Məhkəmə qərarları › İş №2-1(116)-87/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-87/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-87/2022 09.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəylər qızının katibliyi, İddiaçı1 və cavabdeh İsmayıllı rayonu Yuxarı Cüylan-Müdri bələdiyyəsinin nümayəndəsi (sədri) X2 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh İsmayıllı rayonu Yuxarı Cüylan-Müdri bələdiyyəsinə qarşı “cavabdehin İddiaçı1, İddiaçı2 ümumilikdə 275 ha, o cümlədən X1 2001-ci ildə 50 il müddətinə icarəyə verilmiş 200 ha örüş torpaq sahələrinin icarə müqaviləsinin müddətinin 50 ildən 15 ilə endirilməsi və icarə müqavilələrinin müddətinin bitmiş hesab edilməsi” barədə 21 dekabr 2020-ci il tarixli 13 nömrəli qərarının qismən, İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin İddiaçı1, İddiaçı2 ümumilikdə 275 ha, o cümlədən X1 2001-ci ildə 50 il müddətinə icarəyə verilmiş 200 ha örüş torpaq sahələrinin icarə müqaviləsinin müddətinin 50 ildən 15 ilə endirilməsi və icarə müqavilələrinin müddətinin bitmiş hesab edilməsi barədə 21 dekabr 2020-ci il tarixli 13 nömrəli qərarının qismən, İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, İsmayıllı rayonu Cülyan (hazırkı Yuxarı Cülyan- Müdri) Bələdiyyəsinin 01 aprel 2001-ci il tarixli, 03 saylı qərarının 1-ci bəndinə əsasən Cülyan Bələdiyyəsinə məxsus, ümumi istifadədə olmayan 100 hektar kollu örüş sahə 50 il müddətinə İddiaçı1 icarəyə verilmişdir. İsmayıllı rayonu Müdrü (hazırkı Yuxarı Cülyan- Müdri) Bələdiyyəsinin 02 aprel 2001-ci il tarixli, 04 saylı qərarının 1-ci bəndinə əsasən Müdri Bələdiyyəsinə məxsus, ümumi istifadədə olmayan 175 hektar sahə 50 il müddətinə İddiaçı2 icarəyə verilmişdir. 27 aprel 2021-ci il tarixdə İsmayıllı rayonu Yuxarı Cülyan-Müdri Bələdiyyəsinin sədri 06.04.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş qərarı təqdim etmiş və məlum olmuşdur ki, onunla 18 aprel 2001-ci il tarixdə bağlanmış icarə müqaviləsinin müddətinin Göyçay Regional Ədliyyə İdarəsinin 02.10.2020-ci il tarixli Kol- 648 nömrəli tövsiyə məktubu əsasında İsmayıllı rayonu Yuxarı Cülyan-Müdri Bələdiyyəsinin 21 dekabr 2020-ci il tarixli, 13 nömrəli iclas protokolu ilə 50 ildən 15 ilə endirilmiş və icarə müqaviləsinin müddətinin bitmiş hesab edildiyi göstərilmişdir. İddiaçılar Yuxarı Cülyan-Müdri Bələdiyyəsinin 21 dekabr 2020-ci il tarixli, 13 nömrəli qərarını qanunsuz və əsassız hesab etdiklərinə görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh Yuxarı Cülyan-Müdri Bələdiyyəsi 31.05.2021-ci il tarixli, 17 nömrəli etirazında qeyd etmişdir ki, 2001-ci ildə keçmiş Müdri və Cülyan bələdiyyələri (indiki varisi Yuxarı Cülyan-Müdri bələdiyyəsi) İddiaçı1 və İddiaçı2 ümumulikdə 275 ha torpaq sahəsini icayəyə verib. Həmin torpağın 75 ha sahəsinin guya yararsız olduğunu müəyyənləşdirsələr də, torpaq sahəsi icarədarın istifadəsində qalmışdır. Məlum olduğu kimi örüş torpaqlarının icarəyə verilməsi müddəti 15 ilədək müəyyən olunur. Örüş otlaq sahəsinin 50 illik icarəyə verilməsi qanunaziddir. Digər tərəfdən icarədarlar ümumi istifadədə olan örüş sahələrini otarırlar. Bu da kənd sakinlərinin haqlı narazılıqları ilə qarşılanır. Nanıc kənd sakinləri dəfələrlə bələdiyyəyə, İsmayıllı Rayon İcra Hakimiyyətinə, Göyçay Regional Ədliyyə idarəsinə icarədarların onları incitdikləri barədə müraciətlər etsələr də, icarədarlar buna məhəl qoymadan ümumi istifadədə olan torpaqları otarır, kənd əhalisini sıxışdırırlar. 2001-ci ildə qiymətlərin aşağı olduğu vaxtlarda bağlanmış müqavilə əsasında icarə haqları ödəyən icarədarlar bir dəfə məhkəmə qaydasında cüzi qiymət artımından başqa, dəfələrlə edilmiş müraciətlərə məhəl qoymadan, yeni qiymətlərlə razılaşmır, bugünkü bazar qiymətləri ilə icarə haqlarını ödəmirlər. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar iddiaçılara 27.04.2021ci il tarixdə təqdim edilmiş, iddiaçılar qərarı əldə etdikdən 30 gün ərzində, yəni 05.05.2021ci il tarixdə məhkəməyə müraciət etmişlər. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və əsaslıdır. Məhkəmə işin araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: İsmayıllı rayonu Cülyan bələdiyyəsinin 01.04.2001-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı1 bələdiyyəyə məxsus ümumi istifadədə olmayan kollu örüş sahədən 100 hektar torpaq sahəsi 50 il müddətinə icarayə verilmişdir. 02.04.2001-ci il tarixli 02 nömrəli “torpaq icarəsi müqaviləsi”nə əsasən Cülyan bələdiyyəsi ilə İddiaçı1 arasında 100 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. İsmayıllı rayon Torpaq şöbəsinin 21.04.2001-ci il tarixli 50 nömrəli rəyindən görünür ki, Şöbə 100 hektar torpaq sahəsinin 50 il müddətinə İddiaçı1 icarəyə verilməsinə etiraz etməmişdir. İsmayıllı rayonu Cülyan bələdiyyəsinin 02.04.2001-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı2 bələdiyyəyə məxsus ümumi istifadədə olmayan kollu örüş sahədən 175 hektar torpaq sahəsi 50 il müddətinə icarayə verilmişdir. 02.04.2001-ci il tarixli 02 nömrəli “torpaq icarəsi müqaviləsi”nə əsasən Cülyan bələdiyyəsi ilə İddiaçı2 arasında 175 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. İsmayıllı rayon Torpaq şöbəsinin 03.04.2001-ci il tarixli 41 nömrəli rəyindən görünür ki, Şöbə 175 hektar torpaq sahəsinin 50 il müddətinə İddiaçı2 icarəyə verilməsinə etiraz etməmişdir. Göyçay regional ədliyyə idarəsinin 01.07.2021-ci il tarixli məktubunda qeyd edilir ki, qərarların qəbulu zamanı keçmiş Müdri bələdiyyəsi (indiki Yuxarı Cülyan-Müdri) tərəfindən qanunvericiliyin tələbinin pozulması və məqsədli təyinatı örüş olan torpaq sahəsinin 15 ildən artıq müddətə icarəyə verilməsi müəyyən edildiyindən bələdiyyəyə təklif məktubu ünvanlanmışdır. İsmayıllı rayonu Yuxarı Cülyan-Müdri bələdiyyəsinin 21.12.2020-ci il tarixli 13 nömrəli qərarından görünür ki, həmin qərarla Göyçay regional ədliyyə idarəsinin 02.10.2020-ci il tarixli Kol-648 nömrəli məktubu müzakitə edilmiş, iddiaçılara verilmiş ümumilikdə 275 ha torpaq sahələrinin icarə müddətləri 50 ildən 15 ilə endirilmiş və icarə müqavilələrinin müddəti bitmiş hesab edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 16-cı maddəsində örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri qeyd edilmişdir. Həmin maddənin: 1-ci bəndinə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir; 2-ci bəndinə görə, yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir; 3-cü bəndinə əsasən, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir; 4-cü bəndinə görə, ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Məcəllənin 73-cü maddəsində torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları nəzərdə tutulmuşdur.

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (...). 75-ci maddəyə əsasən torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları aşağıdakı kimi təsbit edilir:

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir... “Torpaq icarəsi haqqında” Qanun: Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı: Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. “Torpaq bazarı haqqında” Qanun: Maddə 13. Torpaq sahəsinin dəyişdirilməsi, bağışlanması və vərəsəlik qaydasında başqasına keçməsi: Hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrinin mülkiyyət, dövlət və bələdiyyə torpaqlarının isə istifadə və icarə hüquqlarının dəyişdirilməsi, bağışlanması və vərəsəlik qaydasında başqasına keçməsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə tənzimlənir. Mülki Məcəllə: Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası: 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. ... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları. ...7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları: 1.Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. ...

12. Otlaq sahəsindən müvəqqəti istifadə və icarə müddəti başa çatdıqda, yeni müddət üçün həmin sahənin istifadəsində və icarəsində üstünlük hüququ əvvəlki istifadəçiyə və icarəçiyə verilir. İcarəyə verilmiş bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.

13. Dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. Məhkəmə iş materiallarını yuxarıda qeyd edilən hüquq normalarını tədbiq etməklə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh torpaq sahəsinin iddiaçıların icarəsinə verilməsi barədə əvvəl 01 aprel 2001-ci il və 02 aprel 2002-ci il tarixdə qərar qəbul etmiş, sonra iddiaçılar ilə aralarında torpaq sahəsinin icarəyə verilməsi haqqında 02 aprel 2001-ci il tarixli torpaq icarə müqaviləsi bağlamışdır. Hər iki müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, bu müqavilə ilə əlaqədar baş verən mübahisələr mövcud qanunvericiliyə əsasən həll edilir. Cavabdeh 21 dekabr 2020-ci il tarixli 13 nömrəli qərarı ilə torpaq sahəsinin icarə müqaviləsini ləğv edərkən, torpaq icarə müqavilələrində göstərilən 50 il müddəti 15 il müddətə endirmiş və beləliklə icarə müqavilələrinin müddəti bitmiş hesab edilmişdir. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Tərəflərin imzaladığı torpaq icarəsi müqavilələrində müqavilənin vaxtından əvvəl ləğv edilməsinin şərtləri göstərilməmişdir. Torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin əsasları mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsi qaydası isə tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə ola bilər. İşin hallarından görünür ki, iddiaçılar torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə razı olmamışdır. Belə olan halda müqavilələr yalnız məhkəmə qaydasında ləğv oluna bilərdi. Lakin cavabdeh müqavilələrin ləğvi barədə məhkəməyə müraciət etməmiş, özü qərar qəbul etmişdir. Yuxarıda sadalanan qanunvericiliyə görə cavabdehin özünün birtərəfli qaydada icarə müqaviləsinə xitam vermək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh İsmayıllı rayonu Yuxarı Cüylan-Müdri bələdiyyəsinin İddiaçı1, İddiaçı2 ümumilikdə 275 ha, o cümlədən X1 2001-ci ildə 50 il müddətinə icarəyə verilmiş 200 ha örüş torpaq sahələrinin icarə müqaviləsinin müddətinin 50 ildən 15 ilə endirilməsi və icarə müqavilələrinin müddətinin bitmiş hesab edilməsi barədə 21 dekabr 2020-ci il tarixli 13 nömrəli qərarı iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar