Məhkəmə qərarları › İş №2-1(116)-87/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-87/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-87/2025 11.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mərhum X3 və 5 nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və hər birinə 0.87 ha olmaqla, ümumilikdə 4.35 ha pay torpaq sahəsinə dair çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qax rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mərhum X3 və 5 nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və hər birinə 0.87 ha olmaqla, ümumilikdə 4.35 ha pay torpaq sahəsinə dair çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının anası X4 vəfat etdikdən sonra ondan miras əmlak qalmışdır. Aqrar islahat komissiyasının qərarları ilə anasına məxsus olmuş əmlaka dair çıxarışlar əldə etmək istəyir ki, ondan qalan əmlakı vərəsələr arasında bölüşdürmək imkanı olsun. Aqrar islahatın aparılma vaxtı aliləsinin qanuni istifadəsində 0,25 ha həyətyanı torpaq sahəsi və 5 nəfər ailə üzvünün hər birinə 0,87 ha olmaqla, ümumilikdə 4,35 ha pay torpaq sahəsi verilmişdir. İnzibati orqan həmin torpaq sahəsinin bir hissəsinə dair Çıxarışların olduğu bildirilir, lakin həmin Çıxarışı və digər torpaq sahələrin Çıxarışlarını əldə edə bilmir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alnıması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinə müraciət olunmuşdur. Cavabdeh orqan tərəfindən 03 iyul 2023-ci il tarixdə Daşınmaz Əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, ərizəyə baxılması zamanı Qax rayonunun Qaratala kəndində yerləşən 2,68 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı əkin torpaq sahəsinə X3, X10, X16, X7, İddiaçı adına JN-0019 KOD 40310038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı, 9656 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (texniki sənəd üzrə həyətyanı göstərilsə də 0,96 hektar kənd təsərrüfatı təyinatlıdır) A 095194 seriya və nömrəli plan ölçü sənədi və 1726 kv.metr həyətyanı torpaq sahəsinə isə A 095187 seriya və nömrəli plan ölçü sənədi olsa da, qeyd olunan subyektlərdən hər hansı birinə əlavə torpaq sahələrinin ayrılması barədə hər hansı hüquq müəyyənedici sənəd olmadığından, həmçinin Qax rayonunun Qaratala kəndində torpaq islahatı aparılan zaman vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsinin elektron baza kadastr xəritə və arxiv materiallarında hər hansı məlumat mövcud olmadığından sənədləşdirilməyən pay torpaq sahəsinin ölçüsünü müəyyən etmək mümkün olmadığı üçün vətəndaşa xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-M-0060-8/2023 nömrəli imtina məktubu verilmişdir. Belə ki, ərizəçi tərəfindən mərhum atası X11 Qax rayon Kötükçü kənd “Nəsimi” adına kolxoz torpaqlarından 0,25 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş kolxozun qaytanlanmış torpaq kitabının xx.xx.2021ci il tarixli arxiv arayışı təqdim olunsa da, X8 qanun və ya vəsiyyət üzrə vərəsələri barəsində hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Beləliklə, İddiaçı mərhum anası X2 və ailə üzvləri X15ma, X12, X5, İddiaçı aqrar islahat komissiyasının qərarı ilə Qaratala kəndindən verilmiş 2,68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əlavə 5 nəfər ailə üzvünün hər birinə əslində 0,87 ha olmaqla cəmi 4,35 ha pay torpaq sahəsi verilməli olmuş olsa belə aktda əksini tapmayan və mülkiyyət hüququna dair heç bir sənədi olmayan, lakin kəsir olduğu iddia olunan 1,67 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi, həmçinin mərhum X6ma və ailə üzvlərinə Qax rayon Qarataia birgə təsərrüfatında torpaq payı alacaq vətəndaşların püşkatma ardıcıllığı siyahısı əsasında Qax rayon Aqrar islahatı komissiyasının qərarı ilə Qaratala kəndindən verilmiş, A 095187 seriya və nömrəli plan ölçü sənədində əksini tapmış 0,17 ha həyətyanı torpaq sahəsindən əlavə 0,08 ha həyətyanı torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmuş olsa belə, plan ölçü sənədində əksini tapmayan və mülkiyyət hüququna dair heç bir sənədi olmayan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi tərəflərindən qanunamüvafiq hesab olunmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı işdə iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir.Hazırkı işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilir. Məhkəmə iclasında cavabdeh etirazla ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2012-ci il tarixli Arayışı;

3. Qax Rayon Əmircan Kənd İƏD üzrə Nümayəndəlik Qaratala kəndi üzrə təsərrüfatbaşına kitabdan çıxarış.

4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.

5. JN-0019 kod 40310038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı;

6. A №095194-li plan-ölçü sənədi;

7. Qax rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı; xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktubları;

8. Az-İİ 363063 nömrəli Ölüm haqqında Şəhadətnamə;

9. Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi; Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsindən müəyyən edilir ki,onun hüquqi marağı ifadə tərzindən asılı olmayaraq iki hissədən ibarətdir.

1. Qax rayon Əmircan KİƏD-nin 1996-2000-ci ilərə aid Təsərrüfatbaşına kitabından çıxarış əsasən mərhum X3 və 5 nəfər ailə üzvlərinin istifadəsində olan 0.25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi.

2. X3 və 5 nəfər ailə üzvlərinin 4.35 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsindən ibarətdir. Cavabdehin imtinasının əsasını idiaçı və onun ailə üzvləri tərəfindən sözügedən torpaq sahələrinin onlara məxsus olması baradə hər hansı hüquqmüəyyənedici sənədlərin tam təqdim edilməməsi təşkil edir . Məhkəmə iddia tələbinin birinci hissəsini qismən əsaslı hesab edir. Belə ki, iş materiallarıma əlavə olunan Qax rayon Əmircan KİƏD-nin 1996-2000-ci ilərə aid Təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, mərhum X2 və ailə üzvlərinin istifadəsində Qax rayon Qaratala kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi vardır. Həmin fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququ qeydə alınsa da torpaq sahəsi ilə bağlı ümumi birgə mülkiyyət hüququnun qeydiyyatına dair sənəd mövcud deyildir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2012-ci il tarixli Arayışdan və mütəxəssis rəyindən görünür ki,naturada 0,25 ha torpaq sahəsi mövcud deyildir.İddia olunan torpaq sahəsindən natura mövcud olan 0,17 ha hissədə iddia əsaslı hesab edilir. Eyni zamanda JN-0019 saylı Torpağa Mülkiyyət Hüququ Dair” Dövlət aktından görünür ki, Qax Rayon Aqrar İslahatı Komissiyasının 1999-cu il tarixli 12 iyul tarixli 06 saylı qərarı ilə X2 və ailə üzvləri X15ma, X12, X5, İddiaçı 2,68 ha kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır və 9656 kv.m kənd təsərrüfatlı torpaq sahəsinə isə A 095194 seriya və nömrəli plan ölçü sənədi tərtib edilmişdir. Yuxarıda qeyd olunan sənədlərə əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə aqrar islahat zamanı 2,68 ha və 0,96 ha olmaqla,cəmi 3,64 ha torpaq sahəsi verilmişdir.İddia olunan 4,35 ha torpaq sahəsinə dair isə hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Təqdim olunan mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı və qeyrilərinə JN0019 Kod 40310038 olan “Torpağa Mülkiyyət Hüququ Dair” Dövlət aktına əsasən verilmiş 2.68 ha torpaq sahəsi kəndtəsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası əkin,xüsusi mülkiyyətdə, TEKUİS məlumat bazasına əsasən AN 095194 saylı “ Torpaq sahəsinin plan-ölçüsü” sənədinə əsasən verilmiş 0.96 ha torpaq sahəsi faktiki olaraq 21921 kv.metr olub, Kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid uqodiyası çoxillik əkmələr, 0.25 ha həyətyanı torpaq sahəsi faktiki olaraq 1666 kv.metr olub yaşayış məntəqələrin torpaqları kateqoriyasına aid uqodiyası Tikinti altında olan torpaqlar,xüsusi mülkiyyət kimi göstərilmişdir. Faktiki istifadə olunan 21921 kv.metr torpaq sahəsi qismən AN 095194 saylı “Torpaq sahəsinin plan-ölçüsü” sənədində göstərilən 0.96 ha torpaq sahəsi ilə eynilik təşkil edir. AZCUD məlumat bazasında JN-19 və JN-19Q nömrəli torpaq sahələri göstərilib.Faktiki istifadə olunan 1666 kv.metr həyətyanı torpaq sahəsi **********02 reyestr nömrəli çixarışda göstərilən torpaq sahəsi ilə eynilik təşkil edir. Faktiki istifadə olunan 21921 kv.metr torpaq sahəsin plan-ölçüsü (0.95 ha) sənədindən artıq hissəsi Qax rayon Əmircan bələdiyyəsinin mülkiyyətində olan ərazidir. İddia olunan 0.25 ha həyətyanı torpaq sahəsi X1 adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli **********02 nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə eynilik təşkil edir. Odur ki,yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia olunan 0,25 ha torpaq sahəsindən naturada mövcud olan 0,17 ha torpaq sahəsi üzərində, JN-0019 saylı Torpağa Mülkiyyət Hüququ Dair” Dövlət aktına əsasən birgə mülkiyyətə verilmiş 2.68 ha torpaq sahəsi, A 095194 saylı “ Torpaq sahəsinin plan-ölçüsü” sənədinə əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,965 ha torpaq sahəsi üzərində (hüquqmüəyyənedici sənədin koordinatlarının faktiki istifadəylə üst-üstdə düşən hissədə uyğunlaşdırmaqla) iddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqlarını qeydə almaq öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsini isə əsassız hesab edir. Belə ki, X3 və ailə üzvlərinin hər birinə 0.87 ha pay torpaq sahəsi verilməsinə dair heç bir hüquqmüəyyənedici sənəd, bu torpaq sahəsinin əksini tapdığı plan ölçü sənədi mövcud olmadığından sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın verilməsi mümkün deyildir.Bu hissədə cavabdehin imtinası əsaslı olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, JN-0019 saylı Torpağa Mülkiyyət Hüququ Dair” Dövlət aktına əsasən birgə mülkiyyətə verilmiş 2.68 ha torpaq sahəsi, A 095194 saylı “ Torpaq sahəsinin plan-ölçüsü” sənədinə əsasən birgə mülkiyyətə verilmiş 9656 kv.metr torpaq sahəsi üzərində iddiaçı və onun ailə üzvlərinin, habelə iddia olunan 0,25 ha torpaq sahəsindən naturada mövcud olan 0,17 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Qax rayon Əmircan KİƏD-nin 1996-2000-ci ilərə aid Təsərrüfatbaşına kitabından çıxarışa əsasən mərhum X3 və ailə üzvlərinin istifadəsində olmuş 0.17 ha həyətyanı torpaq sahəsi, JN-0019 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətə verilmiş 2.68 ha torpaq sahəsi və A seriyalı 095194 saylı “Torpaq sahəsinin plan-ölçüsü” sənədinə əsasən mülkiyyətə verilmiş 9656 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X3, Məhsimova (Qadaşova) Güldəstə Musa qızı,X16,X7 və İddiaçı ümumi birgə mülkiyyət hüququnu qeydə alaraq çıxarışların verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar