Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-872/2025 19.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsi X5 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Yevlax rayonu, Səmədabad kəndi) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (yerləşdiyi yer: Yevlax şəhəri, Q.Quliyev küçəsi 8A) üçüncü şəxs – Yevlax rayonu Səmədabad bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla (yerləşdiyi yer: Yevlax rayonu, Səmədabad kəndi) qarşı «torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Yevlax rayonu Səmədabad bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 15 saylı iclasının qərarı ilə İddiaçı 0,12 ha torpaq sahəsi satılmışdır. Qərar qəbul olunarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin torpaq sahəsinin ayrılmasına dair yazılı münasibəti nəzərə alınmışdır. Torpağın dəyəri bələdiyyənin hesabına köçürülmüşdür. İddiaçı həmin qərar əsasında ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 9 iyul 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını “torpaq sahəsinin alqı-satqısına dair aktın qanunvericiliyin tələbləri pozulmaqla verilməsi” ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 8 avqust 2024-cü il tarixli qərardadı ilə Yevlax rayonu Səmədabad bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, torpaq sahəsi rəsmiləşdirilən zaman DTXK-nın Yevlax rayon şöbəsi həmin əmlakın ona satılmasının qanunamüvafiq olması barədə rəy vermişdir. Bununla bağlı torpaq sahəsinin yerquruluşu planı da təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsi ilə bağlı bələdiyyənin hesabına 154 manat pul vəsaiti də ödənilmişdir. Torpaq sahəsinin alqı-satqı aktı təsdiqlənmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir və iddiaçı o evdə yaşayır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını torpaq sahəsinin alqısatqı aktının 1 dekabr 2007-ci il tarixdən sonra qeydiyyata alınması ilə əsaslandırmışdır. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, İddiaçı Yevlax rayonu, Səmədabad kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətinə Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və torpaq sahəsinin alqı-satqısına dair akt 14 aprel 2009-cu il tarixdə qeydiyyata alınmışdır ki, bu da «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun, «Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanununun, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə ziddir. Göstərilənlərə əsaslanaraq, iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə inzibati məhkəmə icraatının iştirakçılarına məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və vəkili gəlmişlər, cavabdeh tərəf və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (nümayəndələri) gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin olunmasını xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Yevlax rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin iddiaçıya Yevlax rayonu Səmədabad bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 15 saylı iclasının qərarı ilə satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarında olan Yevlax rayonu Səmədabad bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli 15 saylı qərarından görünür ki, bələdiyyənin qeyd olunan qərarı ilə DTXK Yevlax rayon şöbəsinin hazırladığı sənədləri əsas tutaraq İddiaçı 0,12 ha torpaq sahəsinin satılması barədə qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, DTXK Yevlax rayon şöbəsi İddiaçı həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı aşağıdakı məzmunda rəy vermişdir: - İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,12 ha olmaqla kənd təsərrüfatına yararlıdır, Səmədabad bələdiyyəsinə aiddir və alqı-satqı predmetidir. İş materiallarından görünür ki, Yevlax rayonu Səmədabad bələdiyyəsi tərəfindən İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinin planı tərtib edilmiş və həmin plan DTXK Yevlax rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, Yevlax rayonu Səmədabad bələdiyyəsi, İddiaçı və DTXK Yevlax rayon şöbəsi tərəfindən bələdiyyənin 20 sentyabr 2007-ci il tarixli 15 saylı qərarı ilə İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, akt 14 aprel 2009-cu il tarixdə 1377 nömrə ilə qeydiyyat alınmışdır. İş materiallarında olan AQS seriyalı 122862 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən 29 sentyabr 2007-ci il tarixdə Yevlax rayonu Səmədabad bələdiyyəsinin hesabına ödəniş təyinatı “torpaq alqı-satqısı” olmaqla 154 (yüz əlli dörd) manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan X3 Filialının müvafiq sorğuya cavab olaraq Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 19 avqust 2024-cü il tarixli 3-48-DA-15F/2-95/2024 nömrəli məktubunda bildirilir ki, Yevlax rayonu Səmədabad bələdiyyəsinin sənəd materialları mühafizə olunmaq üçün X4 təhvil verilməmişdir. Odur ki, Səmədabad bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 15 saylı qərarı ilə X1 torpaq sahəsinin verilməsini müəyyən etmək mümkün olmadı. DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə müvafiq müraciətə cavab olaraq ünvanlanmış 9 aprel 2025-ci il tarixli məktubu ilə hazırkı mübahisə ilə bağlı aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: - İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu Səmədabad bələdiyyəsinin TEKUİS-dəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi Səmədabad bələdiyyəsidir. Faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddia edilən torpaq sahəsi Yevlax rayonu Səmədabad bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 15 saylı iclasının qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin digər müvafiq müraciətə cavab olaraq məhkəməyə ünvanlanmış növbəti 28 iyul 2025-ci il tarixli məktubu ilə hazırkı mübahisə ilə bağlı aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: - Mübahisə predmeti olan 0,12 ha torpaq sahəsi kənd təsərrüfatına yararsız sahədir. Mübahisəli torpaq sahəsinə qonşu olan torpaq sahələri TEKUİS məlumat bazasına əsasən təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti (keçmiş süd əmtəə fermasının ərazisi) altında olan torpaqlar, qonşu torpaq sahəsi də kənd təsərrüfatına yararsız sahədir. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, surəti iş materiallarında olan Yevlax rayonu Səmədabad bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 15 saylı iclasının qərarı Yevlax rayonunun Səmədabad kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Bələdiyyənin sözügedən qərarı ilə bağlı «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla satılmış 0,12 ha torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və ya etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Yevlax rayonu Səmədabad bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 15 saylı iclasının qərarının arxiv nüsxəsinin müvafiq arxiv qurumundan aşkarlanmaması da onun həqiqiliyinə təsir edən amil kimi qiymətləndirilməməlidir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, “Torpaq sahəsinin alqı-satqısı”na dair akt 1 dekabr 2007-ci il tarixdən sonra (14 aprel 2009-cu il tarixdə) qeydə alınmışdır. Bu dəlillə əlaqədar qeyd olunmalıdır ki, Yevlax rayonu Səmədabad bələdiyyəsinin mötəbər sayılan 20 sentyabr 2007-ci il tarixli 15 saylı iclasının qərarına əsasən iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyləri ilə mübahisə obyekti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, eləcə də kənd təsərrüfatına yararsız olması təsdiqlənir. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, İddiaçı Yevlax rayonu Səmədabad bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 15 saylı iclasının qərarı ilə satılmış torpaq sahəsi ilə bağlı DTXK Yevlax rayon şöbəsi müvafiq planı (sxemi) təsdiq etmişdir və qərarda DTXK tərəfindən hazırlanmış sənədlərə də istinad olunmuşdur. Bu xüsusat torpaq ayrılan zaman DTXK Yevlax rayon şöbəsi tərəfindən məsələyə etiraz olunmadığını ehtiva edir. Bundan başqa, “Torpaq sahəsinin alqı-satqısına dair akt” sonradan da olsa Yevlax rayonu Səmədabad bələdiyyəsinin və DTXK Yevlax rayon şöbəsinin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. Nəzərə alınmalıdır ki, DTXK Yevlax rayon şöbəsi 2015-ci ilin 5 fevral tarixinədək fəaliyyət göstərmişdir. Bu aktın hər hansı tarixdə təsdiqi torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Yevlax rayonu Səmədabad bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 15 saylı iclasının qərarının qəbulu üzrə DTXK-nın yerli qurumu tərəfindən alqı-satqı aktı üzrə vaxtında qeydiyyat aparılmaması inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Yevlax rayonu Səmədabad bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 15 saylı iclasının qərarı ilə ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi İddiaçı müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona Yevlax rayon Səmədabad bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli, 15 saylı iclasının qərarına əsasən satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ona Yevlax rayon Səmədabad bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli, 15 saylı iclasının qərarına əsasən satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2-1(116)-872/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-872/2025
19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver