Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-872/2022 20.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı "Mingəçevir Bələdiyyəsinin xx.xx.2004cü il tarixli 50/3 nömrəli qərarının ləğv edilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1994-cü ildə nikah bağlayanadək onun soyadı Qədirova olmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının inventarlaşdırılması idarəsi tərəfindən X6 adına Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 1/45də yerləşən mağaza binası ilə bağlı xx.xx.1999-cu ildə 000847 nömrəli Texniki pasport tərtib edilmişdir. Sənəddə binanın ümumi sahəsi 165,1 kv.m, ərazinin ümumi torpaq sahəsi isə 237,5 kv.m göstərilmişdir. X8 xx.xx.2002-ci ildə Mingəçevir Bələdiyyəsinə ərizə ilə müraciət edərək Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 1/45-də yerləşən 113,8 kv.m tikilialtı özəlləşmiş mağazanın torpaq sahəsini və əlavə mağazanın ətrafındakı 123,7 kv.m (cəmi 237,5 kv.m) olan torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsini xahiş etmişdir. X2 iqtisadi inkişaf məsələləri daimi komissiyası Mingəçevir Bələdiyyəsinə xx.xx.2002-ci il tarixli rəy verərək, X7 M.V.Vidadi küçəsi 1/45 ünvanında yerləşən özəlləşdirilmiş mağazanın altındakı və ətrafındakı torpaq sahəsinin (cəmi 237,5 kv.m) nəqd alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsinin məqsədəuyğun hesab edildiyini bildirmişdir. Mingəçevir Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 000847 nömrəli Texniki pasportu və 013060 nömrəli şəhadətnaməsi ilə özəlləşdirilmiş mağazanın sahibi X7 mağazanın altı və ətrafındakı 237,5 kv.m torpaq sahəsinin alqı-satqı əsasında onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Bundan sonra cavabdeh Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 50/3 nömrəli qərarına əsasən, Bələdiyyənin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarı ilə X6 mülkiyyətinə verilmiş 237,5 kv.m torpaq sahəsinin 113,8 kv.m hissəsi mülkiyyətə verilmiş, qalan ətrafdakı 123,7 kv.m torpaq sahəsi isə icarəyə verilmiş hesab olunmuşdur. Bələdiyyənin həmin qərarında X6 adına özəlləşdirilmiş torpaq sahəsi barədə Bələdiyyənin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarına dəyişiklik edilməsi barədə müraciətinə istinad edilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 121 nömrəli "Tikintiyə icazə verilməsi haqqında" sərəncamına əsasən, X7 ticarət obyektinin genişləndirilməsi üçün Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 50/3 nömrəli qərarı ilə M.V.Vidadi küçəsi ilə M.Rəsulzadə küçəsinin kəsişdiyi ərazidə ayrılmış torpaq sahəsində şəhərin baş memarı ilə razılaşdırılmış layihə əsasında tikinti aparılmasına icazə verilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən "Mingəçevir şəhəri M.V.Vidadi küçəsi ilə M.Rəsulzadə küçəsinin kəsişdiyi ərazidə İddiaçı məxsus obyektin genişləndirilməsi barədə eskiz layihə" tərtib edilmiş, həmin sənəd Mingəçevir şəhərinin baş memarı ilə razılaşdırılaraq onun imzası və Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən yuxarıda göstərilən ünvanda yerləşən qeyri-yaşayış binası (ticarət obyekti) ilə bağlı İddiaçı adına xx.xx.2021-ci il tarixə olan vəziyyətə uyğun Texniki pasport tərtib edilmiş, həmin sənəddə faydalı sahə 165,1 kv.m, torpaq sahəsi sənədlər üzrə 0,02375 ha, faktiki istifadədə isə 0,02447 ha göstərilmişdir. Göstərilən ünvanda yerləşən ümumi sahəsi 165,1 kv.m olan qeyri-yaşayış binasına İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin sənəddə binanın yerləşdiyi 0,0119 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması göstərilmişdir. İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı "Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 50/3 nömrəli qərarının ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən torpaq sahəsi ona satıldıqdan 2 il sonra Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 50/3 nömrəli qərarı ilə 237,5 kv.m torpaq sahəsinin 113,8 kv.m hissəsi mülkiyyətə verilmiş, qalan 123,7 kv.m torpaq sahəsi icarəyə verilmiş hesab edilmişdir. Həmin qərardan iddiaçının xəbəri olmamış və o həmin qərarla tanış edilməmişdir. Cavabdeh Mingəçevir Bələdiyyəsi iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının inventarlaşdırılması idarəsi tərəfindən X6 adına Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 1/45də yerləşən mağaza binası ilə bağlı xx.xx.1999-cu ildə verilmiş 000847 nömrəli Texniki pasportdan görünür ki, həmin sənəddə binanın ümumi sahəsi 165,1 kv.m, ərazinin ümumi torpaq sahəsi isə 237,5 kv.m göstərilmişdir. - İşdə olan, X8 tərəfindən xx.xx.2002-ci ildə Mingəçevir Bələdiyyəsinə yazılmış ərizədən görünür ki, o, Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 1/45-də yerləşən 113,8 kv.m tikilialtı özəlləşmiş mağazanın torpaq sahəsini və əlavə mağazanın ətrafındakı 123,7 kv.m (cəmi 237,5 kv.m) olan torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsini xahiş etmişdir. - İşdə olan, X2 iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2002-ci il tarixli rəyindən görünür ki, X7 M.V.Vidadi küçəsi 1/45 ünvanında yerləşən özəlləşdirilmiş mağazanın altındakı və ətrafındakı torpaq sahəsinin (cəmi 237,5 kv.m) nəqd alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi məqsədəuyğun hesab edilmişdir. - İşdə olan Mingəçevir Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 000847 nömrəli Texniki pasportu və 013060 nömrəli şəhadətnaməsi ilə özəlləşdirilmiş mağazanın sahibi X7 mağazanın altı və ətrafındakı 237,5 kv.m torpaq sahəsinin alqı-satqı əsasında onun mülkiyyətinə verilməsi qərara alınmışdır. - İşdə olan, Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 50/3 nömrəli qərarından görünür ki, Bələdiyyənin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarı ilə X6 mülkiyyətinə verilmiş 237,5 kv.m torpaq sahəsinin 113,8 kv.m hissəsi mülkiyyətə verilmiş, qalan ətrafdakı 123,7 kv.m torpaq sahəsi isə icarəyə verilmiş hesab olunmuşdur. Bələdiyyənin həmin qərarında X6 adına özəlləşdirilmiş torpaq sahəsi barədə Bələdiyyənin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarına dəyişiklik edilməsi barədə müraciətinə istinad edilmişdir. - İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 121 nömrəli "Tikintiyə icazə verilməsi haqqında" sərəncamından görünür ki, X7 ticarət obyektinin genişləndirilməsi üçün Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 50/3 nömrəli qərarı ilə M.V.Vidadi küçəsi ilə M.Rəsulzadə küçəsinin kəsişdiyi ərazidə ayrılmış torpaq sahəsində şəhərin baş memarı ilə razılaşdırılmış layihə əsasında tikinti aparılmasına icazə verilmişdir. - İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən tərtib edilmiş "Mingəçevir şəhəri M.V.Vidadi küçəsi ilə M.Rəsulzadə küçəsinin kəsişdiyi ərazidə İddiaçı məxsus obyektin genişləndirilməsi barədə eskiz layihə"dən görünür ki, həmin sənəd Mingəçevir şəhərinin baş memarı ilə razılaşdırılaraq onun imzası və Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən yuxarıda göstərilən ünvanda yerləşən qeyri-yaşayış binası (ticarət obyekti) ilə bağlı İddiaçı adına xx.xx.2021-ci il tarixə olan vəziyyətə uyğun tərtib edilmiş Texniki pasportdan görünür ki, həmin sənəddə faydalı sahə 165,1 kv.m torpaq sahəsi sənədlər üzrə 0,02375 ha, faktiki istifadədə isə 0,02447 ha göstərilmişdir. - İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, yuxarıda göstərilmiş ünvanda yerləşən, ümumi sahəsi 165,1 kv.m olan qeyri-yaşayış binasına İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin sənəddə binanın yerləşdiyi 0,0119 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması göstərilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Eyni zamanda, Mingəçevir Bələdiyyəsinin mübahisələndirilən qərarının qəbul edildiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində deyilirdi ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, hər iki normada iddia müddətinin başlanğıcı şəxsin hüquq və azadlığının pozulduğunun ona məlum olduğu gündən hesablanması nəzərdə tutulmuşdur. Hazırkı işdə mübahisələndirilən Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarının İddiaçı təqdim, yaxud elan olunduğu tarix barədə məlumat yoxdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla mümkün sayılır. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 59-cu maddəsinin 1-ci bəndinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş redaksiyasına görə, yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr digər məqsədlərlə yanaşı, həmçinin sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinin birinci cümləsi). Azərbaycan Respublikası Mülki Məcəllənin 2.3-cü maddəsinə görə, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə görə, yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Məhkəmə qeyd edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun "F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Önəryıldız Türkiyəyə qarşı" işi üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində "mülkiyyət" anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "əmlak hüquqları" və beləliklə, "mülkiyyət" kimi qiymətləndirilə bilər. "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və "qanuni gözləntiyə" malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Hazırkı iş materialları ilə müəyyən edilmişdir ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 000847 nömrəli Texniki pasportu və 013060 nömrəli şəhadətnaməsi ilə özəlləşdirilmiş mağazanın altındakı və ətrafındakı 237,5 kv.m torpaq sahəsinin mağazanın sahibi X7 alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi qərara alınmışdır. Buna baxmayaraq, Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 50/3 nömrəli qərarına əsasən, Bələdiyyənin əvvəlki qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 113,8 kv.m hissəsinin mülkiyyətə verilmiş, qalan ətrafdakı 123,7 kv.m torpaq sahəsinin isə icarəyə verilmiş hesab olunması qərara alınmışdır. Bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarında X6 Bələdiyyənin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarına dəyişiklik edilməsi barədə müraciətinə istinad edilmiş, lakin məhkəmə iclası zamanı iddiaçı Rüstəmova X4 belə bir müraciət yazmadığını bildirmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialına sorğu edilərək, istinad olunan müraciət alınıb öyrənildi. Müəyyən edildi ki, həmin müraciət "Mini Market 2002 firma mağazası"nın blankında X6 adından Mingəçevir Bələdiyyəsinin sədrinə yazılmış xx.xx.2004-cü il tarixli 19 nömrəli ərizədir. Ərizənin məzmunu aşağıdakı kimidir: "Müraciətimə əsasən Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli 31/6 saylı qərarı ilə mənə məxsus mağazanın altı və ətrafındakı 237,5 kv.m torpaq sahəsi alqısatqı yolu ilə xüsusi mülkiyyətimə verilmişdir. Dəyəri tərəfimdən ödənilmişdir. Lakin müəyyən çətinliklər meydana çıxmış, bunun nəticəsində verdiyiniz qərarda düzəliş zəruriyyəti yaranmışdır. Odur ki, xahiş edirəm həmin torpaq sahəsini mənə mülkiyyət formasında deyil, uzunmüddətli icarəyə verəsiniz. İcarə haqqının aybaay ödənilməsinə zəmanət verirəm. Eyni zamanda bu icarə haqqını alqı-satqı müqaviləsində ödənilmiş vəsaitin hesabına əvəzləşdirməyinizi xahiş edirəm. Dərin hörmətlə A.Qədirova" Ərizədə "Dərin hörmətlə" və "A.Qədirova" sözlərinin arasında əlyazma üsulu ilə imza icra edilmişdir. İddiaçı həmin ərizəni imzaladığını inkar etdiyinə görə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ərizədə olan imzanın İddiaçı tərəfindən icra edilib-edilməməsi barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli 4/925 nömrəli ekspert rəyində göstərilmişdir ki, X6 adından olan xx.xx.2004-cü il tarixli ərizənin aşağısında "Dərin hörmətlə" və "A.Qədirova" sözlərinin arasında olan imza iddiaçı Rüstəmova (Qədirova) Afət Sücaət qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, müəyyən edildi ki, İddiaçı torpaq sahəsinin ona satılması barədə Mingəçevir Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarının ləğv edilməsini, yaxud dəyişdirilməsini Mingəçevir Bələdiyyəsindən xahiş etməmişdir. Mingəçevir Bələdiyyəsi hazırda mübahisələndirilən xx.xx.2004-cü il tarixli 50/3 nömrəli qərarında X6 müraciətinə istinad etsə də, belə bir müraciət olmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "X1rşı" işi üzrə xx.xx.2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§ 71). "Qerasimova Rusiyaya qarşı" iş üzrə xx.xx.2004-cü il tarixli yekun qərardadında isə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya orqanlarının formalaşmış presedent hüququna əsasən, yerli özünüidarə orqanları şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur, Konstitusiya və qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirir. Avropa Məhkəməsi qeyd etmişdir ki, beynəlxalq hüquqa əsasən, "dövlət orqanı" anlayışı yalnız mərkəzi icra hakimiyyəti orqanları ilə məhdudlaşmır. Dövlət hakimiyyətinin bəzi vəzifələrinin yerli orqanlara verildiyi (desentralizasiya) hallarda bu anlayış dövlət funksiyaları həyata keçirən istənilən milli hakimiyyət orqanına şamil olunur. Məhkəmə qeyd edir ki, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü bəndinə görə, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilsə də, həmin maddənin 2-ci bəndinə görə, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Deməli, qeyd olunan müddəa bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilə bilməz. Bu halda həlledici məqam qəbul edilən qərarın bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərini pozub-pozmamasından ibarətdir. Məhkəmə qeyd edir ki, Mingəçevir Bələdiyyəsinin əvvəlki qərarı ilə torpaq sahəsi iddiaçının mülkiyyətinə verildiyi halda, iddiaçının iradəsinə zidd olaraq, sonrakı qərarla həmin torpaq sahəsinin bir hissəsini icarəyə verilmiş hesab etməsi iddiaçının sahiblik və istifadə hüquqlarını pozmuşdur. Bu səbəbdən də cavabdehin xx.xx.2004-cü il tarixli qərarının qeyd olunan hissəsi qanunsuzdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Ona görə də məhkəmə bu qərara gəldi ki, cavabdehin mübahisələndirilən xx.xx.2004-cü il tarixli 50/3 nömrəli qərarı 123,7 kv.m torpaq sahəsinə aid hissədə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt olduğu üçün həmin hissədə ləğv edilməlidir. Qərarın qalan hissəsi isə əvvəlki hüquqi vəziyyəti dəyişmədiyinə, yəni iddiaçını hüquqdan məhrum etmədiyinə, onun hüququnu məhdudlaşdırmadığına, onun üzərinə müəyyən vəzifə qoymadığına görə iddianın qalan hissəsi təmin edilməməlidir. Eyni hüquqi mövqe "V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında da ifadə edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə, proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. Hazırkı iş üzrə prosessual xərclər ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat məbləğdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tərəflərdən hər biri həmin məbləğin yarısını ödəməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 50/3 nömrəli qərarı qismən, yəni Mingəçevir Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 237,5 kv.m torpaq sahəsinin 123,7 kv.m hissəsinin icarəyə verilmiş hesab olunması hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Prosessual xərclərin yarısı İddiaçı, yarısı isə cavabdeh Mingəçevir Bələdiyyəsinə aid edilsin, onların hər birindən 55 manat məbləğ alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-872/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-872/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver