Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-874/2025 17.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Balakən Bələdiyyəsi üçüncü şəxs qismində cəlb olunmaqla “Balakən şəhəri R.Səmədov küçəsi (əvvəlki 20 yanvar) ərazisində yerləşən Balakən bələdiyyəsinin 28 yanvar 2001-ci il tarixli, 01 saylı bələdiyyə iclasının protokolu və Balakən bələdiyyəsinin sədrinin xx.xx.2001-ci il tarixli, 09 saylı sərəncamı ilə satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən şəhəri R.Səmədov küçəsi (əvvəlki 20 yanvar) ərazisində yerləşən Balakən bələdiyyəsinin 28 yanvar 2001-ci il tarixli, 01 saylı bələdiyyə iclasının protokolu və Balakən bələdiyyəsinin sədrinin xx.xx.2001-ci il tarixli, 09 saylı sərəncamı ilə satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2916/2024 nömrəli qərardadı ilə Balakən Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “İddiaçı ərizə ilə Balakən Bələdiyyəsinə müraciət edərək Balakən Bələdiyyəsinin mülkiyyətində olan sahədən 16.8 kvm torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Onun ərizəsinə 25 yanvar 2001-ci il tarixdə Balakən Bələdiyyəsinin iclasında baxılmış və Balakən Bələdiyyəsinin 28 yanvar 2001-ci il tarixli 01 saylı Bələdiyyə iclasının protokolu və Balakən Bələdiyyəsinin sədrinin xx.xx.2001-ci il tarixli 09 saylı sərəncamı ilə Balakən Bələdiyyəsinin mülkiyyətində olan sahədən 5.6x3m, yəni 16.8 kvm torpaq sahəsinin ayrılması qərara alınmışdır. İddiaçı 01 fevral 2001- ci il tarixdə Balakən Bələdiyyəsinin hesabına o vaxtkı məzənnə ilə 28560 (iyirmi səkkiz min beş yüz altmış) manat ödəniş etmişdir. İddiaçı sonradan orada mağaza binası inşa etmişdir. Göründüyü kimi İddiaçı 5.6x3m, yəni 16.8 kvm torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə ərizəçiyə satılmışdır. Hazırda iddiaçının hüquqi marağı 16.8 kvm torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinə nail olmaqdan ibarətdir. Buna görə də yuxarıda qeyd etdiklərimi nəzərə alaraq Balakən şəhəri R.Səmədov küçəsi (əvvəlki 20 yanvar) ərazisində yerləşən Balakən Bələdiyyəsinin 28 yanvar 2001-ci il tarixli 01 saylı Bələdiyyə iclasının protokolu və Balakən Bələdiyyəsinin sədrinin xx.xx.2001-ci il tarixli 09 saylı sərəncamı ilə satılmış torpaq sahəsi üzərində İddiaçımülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsində müraciətə baxılmış və idarənin 04 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2-T-0020- 8/2023 saylı məktubu ilə cavablandırılmışdır. Həmin məktubda qeyd edilmişdir ki, ərizənizlə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, ərizənizə qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əslləri, Balakən Bələdiyyəsi tərəfindən tərtib edilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmiş “Torpaqların alqı-satqısına dair Akt" sənədi, ləğv olunmuş DTXK-nin Balakən rayon şöbəsinin rəyi, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və s əlavə olunmamışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş edir.Hesab edirəm ki, iddia tələbi tam əsaslıdır. Belə ki, iddiaçının sahibliyində və istifadəsində hazırda 16.8 kvm torpaq sahəsi var. 16.8 kvm torpaq sahəsi Balakən Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 01 saylı protokol qərarına əsasən iddiaçıya satılmışdır. Cavabdeh orqanın mübahisəsi isə Balakən Bələdiyyəsi tərəfindən tərtib edilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmiş “Torpaqların alqı-satqısına dair Akt" sənədi, ləğv olunmuş DTXK-nin Balakən rayon şöbəsinin rəyi, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və s sənədi olmadığı üçün iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasının mümkün olmaması, bunun üçün məhkəmə qərarının olması ilə əsaslandırmışdır. İddiaçı qeyd edir ki, mübahisələndirilən 16.8 kvm torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, Balakən Bələdiyyəsinin qərar və srəncamları ilə də təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtibi və qeydiyyatı ilə bağlı prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Ona görə də, yuxarıda qeyd edilənləri və müvafiq qanunvericilik aktlarını nəzərə alaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala əraziİdarəsinin üzərinə Balakən şəhəri R.Səmədov küçəsi (əvvəlki 20 yanvar) ərazisində yerləşən Balakən Bələdiyyəsinin 28 yanvar 2001-ci il tarixli 01 saylı Bələdiyyə iclasının protokolu və Balakən Bələdiyyəsinin sədrinin xx.xx.2001-ci il tarixli 09 saylı sərəncamı ilə satılmış torpaq sahəsi üzərində İddiaçımülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən 16.8 kv.m torpaq sahəsinə dair tərəfinizdən təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, qeyd edilən torpaq sahəsinin sahibkarlıq məqsədilə ayrılmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin iradə ifadəsini (razılığını) özündə əks etdirən, Komitənin səlahiyyətli əməkdaşı tərəfindən imzalanan (və möhürlə təsdiqlənən) müvafiq sənədlər (sahəseçmə aktı, təhvil-təslim aktı, 30 noyabr 2007-ci il tarixinədək hazırlanmış “Torpaqların alqı-satqısına dair Akt” sənədi, yerquruluşu planından çıxarış, plan-ölçü sənədi, rəyi və s.), bələdiyyənin həmin torpaq sahəsini iddiaçıya satması barədə qərarının qüvvədə olması barədə arxiv arayışı və müvafiq dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizənizə əlavə olunmamışdır. Buna görə də, onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-P-0001-8/2024 (**********76) nömrəli məktub ünvanlanmışdır. Sərəncamın 2-ci bəndinin icrası ilə bağlı inzibati icraat materialların təsdiq edilmiş surətləri təqdim olunur. Bildiririk ki, daşınmaz əmlak, o cümlədən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş mövcud hüquqmüəyyənedici sənədlər əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci və 15.1.2-ci maddələrinə əsasən, qeyd olunan daşınmaz əmlak üzərində hüquqlarınızın dövlət qeydiyyatından imtina olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı tərəfindən təqdim etdiyi sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı üçün həmin sənədlər əsasında qeydiyyatın aparılması mümkün olmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsində qeyd olunur ki, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Digər tərəfdən bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş edirik.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Balakən bələdiyyəsinin 28 yanvar 2001-ci il tarixli, 01 saylı bələdiyyə iclasının protokol qərarının surəti.
3. Balakən bələdiyyəsinin sədrinin xx.xx.2001-ci il tarixli, 09 nömrəli sərəncamının surəti.
4. İddiaçının təqdim etdiyi xx.xx.2001-ci il tarixli ödəniş qəbzindən görünür ki, 28560 manat məbləğində torpağın dəyəri Balakən Bələdiyyəsinin hesabına ödənilmişdir.
5. Balakən rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışının surəti.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Tətbiq edilən hüquq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” Əsasnamə:
10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.
22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının aynlmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında” 06 may 2002-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən Əsasnamənin 17, 18. 19, 21 və 22-ci bəndlərində nəzərdə tutulmuş “icra hakimiyyəti” orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı məzmun baxımından torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına və müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddia olunan torpaq sahəsi Balakən bələdiyyəsinin mülkiyyətində olan kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlara, islahat uqodiyası isə tikinti atında olan torpaqlara aiddir. İddia olunan torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış tikilisinin faktiki istifadəçisi İddiaçıdur və həmin torpaq sahəsi başqa vətəndaşların xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Qeyri yaşayış tikilisinin yerləşdiyi torpaq sahəsinin ölçüsü və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. iddia olunan 16.8 kv.m torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindən az deyildir və həmin torpaq sahəsinin naturada ölçüsü 20 kv.m-dir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Balakən Bələdiyyəsinin 28 yanvar 2001-ci il tarixli 01 saylı Bələdiyyə iclasının protokolu və Balakən Bələdiyyəsinin sədrinin xx.xx.2001-ci il tarixli 09 saylı sərəncamı ilə İddiaçı ayrılmış 16,8 kv.m torpaq sahəsi onun istifadəsində və sahibliyindədir, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə ödəniş qəbzi mövcuddur. Göründüyü kimi iddiaçı üzərinə düşən vəzifəni yerinə yetirmiş, torpaq sahəsinin dəyərini ödəmiş, lakin səlahiyyətli orqanların təqsiri üzündən “Torpaqların alqı-satqısına dair Akt” sənədi, yerquruluşu planından çıxarış, plan-ölçü sənədi, rəyi və s. aktı tərtib olunmamışdır. Cavabdeh imtinasının əsası kimi ona istinad etmişdir ki, iddiaçı tərəfindən təqdim etdiyi sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğun deyildir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir. İlk növbədə qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz Balakən Bələdiyyəsinin 28 yanvar 2001-ci il tarixli 01 saylı Bələdiyyə iclasının protokolu və Balakən Bələdiyyəsinin sədrinin xx.xx.2001-ci il tarixli 09 saylı sərəncamı ilə ifadə olunur. İddiaçı tərəfindən bələdiyyənin hesabına müəyyən olunmuş məbləğdə vəsaitin ödənilməsi məhz torpaq sahəsinin alqı-satqısı məqsədinə nail olunasına xidmət etdiyindən iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alğı-satqısı baş tutmuş sayılmalıdır. Odur ki, cavabdehin istinad etdiyi dəlillər yuxarıda göstərilən normaların mahiyyəti, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hüququnun qeydə alınmasından imtina üçün yetərli əsas kimi qəbul edilə bilməz. Bundan başqa, nəzərə alınmalıdır ki, köşk tikintisi üçün ayrılan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş normaya uyğunluğunun təmin olunması həmin sahəni ayırmış inzibati orqanın, eləcə də bununla bağlı müvafiq rəyləri vermiş və ayırmaya etiraz etməmiş səlahiyyətli orqanların məsuliyyət sferasına aiddir. Mülkiyyətçinin iradə ifadəsinin sərbəst realizə edilməsi baxımından cavabdeh orqan qanunverici tərəfindən hər hansı nəzarət səlahiyyəti ilə təchiz olunmamışdır və bu mənada torpağın ayrılmasına məsul olan inzibati orqanların fəaliyyət sahəsinə müdaxilə edə bilməz. Digər tərəfdən, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Bələdiyyənin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.”. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – Bələdiyyənin və İcra hakimiyyətinin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etməyə başlamışdır və istifadə etməkdə davam edir. Bu müddət ərzində iddiaçının həmin qərarın məzmununa, onun qanunauyğunluğuna və dəyişməzliyinə müəyyən inamı, etimadı yaranmışdır. Yəni, iddiaçının məhz 16,8 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair müəyyən gözləntiləri yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir və şəxsin bu haqqı qanunla qorunur. Baxılan iş üzrə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Balakən şəhəri R.Səmədov küçəsi (əvvəlki 20 yanvar) ərazisində yerləşən Balakən bələdiyyəsinin 28 yanvar 2001-ci il tarixli, 01 saylı bələdiyyə iclasının protokolu və Balakən bələdiyyəsinin sədrinin xx.xx.2001-ci il tarixli, 09 saylı sərəncamı ilə satılmış 16.8 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı: İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən şəhəri R.Səmədov küçəsi (əvvəlki 20 yanvar) ərazisində yerləşən Balakən bələdiyyəsinin 28 yanvar 2001-ci il tarixli, 01 saylı bələdiyyə iclasının protokolu və Balakən bələdiyyəsinin sədrinin xx.xx.2001-ci il tarixli, 09 saylı sərəncamı ilə satılmış 16.8 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev