Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-876/2022 22.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin iddiaçı Mirzəyeva (Mamedova) Minə Qədim qızının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin iddiaçı Mirzəyeva (Mamedova) Minə Qədim qızının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1966-cı ildə ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı xx.xx.1985-ci ildə X7 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. İddiaçı subay ikən növbəlilik əsasında adına mənzil ayrılmışdır. Ailə qurduqdan sonra Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzili Azərbaycan SSR Mingəçevir şəhər X17 İcraiyyə Komitəsinin Mənzil Uçotu və Bölgüsü şöbəsi tərəfindən 30 sentyabr 1987-ci il tarixli qərarına əsasən 02 oktyabr 1987-ci il tarixli 5673 saylı orderlə, iddiaçı Mamedova (Mirzəyeva) Minə Qədim qızı həmin mənillə təmin olunmuşam. İddiaçıya mənzil təhvil veriləndə ailəli olmuşdur. Mənzil iddiaçının istifadəsinə verildiyi gündən ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. X3 adı qeyd olunmuşdur. Ancaq iddiaçının qardaşı M.Məmmədov həmin mənzildə nə yaşamamış, nə də ki, qeydiyyatda deyildir. Öz ailəsi vardır. Daimi yaşayış yeri olmaqla, arvadı ilə birlikdə bir mənzildə yaşayırlar, iddiaçının eşitdiyinə görə yaşadıqları mənzil arvadının adınadır, birgə nikah dövründə almışlar. Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilində iddiaçı və ailə üzvlərindən başqa heç kim qeydiyyatda deyil. İddiaçının istifadəsində olan bu mənzil dövlət fondu mənzilidir. İddiaçı həmin mənzilin onun mülkiyyətinə verilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********34 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Mingəçevir şəhəri, N.Nərimanov küşəsi 32 saylı binanın 1 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə müraciət etmişdir. İddiaçıya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11 maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edildiyi bildirildi. Əlavə olaraq bildirilir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-876/2022 nömrəli qərardadı ilə X11, X7, X13 və X12 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdur. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsi, həmçinin üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İş materiallarında olan: X9 filialının xx.xx.2022-ci il tarixli 10-Asan nömrəli arxiv arayışında qeyd olunur ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən xx.xx.1987-ci il tarixli 280 saylı qərarında X8 adına ev bölgüsü qeyd olunmuşdur. ASAN-Mingəçevir tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, X13, X12 və X1 şəhəri N.Nərimanov küçəsi ev 32 mənzil 1 ünvanında qeydiyyatdadırlar. “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X2 şəhəri ünvan 2 ünvanında qeydiyyatdadır. 485684 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X15 arasında xx.xx.1985-ci ildə nikah bağlanmışdır. İddiaçı Mirzəyeva soyadını qəbul etmişdir. xx.xx.1987-ci il tarixli 5673 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçıya mənzillə təmin olunması üçün Mingəçevir Şəhər XDS-in xx.xx.1987-ci il tarixli 280 nömrəli qərarı ilə verilmişdir. X9 filialının xx.xx.2022-ci il tarixli T-29 nömrəli arxiv arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X10 6 nəfər ailə üzvü ilə birlikdə mənzil sahəsi tutmaq üçün verilmişdir. Sonradan digər ailə üzvlərinin ərizələrinə əsasən sözügedən mənzildə order 2 nəfərin adına, yəni X14 və qardaşı X5 adına işlənilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X17nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Lakin burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkdə sərbəstdir. Beləliklə, özəlləşdirmənin aparılmasına dair razılıq iki məsələ üzrə iradənin birgə mövcudluğunu tələb edir - həm ümumən özəlləşdirmənin aparılmasına dair razılığın, həm də onun hansı qaydada aparılmasına dair razılığın bildirilməsi. Qanunun 5-ci maddəsi mövqeyindən çıxış edərək göstərilməlidir ki, özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, mübahisəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxslərdən olan üçüncü şəxs X5 razılığı olmadığı üçün cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə iddiaçının mənzili (hüququ çatan hissəsini) digər kirayəçinin razılığı olmadan özəlləşdirmək hüququna malik olduğuna dair dəlilini əsassız hesab edir. Belə ki, yuxarıda şərh olunanlardan da göründüyü kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir. Sözügedən qanunvericilikdə özlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda digər şəxslərə münasibətdə özəlləşdirmənin aparılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iştirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir. Baxılan məsələ ilə bağlı olaraq həmçinin nəzərə almaq lazımdır ki, dövlət “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir. Hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə dövlətin sözügedən mülahizə səlahiyyətinin həyata keçirilməsi qaydasına və qanunvericinin iradəsinə müdaxilə edə bilməz. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu zaman şəxslərin mənzil hüquqlarının müdafiəsi ilə bağlı ədalətli tarazılığa da riayət edilmiş olur. Belə ki, özəlləşmənin baş tutmaması orada yaşayan və mənzili özəlləşdirmək istəyən şəxslərin həmin mənzildən istifadələrinə hər hansı qaydada əngəl törətmir, onların mənzildən çıxarılmalarına səbəb olmur. Eləcə də, həmin şəxslər gələcəkdə özəlləşdirməyə dair ümumi razılıq əldə ediləcəyi halda mənzili özəlləşdirmək hüququndan istifadə imkanlarını yenə də qoruyub saxlayırlar. Beləliklə, hazırkı işdə digər hüququ olan şəxs buna razılıq vermədiyi üçün iddiaçının mənzilin özəlləşdirilməsinə dair müraciətlərinin təmin edilməməsi zamanı cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasındakı ədalətli tarazılığa riayət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1419/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğundur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin iddiaçı Mirzəyeva (Mamedova) Minə Qədim qızının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-876/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-876/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver