Məhkəmə qərarları › İş №2-1(116)-878/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-878/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-878/2024 05.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab rayonu Qoşaoba kəndində yerləşən Zərdab rayonu “Bərəkət” kolxozunun 10 iyun 1996-cı il tarixli ümumi yığıncağı 3 nömrəli qərarı ilə iddiaçıya verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zərdab rayonu Qoşaoba kəndində yerləşən Zərdab rayonu “Bərəkət” kolxozunun 10 iyun 1996-cı il tarixli ümumi yığıncağı 3 nömrəli qərarı ilə iddiaçıya verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, Zərdab Rayon Dövlət Arxivinin 02 may 2018-ci il tarixli, 252 saylı Zərdab rayonu “Bərəkət” kolxozunun 10 iyun1996-cı il tarixli ümumi yığıncağının 3 nömrəli protokolundan X2 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı qərar qəbul olunur. Zərdab rayonu Zərdab Bələdiyyəsinin elektron xəritəsindən Çıxarışdan və Zərdab Bələdiyyəsinin 25 sentyabr 2023-cü il tarixli, 239 saylı məktubundan görünür ki, Zərdab rayonu “Bərəkət” kolxozunun 10 iyun 1996-cı il tarixli ümumi yığıncağının 3 nömrəli qərarı ilə X6700 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət edərək sözügedən torpaq sahəsinin qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, Zərdab rayonu, Qoşaoba kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə bağlı Zərdab rayon Arxivinin Zərdab rayonu "Bərəkət” kolxozunun xx.xx.1996-cı il tarixli, 3 nömrəli qərarından çıxarışı əsas sənəd kimi təqdim edilmişdir. Araşdırma zamanı X7 Zərdab rayonu, Qoşaoba kəndində yerləşən 0.07 ha torpaq sahəsi ayrılan zaman az yaşlı olduğu müəyyən edilmişdir. Qeyd olunan səbəbə görə də müraciətin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. “Bərəkət” kolxozunun 10 iyun 1996-cı il tarixli ümumi yığıncağı 3 nömrəli qərarında görünür ki, X6 torpaq sahəsi ayrılmışdır.

3. Elektron notariat” X1 çıxarış.

4. Zərdab rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı.

5. Zərdab rayon Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 239 nömrəli məktubu.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-978/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Zərdab rayonu “Bərəkət” kolxozunun 10 iyun1996-cı il tarixli ümumi yığıncağının 3 nömrəli protokolundan Çıxarışına əsasən ona ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-978/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Zərdab rayonu Qoşaoba kəndində yerləşən Zərdab rayonu “Bərəkət” kolxozunun 10 iyun 1996-cı il tarixli ümumi yığıncağı 3 nömrəli qərarı ilə iddiaçıya verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi ilə bağlı koordinatları əks olunan torpaq ayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin yerləşdiyi ərazini müəyyən etmək mümkün olmadı. Baxış zamanı iddiaçının naturada istifadə etdiyini bildirdiyi 0.1396 ha torpaq sahəsi TEKUİS baza məlumatlarına əsasən,kateqoriyası yaşayış məntəqələrının torpaqları, uqodiyası tikinti altında olan torpaqlar,alt kateqoriyası həyətyanı sahələrin altında olan torpaqlar kimi qeyd edilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respubilkası Zərdab Rayonu Təzəkənd kəndi "Bərəkət” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsində yaşayış məntəqəsinin kateqoriyası sənəd üzrə ayrılan və ya iddiaçı X5 faktiki istifadə etdiyini bildirdiyi 0.1396 ha torpaq sahəsi başqa subyektlərin torpaq sahəsi ilə üst-üstə düşmə halı qeydə alınmadı. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən : 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili X7 Zərdab rayonu, Qoşaoba kəndində yerləşən 0.07 ha torpaq sahəsi ayrılan zaman az yaşlı olması ilə bağlıdır. Həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki,iş materiallarına əsasən “Bərəkət” kolxozunun 10 iyun 1996-cı il tarixli ümumi yığıncağının 3 nömrəli qərarına əsasən torpaq sahəsinin müvafiq qaydada ayrıldığı təsdiqini tapmışdır.Kolxoz tərəfrindən torpaq sahəsinin ayrılması zamanı iddiaçı tərəfindən hər hansı əvəz ödənilməsi nəzərdə tutulmamışdır.Ehtimal olunur ki,iddiaçının valideyninin müraciəti əsasında həmin qərar qəbul edilmiş və iddia olunan torpaq sahəsi iddiaçıya ayrılan zaman 14 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab rayonu Qoşaoba kəndində yerləşən Zərdab rayonu keçmiş “Bərəkət” kolxozunun 10 iyun 1996-cı il tarixli ümumi yığıncağının 3 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu dövlət reyestrində qeydə alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar