Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-878/2022 17.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki bələdiyyəsinin 29 sentyabr 2005-ci il tarixli 10 nömrəli iclasının 49 nömrəli qərarına əsasən satılmış, Şəki şəhərinin Dodu ərazisində, M.Ə.Rəsulzadə prospektinin şərqində yerləşən 80 kv.m torpaq sahəsinin mərhum X2 adına qeydiyyata alınması və hüquqmüəyyənedici sənədlərin (arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki bələdiyyəsinin 29 sentyabr 2005-ci il tarixli 10 nömrəli iclasının 49 nömrəli qərarına əsasən iddiaçıya satılmış, Şəki şəhərinin Dodu ərazisində, M.Ə.Rəsulzadə prospektinin şərqində yerləşən 80 kv.m torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı ərizə ilə Şəki bələdiyyəsinə müraciət edərək ona torpaq sahəsinin satılmasını xahiş etmişdir. Şəki bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 nömrəli iclasının 49 nömrəli qərarına əsasən şəhərin Dodu adlanan ərazisində, M.Ə.Rəsulzadə prospektinin şərqindən 80 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. İddiaçı torpaq sahəsinin dəyərini ödəmiş, torpaq sahəsinin ayrılmasına dair müvafiq akt tərtib olunmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********48 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda “Torpaqların alqı-satqısına dair” aktın olmadığı, həmçinin torpaq sahəsinin ərazidən keçən 10 kv-luq elektrik xəttinin mühafizə zolağında yerləşdiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********50 nömrəli “iddiaya qarşı münasibət bildirilməsi barədə” məktubunda imtina məktubunda göstərilənləri qeyd etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-878/2022 nömrəli qərardadı ilə Şəki bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə üçüncü şəxs Şəki bələdiyyəsi xx.xx.2022-ci il tarixli 262 nömrəli məktubunda qeyd etmişdir ki, ünvan ünvanda yaşayan İddiaçı Əhmədiyyə qızının mərhum həyat yoldaşı X2 ərizəsi və digər sənədlər nəzərə alınaraq həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Şəki Bələdiyyəsinin 29 sentyabr 2005-ci il tarixli, 10 saylı iclasının 49 saylı qərarı ilə avtomobil təmiri sexi tikmək məqsədilə şəhərin Dodu ərazisindən, M.Ə.Rəsulzadə prospektinin şərqindən X2 mülkiyyətinə 80 kv.m torpaq sahəsi satılmışdır. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin qərarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şöbəsi tərəfindən alqısatqı aktı tərtib edilməli idi. Lakin vətəndaş tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şöbəsinə müraciət olunmadığından alqı-satqı aktı tərtib edilməmişdir. 2015-ci ildən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. X5 tərəfindən torpaq sahəsinin o vaxt Şəki Bələdiyyəsi tərəfidən müəyyən edilmiş dəyəri Bələdiyyənin bank hesabına tam ödənilmişdir. Üçüncü şəxs Şəki bələdiyyəsi məktubunda bələdiyyənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs Şəki bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və cavabdeh orqan bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “Şəki bələdiyyəsinin 29 sentyabr 2005-ci il tarixli 10 nömrəli iclasının 49 nömrəli qərarına əsasən satılmış, Şəki şəhərinin Dodu ərazisində, M.Ə.Rəsulzadə prospektinin şərqində yerləşən 80 kv.m torpaq sahəsinin mərhum X2 adına qeydiyyata alınması və hüquqmüəyyənedici sənədlərin (arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Respublikası Dövlət Arxivinin Şəki filialının xx.xx.2022-ci il tarixli 56 nömrəli məktubuna əlavə olunmuş Şəki bələdiyyəsinin 10 nömrəli iclas protokolunun xx.xx.2005-ci il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, həmin qərarla Şəki şəhəri Dodu məhəlləsi M.Ə.Rəsulzadə prospekti 403 nömrəli evdə yaşayan X2 ərizəsi nəzərə alınaraq avtomobil təmiri sexi tikmək məqsədi ilə şəhərin Dodu ərazisindən, M.Ə.Rəsulzadə prospektinin şərqindən mülkiyyətinə 80 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Respublikası Dövlət Arxivinin Şəki filialının xx.xx.2022-ci il tarixli 56 nömrəli məktubuna əlavə olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinin Şəki bələdiyyəsinə ünvanladığı məktubun təsdiq olunmuş surətindən görünür ki, Şöbə torpaq sahəsinin mövcud qanunvericiliyə uyğun satılmasına və şəhadətnamə alınaraq dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra təyinatı üzrə istifadə olunmasına etiraz etməmişdir. Respublikası Dövlət Arxivinin Şəki filialının xx.xx.2022-ci il tarixli 56 nömrəli məktubuna əlavə olunmuş Şəki ŞİH-nin DTXK-nın Şəki rayon şöbəsinə ünvanladığı xx.xx.2005-ci il tarixli 13/1029 nömrəli məktubun təsdiq olunmuş surətində qeyd olunur ki, əlaqədar idarə, təşkilatların razılığı, müvafiq qərarolduqdan, tikiləcək avtomobil sexinin sənədləri şəhərin baş memarı ilər razılaşdırıldıqdan sonra sxemdə göstərilən yerdə avtomobil təmiri sexi tikmək üçün torpaq sahəsi ayrılmasına etiraz edilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********39 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Şəki bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı iclasının 49 nömrəli qərarı ilə X1 80 kv.m torpaq sahəsi, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olub başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə tərəfindən hər-hansı bir sənəd təqdim edilmədiyindən sənəd üzrə ayrılmış torpaq sahəsi ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə eyni olub-olmamasını tərəfimizdən müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsi bələdiyyə mülkiyyətində olub X6 vəfat etdiyindən həyat yoldaşı İddiaçı tərəfindən istifadə olunur. X3 Təchizatı və Satışı İdarəsi Şəki Elektrik Şəbəkəsinin xx.xx.2022-ci il tarixli 01- 01/174 nömrəli məktubunda qeyd olunur ki, məhkəmənin müraciəti ilə bağlı Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektinin şərqində yerləşən X4 məxsus 80 kv.m torpaq sahəsinə tərəflərindən baxış keçirlmişdir. Baxış zamanı məlum oldu ki, torpaq sahəsi xəttin mühafizə zonasında yerləşmir və Dövlət Reyestr Xidmətində qeydiyyata alınmasına Şəki EŞ-nin heç bir etirazı yoxdur. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qanunun 7.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, 7.1.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina etmiş və buna səbəb kimi həmin ərazinin elektrik xəttinin mühafizə zolağında yerləşməsini göstərmişdir. İş materiallarında olan X3 Təchizatı və Satışı İdarəsi Şəki Elektrik Şəbəkəsinin xx.xx.2022ci il tarixli 01-01/174 nömrəli məktubunda Şəki şəhəri M.Ə.Rəsulzadə prospektinin şərqində yerləşən X4 məxsus 80 kv.m torpaq sahəsinin xəttin mühafizə zonasında yerləşmədiyi bildirilmişdir. Mütəxəssis rəyində həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları, Şəki bələdiyyəsinin mülkiyyətində olmaqla iddiaçının istifadəsində olduğu qeyd edilmişdir. Bələdiyyə isə öz növbəsində məhkəməyə ünvanlanmış məktubunda iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, bələdiyyənin müvafiq qərarı mübahisələndirilməmişdir və qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Şəki bələdiyyəsinin 29 sentyabr 2005-ci il tarixli 10 nömrəli iclasının 49 nömrəli qərarına əsasən satılmış, Şəki şəhərinin Dodu ərazisində, M.Ə.Rəsulzadə prospektinin şərqində yerləşən 80 kv.m torpaq sahəsinin mərhum X2 adına qeydiyyata alınması və hüquqmüəyyənedici sənədlərin (arayışın) verilməsi öhdəliyi qoyulmalıdır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin üzərinə Şəki bələdiyyəsinin 29 sentyabr 2005-ci il tarixli 10 nömrəli iclasının 49 nömrəli qərarına əsasən satılmış, Şəki şəhərinin Dodu ərazisində, M.Ə.Rəsulzadə prospektinin şərqində yerləşən 80 kv.m torpaq sahəsinin mərhum X2 adına qeydiyyata alınması və hüquqmüəyyənedici sənədlərin (arayışın) verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-878/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-878/2022
17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver