Məhkəmə qərarları › İş №2-1(116)-872/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-872/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-872/2024 17.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “Şəki şəhər İHB-nın Baş Zəyzid kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 1940-cı ilin mart ayında tərtib edilmiş 67 nömrəli doğum aktının qeydində ərinin soyadının “Əbdurrəhimov” soyadından “Rəsulov” soyadına, atasının adının “Xalıd” adından “Xalid” adına, adının “Qudrət” adından “Qüdrət” adına və həmin nümayəndəlik tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş 06 nömrəli ölüm haqqında ilkin akt qeydində soyadının “Əbdürrəhimov” soyadından “Rəsulov” soyadına dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki şəhər İHB-nın Baş Zəyzid kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 1940cı ilin mart ayında tərtib edilmiş 67 nömrəli doğum aktının qeydində ərinin soyadının “Əbdurrəhimov” soyadından “Rəsulov” soyadına, atasının adının “Xalıd” adından “Xalid” adına, adının “Qudrət” adından “Qüdrət” adına və həmin nümayəndəlik tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş 06 nömrəli ölüm haqqında ilkin akt qeydində soyadının “Əbdürrəhimov” soyadından “Rəsulov” soyadına dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1964-cü il tarixdə X9 ilə Şəki rayon Zəyzid kənd icra nümayəndəliyində nikah bağlamaqla ailə qurmuşdur. Əri Qüdrətin və uşaqlarının soyadı digər sənədlərdə “Rəsulov” kimi qeyd edilmişdir. Qüdrət 2013-cü ildə vəfat etmiş, lakin onun ölüm haqqında şəhadətnaməsində soyadı “Əbdürəhimov” kimi qeyd edilmişdir. Hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina məktubu təqdim etmişdir. Cavabdeh iddiaçının ərizəsinə münasibətində bildirmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəki şəhər İHB-nın Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1940-cı il tarixli 67 nömrəli doğum haqqında akt qeydində Q.Əbdürrəhimovun soyadı “Əbdürrəhimof”, adı “Qudrət”, ata adı “Xalıd” kimi qeyd edilmişdir. Lakin, Şəki şəhər İHB-nın Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 06 nömrəli ölüm haqqında akt qeydində ölən şəxs haqqında məlumat qrafasında soyadı “Əbdürrəhimov”, adı “Qüdrət” , ata adı “Xalid”, Şəki şəhər İHB-nın Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1964cü il tarixli, 38 nömrəli nikah haqqında akt qeydində isə evlənənədək və evlənəndən sonra soyadı “Rəsulov”, adı “Qüdrət”, ata adı “Xalid” kimi qeyd edilmişdir. Belə ki, Qanunvericiliyin tələblərinə və yuxarıda qeyd edilənlərə uyğun olaraq doğum və ölüm haqqında akt qeydlərində Q.Əbdürrəhimovun soyadına “Əbdürrəhimovdan”dan “Rəsulov”a dəyişiklik edilməsi mümkün deyildir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Zəyzid kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı və mərhum əri X1 ailə tərkibi haqqında məlumat qeyd edilmişdir.

3. Şəki rayon dövlət arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş təsərrüfatbaşına kitabda iddiaçının ərinin adı “Qüdrət”, soyadı “Əbdürrəhimov”, ata adı “Xalid” kimi qeyd olunmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-553/2023 nömrəli məktubuna əlavə edilmiş iddiaçı barəsində çıxarışdan görünür ki, iddiaçının ərinin adı “Qüdrət”, soyadı “Rəsulov”, ata adı “Xalid”, doğulduğu yer Şəki rayonu Baş Zəyzid kəndi, doğulduğu il xx.xx.1940-cı il, həyat yoldaşı İddiaçı, uşaqları X7, X5 və X6 göstərilmişdir.

5. Şəki Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş iddiaçının əri X1 fərdi uçot kartoçkasında adı “Qüdrət”, soyadı “Əbdürrəhimov”, atanın adı “Xalid” kimi qeyd edilmişdir.

6. İ-ИЕ seriyalı 431113 №-li Evlənmək haqqında şəhadətnamədən görünür ki, X9 ilə İddiaçı arasında xx.xx.1964-cü il tarixdə nikah bağlanmışdır.

7. AЗ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının ərinin adı “Qüdrət”, soyadı “Əbdürrəhimov”, atanın adı “Xalid”, doğum tarixi “xx.xx.1940-ci il” kimi qeyd edilmişdir.

8. xx.xx.2013-cü il tarixli 06 nömrəli ölüm haqqında aktı qeydinin surətindən görünür ki, iddiaçının ərinin adı “Qüdrət, ata adı “Xalid” soyadı “Əbdürrəhimov”, ölüm tarixi “ xx.xx.2013-cü il” kimi qeyd edilmişdir.

9. xx.xx.1964-cü il tarixli 38 nömrəli evlənmək haqqında aktı qeydinin surətindən görünür ki, iddiaçının ərinin adı “Qüdrət, ata adı “Xalid” soyadı “Rəsulov” kimi qeyd edilmişdir.

10. xx.xx.1940-cı il tarixli 67 №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, iddiaçının ərinin adı “Qudrət, ata adı “Xalıd”, soyadı “Əbdürrəhimof” kimi qeyd edilmişdir.

11. xx.xx.2013-cü il tarixli AZ-İİ 594863 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının əri X3 xx.xx.2013-cü il tarixində vəfat etmişdir.

12. Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, X-4414 nömrəli qərarının surəti.

13. Şəki rayon dövlət arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı.

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. İddia mahiyyət etibarı ilə qismən əsaslıdır.Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3.-cü bənddə vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsinə əsas olan hallardan biri olaraq göstərilmişdir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Hazırkı iddia tələbinə əsasən iddiaçının nail olmaq istədiyi hüquqi nəticə aşağıdakı kimidir:

1. Şəki şəhər İHB-nın Baş Zəyzid kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 1940-cı ilin mart ayında tərtib edilmiş 67 nömrəli doğum aktının qeydində ərinin soyadının “Əbdurrəhimov” soyadından “Rəsulov” soyadına, atasının adının “Xalıd” adından “Xalid” adına, adının “Qudrət” adından “Qüdrət” adına dəyişiklik edilməsi;

2. Həmin nümayəndəlik tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş 06 nömrəli ölüm haqqında akt qeydində ərinin soyadının “Əbdürrəhimov”dan “Rəsulov”a dəyişiklik edilməsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçının mərhum ərinin adı “Qudrət”, ata adı “Xalıd”, soyadı “Əbdürrəhimof” qeyd edilərək doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan xx.xx.1964-ci il tarixdə Şəki şəhər İHB-nın Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən evlənmək haqqında aktı qeydə alınmış, bu zaman soyadı “Rəsulov” kimi yazılmış “Evlənmək haqqında” şəhadətnamə verilmişdir. Bu səbəbdən də hazırkı mübahisə yaranmışdır. Hazırda dövlət qurumlarının müvafiq elektron məlumat bazasında və iddiaçının mərhum ərinə məxsus bütün sənədlərdə şəxsin adı “Qüdrət”, ata adı “Xalid”, soyadı “Əbdürrəhimov”kimi görünür.Belə ki,mərhum X2 şəxsiyyət vəsiqəsi və digər sənədlər ilkin sənədlərinə uyğun olaraq “Əbdürrəhimov” soyadı yazılaraq verilmişdir.Mərhumun “Evlənmək haqqında” şəhadətnamədən başqa heç bir sənəddə soyadı “Rəsulov” kimi qeyd edilməmişdir.Mərhumun övladlarının soyadının “Rəsulov” kimi yazılması atanın soyadının yanlış yazılması kimi nəzərə alına bilməz. Odur ki, iddiaçının tələb hüququ ərinin adının “Qudrət”dən “Qüdrət”ə, ərinin ata adının “Xalıd”dan “Xalid” hissəsinə düzəliş edilməsinə münasibətdə əsaslı olsa da, digər hissədə iddia tələbi əsaslı deyil. İddiaçının ərinin soyadı yaşadığı dövr ərzində bütün sənədlərdə “Əbdürrəhimov” kimi qeyd edilmişdir.Mərhumun ailə üzvləri tərəfindən iş materiallarına əlavə edilmiş mərhuma aid məzar daşında da doğru olaraq soyadı Əbdürrəhimov kimi yazılmışdır. Odur ki, iddia tələbi faktiki olaraq mövcud olan sənədlərə münasibətdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə,

qərara aldı

İddia qismən təmin edilir. Cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə X3 barəsində tərtib edilmiş 1940-cı il tarixli 67 nömrəli Doğum aktı qeydinin “ad” qrafasında “Qudrət” adından “Qüdrət” adına, “ata adı” qrafasında “Xalıd” adından “Xalid” adına düzəliş edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar