Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-877/2022 24.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1, üçüncü şəxslər X15 və X9 iştirakı ilə, İddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsinin cavabdeh Göyçay rayonu Qaraməryəm bələdiyyəsinə qarşı “üçüncü şəxslər X7, X15, X4, X16, X17 və X5 torpağın alınması ilə bağlı cavabdeh Göyçay rayon Qarayazı bələdiyyəsi tərəfindən verilmiş 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsi cavabdeh Göyçay rayonu Qarayazı bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağsu rayon Növcü kəndində yerləşən 5.03 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1687/2022 nömrəli qərardadı ilə cavabdeh Göyçay rayonu Qarayazı bələdiyyəsi, hüquq varisi olan - Göyçay rayon Qaraməryəm bələdiyyəsi ilə əvəz edilmiş, inzibati iş üzrə X7, X15, X4, X16, X17 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçı, iddia tələbini aşağıdakı kimi əsaslandırmışdır: - üçüncü şəxslər X11, X15, Qasımova Fəzilə idin qızı, X16, X17 və X5 “Qaz ixrac” İdarəsinin Ağdaş Magistral X22 istismarında olan yüksək təzyiqli yeraltı 1220 mm-lik "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin (istismar tarixi 1985-ci il) Göyçay rayonu, Qarayazı kəndinin ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında torpaq sahələrinin ayrılmasına dair cavabdeh Göyçay rayonu Qarayazı bələdiyyəsi tərəfindən verilmiş 08 yanvar 2007-ci il tarixli 01 saylı qərar aşağıdakı əsaslara görə qanunsuz və əsassızdır: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qəbul edilmiş və hazırkı qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarının tələblərini ciddi surətdə pozmuşdur. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” nın 2.11-ci bəndinə əsasən Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan tikinti işlərinin aparılması qadağandır, həmçinin 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərə torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla (hüquqi şəxslərlə) razılaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000 -ci il tarixli 356 saylı Fərmanında əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatında şəhər (rayon) İcra hakimiyyəti orqanlarına qaz kəməri keçən ərazilərdə tikililərin aparılması hallarının qəti şəkildə qarşısının alınması tapşırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149.-cu maddəsinin V-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları və hüquqi şəxslər üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən Göyçay rayon Qarayazı Bələdiyyəsi tərəfindən üçüncü şəxslər X11, X15, X4, X16, X17 və X6 magistral qaz kəmərinin mühafizə zonasında torpağın ayrılması ilə bağlı verilmiş sənədlər etibarsız hesab edilməlidir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Üçüncü şəxslər X15 və X17 iddia tələbinə etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişlər ki, hazırkı mübahisəyə əvvəllər baxılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Göyçay rayon Qarayazı bələdiyyəsi tərəfindən verilmiş 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarı İİHQ-nun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt hesab etdiyinə görə hazırkı tələbdə inzibati aktın etibarsızlığını irəli sürmüşdür və iddia tələbinin “mübahisələndirmə haqqında” iddia növünə uyğun qaydada dəyişdirilməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyi ilə razı deyil. Üçüncü şəxslər iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə ü cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İşdə olan, Göyçay rayon Qarayazı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı qərarından və **********, **********, **********, **********, **********, **********, ********** və ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışlardan görünür ki, Göyçay rayonu Qarayazı kənd sakinləri X4, X17, X10, X15, X19, X2, X16 və X3 0.10 ha torpaq sahəsi satılmış, satılmış torpaq sahələri üzərində adları qeyd edilmiş şəxslərin tam xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Göyçay rayon Qarayazı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı qərarının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarına, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” nın 2.11ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000 -ci il tarixli 356 saylı Fərmanına uyğun olmadığını və buna görə də sözügedən qərarın qanunsuz və əsassız olmasını bildirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Göründüyü kimi iddiaçı əslində Göyçay rayon Qarayazı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı qərarını qanunsuz inzibati akt hesab edir. Lakin, hazırkı tələbdə həmin qərarın etibarsız hesab edilməsini xahiş edir və məhkəmənin hüquqi yardımına cavab olaraq sözügedən qərarı İİHQ-nun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt hesab etdiyini bildirir. Lakin, məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edilmiş sənədlərin məzmunundan göründüyü kimi Göyçay rayon Qarayazı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı qərarı ilə torpaq sahəsi ayrılmış bütün şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və çıxarışla rəsmiləşdirilmişdir. Yəni, Göyçay rayon Qarayazı bələdiyyəsi tərəfindən qəbul edilmiş inzibati akt faktiki olaraq icra edilmişdir. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı ilə bağlı iddia “müəyyən etmə və ya tanınma haqqında” iddia növünə aiddir və iddia, tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini - 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Hazırda iddiaçının mübahisələndirdiyi Göyçay rayon Qarayazı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı qərarının qəbul edilməsindən 15 ildən artıq vaxt keçdiyindən, iddiaçının inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması və inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağının olması müəyyən edilmir. Hazırkı iddianın, yəni inzibati aktın etibarsız hesab edilməsi haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, nəzərə alınmalıdır ki, iddiaçının hüquqi marağına uyğun olaraq əlverişli iddia növü “mübahisələndirmə haqqında” iddiadır. İPM-nin 38.1-ci maddəsinə əsasən “mübahisələndirmə haqqında” iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. İş materialları ilə müəyyən edilir ki, əvvəllər iddiaçı X12 cavabdeh Göyçay rayon Qaraməryəm bələdiyyəsinə qarşı “Göyay rayon Qaraməryəm (Qarayazı) bələdiyyəsinin 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarının X2, X19, X15, X17, X4 və X5 aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə (2-1(84)-10/2016) baxılarkən iş üzrə ARDNŞ-nin “Qaz İxrac” idarəsi ilə əvəz olunması barədə vəsatət verilmişdir. Vəsatətin məzmunundan görünür ki, mübahisələndirilən qərarın qəbulundan iddiaçının artıq xx.xx.2014-cü il tarixdə məlumatlı idi. Bundan başqa işdə olan Göyçay rayon Məhkəməsinin 2(046)-17/2014 saylı qətnaməsindən görünür ki, Göyçay rayon Qaraməryəm (Qarayazı) bələdiyyəsinin 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə satılmış torpaq sahəsi ilə bağlı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə” məhkəmə mübahisəsi olmuşdur. Bu isə onu deməyə əsas verir ki, mübahisələndirilən qərarla ayrılmış torpaq sahələri boş olmamış və artıq 2014-cü ildə həmin torpaq sahəsinin mülkiyyətçiləri və istifadəçiləri arasında məhkəmə çəkişmələri baş verdiyindən, iddiaçı, mühafizə zonasına düşdüyünü iddia etdiyi torpaq sahəsində baş vermiş dəyişikliklərdən və qəbul edilmiş qərarlardan məlumatlı idi. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının “mübahisələndirmə haqqında” iddia növünün müddətlə bağlı xüsusi mümkünlük şərtindən yan keçmək üçün hazırkı məzmunda qaldırdığı iddia tələbi mümkün sayıla bilməz. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsinə izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının nümayəndəsi məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsinin cavabdeh Göyçay rayonu Qaraməryəm bələdiyyəsinə qarşı “üçüncü şəxslər X7, X15, X4, X16, X17 və X5 torpağın alınması ilə bağlı cavabdeh Göyçay rayon Qarayazı bələdiyyəsi tərəfindən verilmiş 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.