Məhkəmə qərarları › İş №2-1(116)-870/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-870/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-870/2020 03.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Balakən rayon filialına qarşı “xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxxx 1964-cü il tarixdə Balakən rayonu Talalar kəndində anadanolmuşdur. İddiaçı 1982-ci ildə Talalar kənd orta məktəbini bitirmiş, 1982-ci il noyabr ayının 17-dən 1984-cü il noyabr ayının 30-dək keçmiş sovet ordusunda xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir sıra idarə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2012-ci ildən İİ-ci qrup əlil olmuşdur. Əlillik təyin edildiyi xx xxxx 2012-ci il tarixdən sosial müavinət alır. Səbəbi də o olub ki, həmin vaxt əlilliyə görə əmək pensiya-sı təyin edilməsi üçün əmək stajı az olmuşdur. Həmin vaxt yaşı 48 iş stajı isə hərbi xidmət dövrü ilə birlikdə 9 il 7 aya bərabər olmuşdur. 2014-cü ilin yanvar ayından etibarən 2017-ci ilin aprel ayınadək 3 il 4 ay fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq hər ay DSMF-nin Balakən rayon şöbəsinə (40 ay) məcburi sığorta haqlarını ödəmişdir. İddiaçı 2017-ci ildə DSMF-nin Balakən rayon şöbəsinə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya bildirmişdir ki, 2017-ci il iyul ayından etibarən qanunda dəyişiklik edilib, fərdi hesabında yığılan pensiya kapitalın pensiya təyin edilməsi üçün çatışmır. Lakin sonradan 2020-ci ilin əvvəllərindən ona məlum olmuşdur ki, ona əlilliyə görə əmək pensiyasi təyin edilməsi mümkündür. Ona görə də xx.xx.2020-ci il tarixdə rəsmi qaydada DSMF-nin Balakən rayon şöbəsinə ərizə ilə müraciət edərək, 52 yaşından əlilliyə görə əmək pensiyası hüququ yarandığı üçün əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin DSMF-nin Balakən rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edir ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 55 yaşı tamam olmuş əlillərin pensiya kapitalı 22000 manat olduqda əlilliyə görə əmək pensiyası hüququ qazanırlar. Sizin tələb olunan kapitalınız olmadığına görə əlilliyə görə əmək pensiya-sı təyin edilməsi qanunauyğun deyil. İddiaçı imtinanı əsassız hesab etmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin iddiaya qarşı münasibətindən görünür ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda müəyyən edilir. İddiaçı əmək pensiyası təyin edilməsi ücün xx.xx.2020-ci ildən müraciət etdiyindən ona əlilliyə görə əmək pensiyası hazırda qüvvədə olan qanuna əsasən tələb olunan staja və kapitalına əsasən nəzərə alınmalıdır. Belə ki, onun hazırda 55 yaşı tamam olduğundan və cəmi 12 il 11 ay sığorta stajına malik olmuşdur. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin xx.xx.2020 tarixli 114 nömrəli arayışı, Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 584 nömrəli arayışı və xx.xx.2020-ci il tarixli **********1 nömrəli imtina məktubu, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli arayışı, AZE seriyalı 03098062 nömrəli X1 təsdiqlənmiş surəti, Müavinət təyinatı üzrə X3 Mərkəzinin 55 nömrəli xx.xx.2013-cü il tarixli qərarın təsdiqlənmiş surəti, 16 saylı TSEK tərəfindən verilmiş təsdiq olunmuş 018105 nömrəli müayinə aktından çıxarışın surəti,DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli arayışı, X8 Sistemindən şəxsi hesabın çıxarışın surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, 1615 saylı TSEK-nın 231871 nömrəli müayinə aktından çıxarışının surəti, 16 saylı TSEK-nin 387067 nömrəli müayinə aktından çıxarışın surəti, 16 saylı TSEK-nın 509920 nömrəli müayinə aktından çıxarışının surəti, 16 saylı TSEK-nın 018105 nömrəli müayinə aktından çıxarışının surətiaiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin xx.xx.2020 tarixli 114 nömrəli arayışından görünür ki, 1964-cü il təvəllüdlü Balakən rayon Talalar kənd sakini əsgər İddiaçı həqiqiətən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş sovet ordusunda xidmət etmişdir. İş materiallarında olan Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 584 nömrəli arayışından görünür ki, İddiaçı 2-ci qrup ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixədək əlillik təyin olunmuşdur. İş materiallarında olan Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixindən 2-ci qrup əllilliyə görə müavinət təyin olunmuşdur. İddiaçıya xx.xx.2017-ci il tarixə əmək pensiyası təyin olunması üçün 12 il 4 ay sığorta stajı tələb olunur. Həmin tarixə iddiaçının əmək kitabçası üzrə mübahisələndirilməyən 9 il 8 ay və xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək PAS-da 3 il 5 ay, cəmi 13 il 1 ay sosial sığorta stajı var. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx xxxx 2017ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, onun hüququ yarandığı xx xxxx 2017-ci il tarixdə 51 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 12 il 4 ay il sosial sığorta stajı tələb olunur. İddiaçının məhkəmə təqdim etdiyi əmək kitabçası və X8 Sistemindən şəxsi hesabın çıxarışına əsasən isə iddiaçının həmin tarixə tələb olunan 12 il 4 aydan çox, yəni 13 il 1 ay sosial sığorta stajı var. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar