Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-875/2025 27.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X7 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Balakən rayonu, Tülü kəndi) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (yerləşdiyi yer: Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti135) (üçüncü şəxs – Balakən rayonu Tülü bələdiyyəsi yerləşdiyi yer: Balakən rayonu, Tülü kəndi – X5 və X6 inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri: Balakən şəhəri, M.Müşfiq küçəsi ev 5A, m., 2) qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Balakən rayonu Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli 14 saylı iclasının protokolu ilə həyətyanı məqsədilə həmin bələdiyyənin ərazisində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı satılmışdır. İddiaçı həmin qərar əsasında ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 19 iyun 2023-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını torpaq sahəsinin alqı-satqısına dair aktın 26 dekabr 2008-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində qeydiyyata alınması ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 8 avqust 2024-cü il tarixli qərardadı ilə Balakən rayonu Tülü bələdiyyəsi, 30 oktyabr 2025-ci il tarixli qərardadı ilə isə X5 və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırır ki, o, hazırda Balakən rayonu Tülü kəndi qeydiyyatda olmaqla yaşayır. O, ərizə ilə Balakən rayonu Tülü bələdiyyəsinə müraciət edərək Balakən rayonu Qazbinə bələdiyyəsinin mülkiyyətində olan sahədən 0,10 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Onun ərizəsinə 10 oktyabr 2007-ci il tarixdə Balakən rayonu Tülü bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli protokolu və 12 oktyabr 2007-ci il tarixli 34 saylı sərəncamı ilə Balakən rayonu Tülü bələdiyyəsinin mülkiyyətində olan sahədən ev tikmək üçün 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Balakən rayonu Tülü bələdiyyəsinin sədrinin, DTXK-nın Balakən rayon şöbəsinin müdirinin və İddiaçı iştirakı ilə 26 dekabr 2008-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, imza və möhürlərlə təsdiq edilmişdir. Həmin Akt keçmiş DTXK Balakən rayon şöbəsində 26 dekabr 2008-ci il tarixdə 226 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçıya yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinə keçmiş DTXK tərəfindən A021897 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və X11 Kitabında 29 dekabr 2007-ci il tarixdə 179 nömrə ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçıya yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə ona satılmışdır. İddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin qurum müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab etdiyindən məhkəmədə mübahisələndirir. Cavabdeh iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, Balakən rayonu, Tülü kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Balakən rayon Tülü bələdiyyəsi tərəfindən ayrılan 0,10 ha torpaq sahəsinə dair “torpaqların alqı-satqısına dair akt” sənədi Ləğv edilmiş DTXK Balakən rayon şöbəsində 26 dekabr 2008-ci il tarixində qeydiyyata alınmışdır. Buna görə də, iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə ona 19 iyun 2023-cü il tarixli, 3-21-3-47/2-O-0009-8/2023 (**********35) nömrəli məktub ünvanlanmışdır. Ərazi idarəsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8 və 10-cu maddələrinin tələbləri ilə müəyyən edilmiş sənədlər əsasında aparır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı Qaydaları»nın 8-ci maddəsinə əsasən torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. «Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» 23 oktyabr 2007-ci il tarixli Qanunun 3-cü hissəsində «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.6-cı maddəsi yeni redaksiyada verilmiş (Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir) və həmin Qanun 30 noyabr 2007-ci il tarixində qüvvəyə minmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Sözügedən qanun qüvvəyə mindiyi tarixdən sonra bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin “bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Balakən rayonu Tülü bələdiyyəsi məhkəməyə ünvanladığı 24 oktyabr 2025-ci il tarixli 144 nömrəli məktubunda aşağıdakıları qeyd etmişdir: - Balakən rayonu Tülü kənd sakini olan İddiaçı ərizə ilə Balakən rayonu Tülü bələdiyyəsinə müraciət edərək, Balakən rayonu Tülü bələdiyyəsinin mülkiyyətində olan sahədən 0,10 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Onun ərizəsinə 10 oktyabr 2007-ci il tarixdə Balakən rayonu Tülü bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli 13 nömrəli protokolu və 12 oktyabr 2007-ci il tarixli 34 saylı sərəncamı ilə Balakən rayonu Tülü bələdiyyəsinin mülkiyyətində olan sahədən ev tikmək üçün 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Balakən rayonu Tülü bələdiyyəsinin sədrinin, DTXK-nın Balakən rayon şöbəsinin müdirinin və İddiaçı iştirakı ilə 26 dekabr 2008-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, imza və möhürlərlə təsdiq edilmiş, həmin Akt keçmiş DTXK Balakən rayon şöbəsində 26 dekabr 2008-ci il tarixdə 226 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda İddiaçı yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinə keçmiş DTXK tərəfindən A021897 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və X11 Kitabında 29 dekabr 2007-ci il tarixdə 179 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi verildiyi vaxtdan İddiaçı ölçülərək təhvil verilmiş, İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək ailəsi ilə orada yaşayır. Hazırda həmin torpaq sahəsi ilə bağlı mübahisə yoxdur. Balakən rayonu Tülü kənd sakini olan X5 ərizə ilə Balakən rayonu Tülü bələdiyyəsinə müraciət edərək, ona 0,06 ha torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Balakən rayonu Tülü bələdiyyəsinin 22 yanvar 2001-ci il tarixli 01 nömrəli protokoluna əsasən X3 eyni ərazidən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 ona əvəzsiz verilmiş 0,06 ha torpaq sahəsinin geri qaytarılması barədə Bələdiyyəyə imtina ərizəsi ilə müraciət etmiş, Balakən rayonu Tülü bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli 04 nömrəli iclas protokoluna əsasən Balakən rayonu Tülü kənd sakini olan X2 ərizəsi nəzərə alınaraq Bələdiyyə tərəfindən əvəzsiz olaraq həyətyanı üçün 0,06 ha torpaq sahəsinin verilməsi barədə 22 yanvar 2001-ci il tarixli 01 nömrəli qərar ləğv edilmiş və bu barədə DTXK Balakən rayon şöbəsinə məlumat verilmişdir. Balakən rayonu Tülü bələdiyyəsi 10 oktyabr 2007-ci il tarixli 13 nömrəli protokol ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmir və işə Balakən rayonu Tülü bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə icraatında məhkəmənin sorğusu üzrə DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin 12 sentyabr 2025-ci il tarixli məktubu ilə göndərilmiş və hazırkı iş üzrə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar bildirilmişdir: - Balakən rayonu Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı Əhməd oğluna ayrılmış 0,10 ha torpaq sahəsi iddiaçının naturada istifadə etdiyi 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşür. Lakin iddiaçının naturada istifadə etdiyi 0,10 ha torpaq sahəsinin hüdudları daxilinə X5, X4 adına işlənilmiş, kadastr nömrəsi **********0329 olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 0,06 ha torpaq sahəsi düşür. İddiaçının naturada istifadə etdiyi 0,10 ha torpaq sahəsinin hüdudları daxilinə düşən X5 və X4 adına işlənilmiş sənədin surəti İdarənin arxiv fondunda aşkar edilməmişdir. Torpaq sahəsinin naturada istifadəçisi İddiaçı Əhməd oğludur. İddiaçının naturada istifadə etdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı məqsədilə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulan ərazidir. İddia olunan torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Naturada ölçülmüş torpaq sahəsi DTXK Balakən rayon şöbəsi tərəfindən verilmiş A021897 nömrəli plan-ölçüdə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Ancaq iddiaçının naturada istifadə etdiyi 0,10 ha torpaq sahəsinin hüdudları daxilinə X5 və X4 adına işlənilmiş, kadastr nömrəsi **********0329 olan Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,06 ha torpaq sahəsi düşür. Naturada ölçülmüş torpaq sahəsinin ətrafı bütövlükdə hasara alınmışdır, hüdudları daxilində yaşayış evi vardır. Ərazinin ortofoto görüntüsündən çıxarış təqdim edilir. Məhkəmə icraatının gedişində Əmlak Məsələləri Dövlət Xidmətinin Ali Məhkəməyə ünvanlanmış 1 dekabr 2025-ci il tarixli məktubundan məlum olmuşdur ki, İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 58-ci maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə iş üzrə cavabdeh DƏDKR publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsini DƏDKR publik hüquqi şəxsi ilə əvəz etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə inzibati məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmişlər, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati orqan DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Balakən rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Balakən rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin iddiaçıya Balakən rayonu Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli 14 saylı iclasının protokolu (qərarı) ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarında olan Balakən rayon Dövlət Arxivinin 14 avqust 2024-cü il tarixli məktubuna Balakən rayonu Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli 14 saylı iclasının protokolu əlavə edilmişdir. Həmin protokoldan görünür ki, bələdiyyənin iclasında Tülü kənd sakini İddiaçı Əhməd oğluna veriləcək torpaq sahəsi su, elektrik xətti, kəndaxili ərazi ilə həmsərhəd olduğu üçün perspektiv əraziyə daxil olan 0,10 ha torpaq sahəsialqısatqı yolu ilə satılmışdır. İş materiallarında olan Balakən RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsi 21 dekabr 2022-ci il tarixli 92 nömrəli rəyində qeyd etmişdir ki, İddiaçı Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli 13 nömrəli qərarı ilə həyətyanı üçün ayrılmış 0,10 ha torpaq sahəsi şimaldan xüsusi mülkiyyətdə olan torpaq sahəsi, cənubdan xüsusi mülkiyyətdə olan torpaq sahəsi, şərqdən xüsusi mülkiyyətdə olan torpaq sahəsi, qərbdən xüsusi mülkiyyətdə olan torpaq sahəsi və 7 m enində yol ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru maillidir və relyefi sakitdir. Ərazidən yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması məqsədəuyğundur. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Balakən rayonu Tülü bələdyyəsinin 10 oktyabr 2007-ci il tarixli 14 nömrəli iclasının qərarı (protokolu) müvafiq hissədə 0,10 ha torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Balakən rayonu Tülü bələdyyəsinin 10 oktyabr 2007-ci il tarixli 14 nömrəli qərarına (müvafiq hissədə) münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış 0,10 ha torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, iddia olunan torpaq sahəsinə dair DTXK-nın yerli şöbəsi tərəfindən təsdiq edilmiş “Torpaq sahəsinin alqı-satqına dair akt” 26 dekabr 2008-ci il tarixdə qeydiyyata alınmışdır. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Balakən rayonu Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli 14 nömrəli iclasının protokoluna (qərarına) əsasən İddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, İddiaçı Əhməd oğluna Balakən rayonu Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli 14 nömrəli iclasının qərarı ilə ayrılan torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin alqı-satqısına dair akt” tərtib olunmuş akt DTXK Balakən rayon şöbəsində 26 dekabr 2008-ci ildə qeydiyyata alınsa da, bu akt torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil. Balakən rayonu Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli 14 nömrəli iclasının qərarının müvafiq hissədə qəbulu üzrə tərtib olunmuş alqı-satqı aktının 30 noyabr 2007-ci il tarixdən sonra qeydiyyata alınması inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda, eləcə də məhkəməyə təqdim edilmiş etiraz məktubunda iddia predmeti olan 0,10 ha torpaq sahəsinin hüdudları daxilinə digər şəxslərə məxsus plan-ölçü sənədində göstərilən 0,06 ha torpaq sahəsinin işlənilməsi imtina əsası kimi qeyd edilməsə də, məhkəmə iş materiallarında olan və məhkəmə icraatında tətqiq edilmiş mütəxəssis rəyində qeyd olunan bu hal ilə bağlı qeyd edir ki, torpaq sahəsi əvvəl Balakən rayonu Tülü bələdiyyəsinin 22 yanvar 2001-ci il tarixli 01 nömrəli iclasının qərarı ilə həmin şəxslərə, yəni hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərə ayrılmış, lakin sonradan hüquq subyektinin müvafiq ərizəsi ilə 10 yanvar 2007-ci il tarixli 04 nömrəli iclasın qərarına əsasən ilkin qərar ləğv edilmişdir. Məhkəmə həmçinin diqqətə çəkir ki, iddia tələbində mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya Balakən rayonu Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli 13 nömrəli qərarı ilə verildiyi qeyd edilsə də, Balakən rayon dövlət arxivindən təqdim edilmiş protokoldan görünür ki, sözügedən torpaq sahəsi iddiaçıya eyni tarixli, lakin 14 saylı iclas protokolu ilə ayrılmışdır. Məhkəmə qeyd olunan halı formal xəta kimi qiymətləndirir və iddia tələbinə iddiaçı tərəfindən əlavə ərizə təqdim edilməklə iddiaya düzəliş edilməsini zəruri saymır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi İddiaçı müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona Balakən rayonu Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli, 14 saylı iclas protokoluna əsasən həyətyanı məqsədilə satılmış 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-in 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. İPM-in 110-cu maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir (maddə 110.1). Yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər (maddə 110.4). MPM-in 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarından görünür ki, hazırkı məhkəmə icraatında aidiyyəti suallar üzrə mütəxəssis rəyinin alınması üçün İddiaçı DƏDKR publik hüquqi şəxsinin müvafiq bank hesabına 95 manat pul vəsaiti ödəmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə icraatda 95 manat məbləğində mütəxəssisə ödənilmiş prosessual xərc inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin təqsiri üzündən yaranmamışdır. Odur ki, cavabdeh DƏDKR publik hüquqi şəxsi məhkəmə məsrəfi kimi İddiaçı tərəfindən məhkəmə icraatında mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat pul vəsaitini iddiaçıya ödəməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ona Balakən rayonu Tülü bələdiyyəsinin 10 oktyabr 2007-ci il tarixli, 14 saylı iclas protokoluna əsasən həyətyanı məqsədilə satılmış 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi məhkəmə məsrəfi kimi İddiaçı tərəfindən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat pul vəsaitini iddiaçıya ödəsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №2-1(116)-875/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-875/2025
27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver