Məhkəmə qərarları › İş №2-1(116)-872/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-872/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-872/2021 29.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Zərdab bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zərdab bələdiyyəsinin 31.05.2011-ci il tarixli qərarı ilə iddiaçıya bələdiyyəyə məxsus ərazidən 600 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Daha sonra Zərdab bələdiyyəsi ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmış və torpaq sahəsi iddiaçıya satılmışdır. Hazırda həmin torpaq üzərində mülkiyyət hüququna dair sənədlər almaq istəyir. Lakin cavabdeh Zərdab şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata almır və bu barədə ona çıxarış vermir. Bu barədə iddiaçıya 20.04.2021-ci il tarixli, **********54 saylı imtina məktubu göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinin 20.04.2021-ci il tarixli **********54 nömrəli imtinasında göstərilmişdir ki, Zərdab şəhərində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə bağlı Zərdab bələdiyyəsinin 31.05.2011-ci il tarixli 09 nömrəli protokoldan çıxarış, ləğv edilmiş DTXK Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt əsas sənəd kimi təqdim edilmişdir. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Zərdab bələdiyyəsi torpaq sahəsini iddiaçıya "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunununa uyğun şəkildə satmamışdır. Belə ki, torpaq sahəsinin alqı-satqısı bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan aparılmışdır. Həmçinin bildirilmişdir ki, ləğv edilmiş DTXK Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair aktda tarix və nömrə qeyd edilməmişdir. Cavabdeh 20.05.2021-ci il tarixli etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Zərdab bələdiyyəsi tərəfindən sözügedən torpaq sahəsinin “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunununa uyğun şəkildə satılmadığı, yəni torpaq sahəsinin alqı-satqısının bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan aparıldığı məlum olmuşdur. Həmçinin, ləğv edilmiş DTXK Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair aktda tarix və nömrə qeyd edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsindən götürülmüş koordinatlar başqa şəxsə məxsus **********68 reyestr nömrəli torpaq sahəsinə düşür. Qeyd olunanlara əsasən vətəndaşın ərizəsinin icrasından imtina olunmuşdur. İşdə olan Zərdab Rayon İcra Hakimyyəti Memarlıq və tikinti şöbəsinin 27.04.2011-ci il tarixli 19 nömrəli rəyində göstərilmişdir ki, Zərdab şəhər sakini İddiaçı fərdi mənzil tikintisi üçün şəhərin perspektiv inkişafı məqsədilə ayrılmış ərazidən 600 kv.m torpaq sahəsinin satılması “Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli qanunlarına uğundur və bu məqsədlə fərdi mənzil tikintisi üçün Zərdab şəhər sakini İddiaçı 600 kv.m torpaq sahəsinin satılmasına etiraz edilmir. İş materiallarına əlavə edilmiş 17.05.2011-ci il tarixli qəbzin surətinə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən Zərdab bələdiyyəsinin hesabına 600 manat pul “Kapitalbank”ın Zərdab filialına ödənilmişdir. Zərdab bələdiyyəsinin 31 may 2011-ci il tarixli 09 saylı ümumi iclasının protokolundan çıxarışın qərar hissəsinə əsasən, 1-ci bəndlə “Zərdab şəhər sakinləri ... İddiaçı 30 mart 2011-ci il tarixli ... ərizələrinin nəzərə alınması”, 11-ci bəndlə “Zərdab şəhər sakini İddiaçı Zərdab şəhərinin prespektiv inkişaf fonduna aid olan 32 hektar adlanan sahədən fərdi yaşayış evinin tikintisi üçün 0,06 hektar həyətyanı torpaq sahəsinin satılması”, 12-ci bəndlə “DTXK Zərdab rayon şöbəsinin və Zərdab RİH Tikinti və Memarlıq şöbəsinin həyətyanı torpaq sahəsinin ayrılmasına dair Zərdab şəhər sakinləri ... İddiaçı, ... adına verilmiş rəylərin nəzərə alınması”, 13-cü bəndlə qərarın icrasına nəzarətin Zərdab bələdiyyəsinin sədr müavinlərinə (B.Qurbanov, N.Nuralıyev) həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Zərdab bələdiyyəsinin 20.05.2021-ci il tarixli 116 nömrəli arayışında göstərilmişdir ki, Zərdab şəhər sakini İddiaçı həqiqətən 17 may 2011-ci il tarixdə torpaq alqı satqısı üçün Zərdab bələdiyyəsinin büdcəsinə 600 (altı yüz) manat vəsait ödəmişdir. İşə təqdim olunmuş Zərdab bələdiyyəsinin sədri H.Eminova ünvanlanmış DTXK Zərdab rayon şöbəsinin müdiri E.Məlikov tərəfindən imzalanmış rəydə göstərilmişdir ki, Zərdab şəhər sakini İddiaçı fərdi mənzil tikintisi üçün şəhərin perspektiv inkişafı məqsədilə ayrılmış ərazidən 600 kv.m torpaq sahəsinin satılması “Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli qanunlarına uğundur və bu məqsədlə fərdi mənzil tikintisi üçün Zərdab şəhər sakini İddiaçı 600 kv.m torpaq sahəsinin satılmasına etiraz edilmir. Rəydə tarix və nömrə qeyd edilməmiş, rəy trafaret blankda tərtib olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, DTXK Zərdab rayon şöbəsinin rəyi, Zərdab Rayon İcra Hakimyyəti Memarlıq və tikinti şöbəsinin 27.04.2011-ci il tarixli 19 nömrəli rəyi ilə tam olaraq eyni məzmunlu olmuşdur. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərdən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olan mətninə görə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərdən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olan mətninə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir; 25-ci bəndinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır. Qeyd olunan normaların tələbindən də göründüyü kimi, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin Zərdab bələdiyyəsinin müvafiq qərarının qəbul edildiyi 31.05.2011-ci il tarixdə qüvvədə olan redaksiyasına əsasən Bələdiyyə tərəfindən torpaq sahəsinin özgəninkiləşdirilməsi Əsasnamə ilə nəzərdə tutulmuş qaydalarla aparılmalı, alqı-satqı aktı ilə deyil, qanunvericiliyin tələblərinə müvafiq olaraq notariat qaydada təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməli idi. Həmçinin bələdiyyə mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə qədər olan mərhələdə torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, məhz bundan sonra iddiaçıya münasibətdə özgəninkiləşdirməni həyata keçirməli olduğu halda, iş üzrə bu prosedur qaydalarına əməl edilməmişdir. Həmçinin o da qeyd olunmalıdır ki, tərəflər arasında torpaqların özgəninkiləşdirilməsi ilə bağlı münasibətlərin qanunvericiliyin tələblərinə əsasən müqavilə ilə rəsmiləşdirilməsi tələb olunsa da, iş materiallarına əlavə edilmiş, üçüncü şəxs tərəfindən əsli məhkəməyə təqdim olunmuş və iddiaçı tərəfindən istinad olunan Torpaqların alqı-satqısına dair aktda onun tərtib edildiyi tarix göstərilməmişdir. İddiaçının şəxsiyyət vəsiqəsi qrafasına AZE 0******* nömrəli 16.09.2005-ci il tarixdə Zərdab RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi qeyd olunsa da, həmin nömrəli şəxsiyyət vəsiqəsinin 2009-cu il tarixdə verildiyi müəyyən edilmişdir. Bununla yanaşı akt DTXK Zərdab rayon şöbəsində qeydiyyata alınmamış, qeydiyyat nömrəsi və tarixi qeyd olunmamışdır. Məhkəmə işin araşdırılması çərçivəsində əldə olunmuş sübutlarla kifayətlənərək, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mütəxəssis rəyinin verilməsi zərurəti aradan qalxdığından, rəyə istinad edilmədən iş üzrə qərar qəbul edilməsi qənaətindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar