edilməsi, dövlət qulluğuna və Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Şəki rayon şöbəsinin müdiri vəzifəsinə bərpa edilməyi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Azərbaycan Respublikasının Əmək və X3 X8 xx.xx.2019-cu il tarixli, **********6 saylı əmrinə əsasən iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinin tələbləri əsas götürülməklə əmək fuksiyalarının icrasında yol verilən nöqsanlara görə verilmiş intizam tənbeh tədbirindən nəticə çıxartmayaraq təkrar qanun pozuntusuna yol verməklə öhdəsinə düşən vəzifələrini yerinə yetirməyərək etik davranış qaydalarına əməl etmədiyinə görə tutduğu vəzifədən, yəni Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Şəki rayon şöbəsinin müdiri vəzifəsindən azad edilmiş və onunla xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İstinad edilmiş əmrin elektron variantı xx.xx.2019-cu il tarixdə şöbənin elektron poçtuna göndərilmiş olsa da, cavabdeh tərəfindən əmək kitabçası ona xx.xx.2019-cu il tarixdə rəsmi olaraq, poçt vasitəsi ilə təqdim edilmişdir. Bu əsasla iddiaçı hazırkı tələblə Əmək Məcəlləsinin 296.3-cü tələblərinə uyğun məhkəməyə müraciyət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, həmin əmr aşağıda göstərilmiş əsaslara və maddi hüquq normalarının tələblərinə görə əsassız və qanunsuz hesab edilməklə ləğv edilməlidir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq vəzifəli şəxsin dövlət qulluğuna o halda xitam verilə bilər ki, onun, bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilmiş olsun. Həmin Qanunun 25.2-ci maddəsinin tələblərinə görə Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda onun barəsində töhmət, bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması, həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi, ixtisas dərəcəsinin bir pillə aşağı salınması və dövlət qulluğundan azad edilməsi kimi intizam tənbeh tədbirləri tətbiq edilə bilər. Cavabdeh iddiaçını tutduğu vəzifədən azad edilməsi haqda əmr verərkən əmək fuksiyalarının icrasında yol verdiyi nöqsanlara görə verilmiş intizam tənbeh tədbirindən nəticə çıxartmayaraq təkrar qanun pozuntusuna yol verməklə öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarına əməl etmədiyini əsas olaraq götürmüşdür. Həqiqətən də cavabdehin xx.xx.2018-ci il tarixli, **********3 saylı əmri ilə əmək funksiyalarının icrasında yol verilmiş nöqsanlara və müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmək əsas götürülməklə barəsində bir il müddətinə vəzifə maaşının 30 faizədək azaldılması kimi intizam tənbeh tədbiri tətbiq edilmiş olsa da, iddiaçı hesab edir ki, həmin intizam təhbeh tədbiri xx.xx.2019-cu il tarixdə tutduğu vəzifədən azad edilməsi üçün əsas kimi qəbul edilə bilməz. İlk növbədə ona görə ki, Əmək Məcəlləsinin 190.1-ci maddəsinin tələblərinə əsasən intizam tənbehi verildiyi gündən 6 ay müddətində qüvvədə olur. Cavabdeh isə onu tutduğu vəzifədən azad edərkən qeyd edilmiş qanunun tələblərini pozaraq həmin intizam tənbehi tətbiq edilən gündən 6 ay sonra işdən azad etmiş, bununla da Əmək Məcəlləsinin 190.1-ci maddənin tələblərini pozmuşdur. Digər tərəfdən isə cavabdeh barəsində xx.xx.2018-ci il tarixli, **********3 saylı əmri verərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3 maddəsinin tələblərinə riayət etməmiş və iddiaçını xx xxxxxx 2019-cu il tarixdən tutduğu vəzifədən azad edərkən həmin intizam tənbehinin cəmi 2 ay müddətində qüvvədə olmasına da əhəmiyyət verməmişdir. Belə ki, əmək funksiyalarnın yerinə yetirilməsindəki nəticələrə görə 2018-ci ilin 28 sentyabr tarixində Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 çalışan işçilər, o cümlədən iddiaçı cavabdeh tərəfindən mükafatlandırılmış və o vaxtdan da iddiaçıya verilmiş intizam tənbehi mükafatlandırma haqqında qanunvericiliyə müvafiq olaraq qüvvədən düşmüş hesab edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 190.4-cü maddəsinə görə intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi mükafatlandırılarsa, həmin mükafat verildiyi gündən ona vertilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. Nəhayət mübahisə edilən əmrin qeyri-qanuniliyi onunla sübuta yetirilir ki, cavabdeh həmin əmrdə iddiaçının tutduğu vəzifədən azad edilməyinə əsas kimi təkrar qanun pozuntusuna yol verməklə öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarına əməl etməməyini göstərmiş olsa da, iddiaçı tərəfindən qanunun hansı normalarının təkrar pozulması, öhdəsinə düşən hansı vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarına əməl etməyinin nədə ifadə olunması göstərilməmişdir. Bu günədək iddiaçı dəfələrlə cavabdehdən işdən azad edilməsinin əsaslarını təqdim etməsini xahiş etsə də, hər iki əmrdəki əsaslar ona təqdim edilməmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı xx xxxxxx 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6cı maddəsinə (Əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə verilmiş intizam tənbeh tədbirindən nəticə çıxartmayaraq təkrar qanun pozuntusuna yol verdiyinə, öhdəsinə düşən vəzifələrini yerinə yetirməyərək etik davranış qaydalarına əməl etmədiyinə görə) əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad olunmasına əsas Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X6 xx xxxxxx 2019-cu il tarixli **********7 nömrəli xidməti məruzəsi olmuşdur. Məruzəyə əsasən Şəki rayon sakini X1 əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilməsi barədə Nazirliyin aparatının Sosial təminat siyasəti şöbəsinin xx.xx.2018-ci il tarixli **********8 nömrəli yazılı məruzəsində qeyd olunanlar və Nazirlik yanında Dövlət X6 Şəki şəhər şöbəsinin müdirinin xx.xx.2019-cu il tarixdə Nazirliyin inzibati binasında rəhbər vəzifəli şəxslərin qəbulu proseduruna əməl etməyərək etik davranış qaydalarını pozması Nazirlik yanında Dövlət X10 tərəfindən Nazirliyin aparatının Daxili nəzarət və audit şöbəsinin əməkdaşının iştirakı ilə ətraflı araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1954-cü il təvəllüdlü A.Süleymanova xx.xx.2000-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişi aylıq 148 manat olmaqla xx.xx.2018-ci il tarixədək davam etdirilmiş, eyni zamanda xx.xx.2018-ci il tarixli ərizə əsasında Nazirlik yanında Dövlət X6 Şəki şəhər şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli 32 nömrəli qərarı ilə onun pensiyasının növü dəyişdirilərək xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmiş və aylıq 149,57 manat məbləğində ödənişə yönəldilmişdir. Həmçinin, şöbənin xx.xx.2018-ci il tarixli sərəncamı əsasında Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü maddəsi əsas götürülməklə A.Süleymanovun pensiyasının məbləği xx.xx.2018-ci il tarixdən 186,19 manata çatdırılaraq xx.xx.2018-ci il tarixdən ödənişə yönəldilmiş, keçmiş aylar üzrə yaranmış 329,54 manat fərq məbləği 2018-ci ilin noyabr və dekabr ayları üzrə pensiya məbləği ilə birlikdə vətəndaşa ödənilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, A.Süleymanovun əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsi barədə müraciəti zamanı Nazirlik yanında Dövlət X6 Şəki şəhər şöbəsi tərəfindən süründürməçiliyə yol verilmiş, bununla da vətəndaşın 63 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyasının hesablanmasına süni maneələr yaradılmış, vətəndaşın müraciəti zamanı müvafiq sosial sığorta stajı və 9898,59 manat pensiya kapitalı nəzərə alınmaqla pensiyasının növünün dəyişdirilməməsi nəticəsində məbləğinin 148 manatdan 149,57 manata dəyişməsi, yəni 1,57 manat fərqlə artırılması ilə vətəndaşa qarşı qərəzli mövqe tutulmuş, həmçinin vətəndaşın müxtəlif dövlət orqanlarına şikayətindən sonra onun əvəzinə imzalanmış xx.xx.2018-ci il tarixli ərizə şöbədə rəsmiləşdirilməklə bu prosedur həyata keçirilmişdir. Bundan əlavə, Nazirlik yanında Dövlət X6 Şəki şəhər şöbəsinin müdiri İddiaçı qeyri etik davranışları barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nəzarət qaydasında vətəndaş müraciəti daxil olmuşdur. Həmçinin, Şəki şəhər şöbəsinin müdiri İddiaçı “məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə” Nazirliyin xx.xx.2018-ci il tarixli **********3 nömrəli əmrinin tələblərinə məhəl qoymayaraq xx.xx.2019-cu il tarixdə xidmət yerini özbaşına tərk etmiş, saat 15:00 radələrində Nazirliyin inzibati binasına daxil olmaqla rəhbər vəzifəli şəxslərin qəbulu proseduruna əməl etməyərək subordinasiya və etik davranış qaydalarını ciddi şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Yuxarıda yazılanlardan göründüyü kimi iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (etik davranış qaydalarına əməl etmədiyinə görə) əsasən işdən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11 -ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1.töhmət; 25.2.2.bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3.həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4.daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5.ixtisas dərəcəsinin bir pillə aşağı salınması;25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18-ci maddəsi dövlət qulluqçularının vəzifələrini əks etdirir və 18.0.12-ci maddəyə əsasən dövlət qulluqçusu etik davranış qaydalarına əməl etməlidir, 18.0.3-cü maddəyə əsasən dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməlidir, 18.0.5-ci maddəyə əsasən vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməlidir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət sulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan səxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Həmçinin həmin Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məlumat üçün bildiririk ki, bundan əvvəl İddiaçı işində mütamadi olaraq pozuntulara yol vermiş, xx xxxx 2015-ci il tarixdə 09/13-48 nömrəli və xx xxxx 2018-ci il tarixdə **********3 nömrəli əmrlərlə barəsində intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 196-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 196-cı maddənin 3-cü hissəsinə əsasən Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia ərizəsində göstərildiyi kimi iddiaçıya əmrin surəti rəsmi surətdə təqdim edilmişdir. Lakin dəfələrlə zəng olunaraq əmək kitabçasını götürmək üçün Nazirliyə dəvət edilməsinə baxmayaraq gəlməkdən imtina etmiş, əmək kitabçası onun ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili tələbin təmin edilməsi barədə qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar verilməsini xahiş etdi. İş materiallarında olan ƏƏSMN-nin xx xxxx 2018-ci il tarixli **********3 nömrəli əmrinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara və müəyyən edilmiş qulluq reqlamentinə riayət etmədiyinə görə xx xxxx 2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və X3 nazirliyi yanında Dövlət X6 Şəki şəhər şöbəsinin müdiri vəzifəsində qulluq keçən İddiaçı intizam tənbeh növü olan vəzifə maaşı bir il müddətinə 30 faizədək azaldılmışdır. İş materiallarında olan Nazirlik yanında Dövlət X6 direktoru Zakir Babayevin nazirə ünvanladığı xx.xx.2019-cu il tarixli **********7 nömrəli məktubun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki şəhər şöbəsinin fəaliyyətində son illərdə buraxılan ciddi nöqsanları nəzərə alaraq, həmçinin əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə verilmiş intizam tənbeh tədbirindən nəticə çıxarmayaraq təkrar qanun pozuntusuna yol verdiyinə və öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarına əməl etmədiyinə görə Nazirlik yanında Dövlət X6 Şəki şəhər şöbəsinin müdiri İddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanlnda Dövlət Müdafiə Fondu haqqında Əsasnamə”nin 5.6.9-cu yarımbəndini rəhbər tutaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən birinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan ƏƏSMN-nin xx.xx.2019-cu il tarixli **********6 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə verilmiş inzitam tənbeh tədbirindən nəticə çıxartmayaraq təkrar qanun pozuntusuna yol verdiyinə, öhdəsinə düşən vəzifələrini yerinə yetirməyərək etik davranış qaydalarına əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Şəki rayon şöbəsində müdir vəzifəsində qulluq keçən İddiaçı xx xxxxxx 2019-cu il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla xx xxxx 2016-cı il tarixdə bağlanmış Əmək müqaviləsinə verilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(81)-2302/2019 nömrəli qərardadının təsdiq edilmiş surətindən görünür ki, hazırkı iş üzrə İddiaçı hazırkı tələblə 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət etmiş və 2-1(81)-2302/2019 nömrəli inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********9 nömrəli telefonoqramın təsdiq edilmiş surətindən görünür ki, Nazirlik yanında Dövlət X6 rəhbərləri xx xxxxxx 2019cu il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulan Kollegiya iclasına dəvət olunmuşlar. İş materiallarında olan DSMF-nin Şəki şəhər şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 05 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və T.Ə.İsmayılov xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində Bakı şəhərinə 2 (iki) günlük müddətinə Əmək və X3 Nazirliyinə kollegiya iclasında iştirak etmək üçün ezam olunublar. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ********, cavabdehin xx.xx.2019-cu il tarixli əmrinin təsdiq edilmiş surəti, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2016-cı il tarixli əmrinin surəti, cavabdehin xx.xx.2018-ci il tarixli **********3 nömrəli əmrinin təsdiq edilmiş surəti, xx.xx.2019-cu il tarixli **********7 nömrəli məruzə məktubunun təsdiq edilmiş surəti, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(81)-2302/2019 nömrəli qərardadının təsdiq edilmiş surəti, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1236/2019 nömrəli qərardadı, Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-612/2019 nömrəli qərardadı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1236/2019 nömrəli qərardadı ilə iddiaçı İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürdüyü üçün iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-612/2019 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1236/2019 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün olsa da, əsassızdır. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə görə həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur (25.1-ci maddə). Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbirləri tətbiq edilə bilər (25.2.6-cı maddə). Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur (25.3-cü maddə). Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir (25.5- ci maddə). Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20- ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər (25.6-cı maddə). Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər (25.7-ci maddə). Məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı dövlət qulluqçusu kimi ona həvalə edilmiş vəzifələri lazımi şəkildə yerinə yetirməmiş, barəsində araşdırma aparılmış, iddiaçının kobud pozuntulara yol verməsi müəyyən edilmiş, araşdırmanın nəticəsində onun haqqında intizam tənbehi tətbiq edilmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. -6.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. -7.1-ci maddəsinə əsasən, dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. -7.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. -8.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. -9-ci maddəsinə əsasən, dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Maddələrin tələbindən də göründüyü kimi, dövlət qulluqçusundan gözlənilən davranış etik davranışdır. Dövlət qulluqçusunun xidməti davranışı da etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır və yaranmış mübahisənin səbəbindən asılı olmayaraq dövlət qulluqçusu rastlaşdığı xoşagəlməz hallar qarşısında dözümlülük nümayiş etdirməli, heç bir halda dövlət orqanının nüfuzunu aşağı salacaq, dövlət qulluğu ilə bir araya sığmayan hərəkətlərə yol verməməlidir. İddiaçı “məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə” Nazirliyin xx.xx.2018-ci il tarixli **********3 nömrəli əmrinin tələblərinə riayət etməmiş, onun ezam olunması ilə bağlı əmr vermək səlahiyyəti nazirdə olduğu halda xx.xx.2019-cu il tarixində özü və sürücüsünün Bakı şəhərinə ezam olunması barədə əmr vermiş, xx.xx.2019-cu il tarixdə xidmət yerini özbaşına tərk etmiş, Nazirliyin inzibati binasına daxil olmaqla rəhbər vəzifəli şəxslərin qəbulu proseduruna əməl etməyərək subordinasiya və etik davranış qaydalarını ciddi şəkildə pozmuşdur. Qeyd olunan halı iddiaçı məhkəməyə təqdim etdiyi cavabdehin etirazına yazılı münasibətdə də qeyd etmiş, nazirlə “ayaqüstü” görüşdüyünü etiraf etmişdir. İddiaçının qış mövsümü ilə əlaqədar bir gün əvvəldən Bakıya yola düşməsi barədə dəlilini də məhkəmə əhəmiyyətsiz hesab edir. Belə ki, nazirlikdə kollegiya iclasının xx.xx.2019-cu il tarixində saat 16:00-da keçirilməsi səbəbindən iddiaçı həmin gün səhər saatlarında da Bakıya yola düşə bilərdi və bu onun iclasa vaxtında gəlməsinə heç bir əngəl yarada bilməzdi. Nazirə hər hansı pozuntular barədə məlumat vermək üçün münasibətdə qeyd etdiklərinə dair isə məhkəmə qeyd edir ki, bununla bağlı iddiaçı rəhbərliyə yazılı və ya şifahi formada müraciət edə, çağırıldığı tarixdə (xx.xx.2019-cu il saat 16:00) kollegiya iclasında da nazirə müraciət edə bilərdi. Həmin dəlili də məhkəmə qeyd olunanlara əsasən əhəmiyyətsiz hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə əmrin qanuni və əsaslı olması müəyyən olunmuş, cavabdeh orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddia tələbinin digər, yəni dövlət qulluğuna və Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Şəki rayon şöbəsinin müdiri vəzifəsinə bərpa edilməyi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddianın qeyd olunan hissələri birinci hissənin (Azərbaycan Respublikası Əmək və X3 nazirinin onun vəzifədən azad edilməyi barədə xx.xx.2019-cu il tarixli, **********6 saylı əmrinin ləğv edilməsi) həllindən asılı olduğundan və iddia tələbi həmin hissədə rədd edildiyindən iddianın digər hissələri də rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və X3 nazirinin onun vəzifədən azad edilməyi barədə xx.xx.2019-cu il tarixli, **********6 saylı əmrinin ləğv edilməsi, dövlət qulluğuna və Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Şəki rayon şöbəsinin müdiri vəzifəsinə bərpa edilməyi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar