Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-88/2022 09.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə, iddiaçının vəkili Vəkil Novruz oğlunun, cavabdeh İsmayıllı rayonu Yuxarı Cüylan-Müdri bələdiyyəsinin nümayəndəsi (sədri) nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh İsmayıllı rayon Yuxarı Cülyan-Müdri Bələdiyyəsinə qarşı “İsmayıllı rayon Yuxarı Cülyan-Müdri X1, X6 ümumilikdə 275 ha, o cümlədən İddiaçı 2001-ci ildə 50 il müddətinə icarəyə verilmiş 200 ha örüş torpaq sahələrinin icarə müqaviləsi müddəti 50 ildən 15 ilə endirilməsi və icarə müqavilələrinin müddəti bitmiş hesab edilməsi barədə 21 dekabr 2020-ci il tarixli, 13 nömrəli qərarının qismən İddiaçı münasibətdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh İsmayıllı rayon Yuxarı Cülyan-Müdri Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayon Yuxarı Cülyan-Müdri X1, X6 ümumilikdə 275 ha, o cümlədən İddiaçı 2001-ci ildə 50 il müddətinə icarəyə verilmiş 200 ha örüş torpaq sahələrinin icarə müqaviləsi müddəti 50 ildən 15 ilə endirilməsi və icarə müqavilələrinin müddəti bitmiş hesab edilməsi barədə 21 dekabr 2020-ci il tarixli, 13 nömrəli qərarının qismən İddiaçı münasibətdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İsmayıllı rayonu Cülyan (hazırkı Yuxarı Cülyan- Müdri) Bələdiyyəsinin 16 aprel 2001-ci il tarixli, 02 saylı qərarının 1-ci bəndinə əsasən Cülyan Bələdiyyəsinə məxsus, ümumi istifadədə olmayan 200 hektar kollu örüş sahə 50 il müddətinə İddiaçı icarəyə verilmişdir. 27 aprel 2021-ci il tarixdə İsmayıllı rayonu Yuxarı Cülyan-Müdri Bələdiyyəsinin sədri 06.04.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş qərarı təqdim etmiş və məlum olmuşdur ki, onunla 18 aprel 2001-ci il tarixdə bağlanmış icarə müqaviləsinin müddətinin Göyçay Regional Ədliyyə İdarəsinin 02.10.2020-ci il tarixli tövsiyə məktubu əsasında İsmayıllı rayonu Yuxarı Cülyan-Müdri Bələdiyyəsinin 21 dekabr 2020-ci il tarixli, 13 nömrəli iclas protokolu ilə 50 ildən 15 ilə endirilmiş və icarə müqaviləsinin müddətinin bitmiş hesab edildiyi göstərilmişdir. İddiaçılar Yuxarı Cülyan-Müdri Bələdiyyəsinin 21 dekabr 2020-ci il tarixli, 13 nömrəli qərarını qanunsuz və əsassız hesab etdiyinə görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Yuxarı Cülyan-Müdri Bələdiyyəsi 31.05.2021-ci il tarixli, 17 nömrəli etirazında qeyd etmişdir ki, 2001-ci ildə keçmiş Müdri və Cülyan bələdiyyələri (indiki varisi Yuxarı Cülyan-Müdri bələdiyyəsi) İddiaçı ümumulikdə 200 ha torpaq sahəsini icayəyə verib. Məlum olduğu kimi örüş torpaqlarının icarəyə verilməsi müddəti 15 ilədək müəyyən olunur. Örüş otlaq sahəsinin 50 illik icarəyə verilməsi qanunaziddir. Digər tərəfdən icarədarlar ümumi istifadədə olan örüş sahələrini otarırlar. Bu da kənd sakinlərinin haqlı narazılıqları ilə qarşılanır. Nanıc kənd sakinləri dəfələrlə bələdiyyəyə, İsmayıllı Rayon İcra Hakimiyyətinə, Göyçay Regional Ədliyyə idarəsinə icarədarların onları incitdikləri barədə müraciətlər etsələr də, icarədarlar buna məhəl qoymadan ümumi istifadədə olan torpaqları otarır, kənd əhalisini sıxışdırırlar. 2001-ci ildə qiymətlərin aşağı olduğu vaxtlarda bağlanmış müqavilə əsasında icarə haqları ödəyən icarədarlar bir dəfə məhkəmə qaydasında cüzi qiymət artımından başqa, dəfələrlə edilmiş müraciətlərə məhəl qoymadan, yeni qiymətlərlə razılaşmır, bugünkü bazar qiymətləri ilə icarə haqlarını ödəmirlər. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınənə nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar iddiaçıya 27.04.2021-ci il tarixdə təqdim edilmiş, iddiaçı qərarı əldə etdikdən 30 gün ərzində, yəni 05.05.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və əsaslıdır. Məhkəmə işin araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: İsmayıllı rayonu Cülyan bələdiyyəsinin 16.04.2001-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı “Müdrü” bələdiyyəsini mülkiyyətinə verilmiş, ümumi istifadədə olmayan kollu örüş sahədən 200 hektar torpaq sahəsi 50 il müddətinə icarayə verilmişdir. 18.04.2001-ci il tarixli 02 nömrəli “torpaq icarəsi müqaviləsi”nə əsasən Cülyan bələdiyyəsi ilə iddiaçı arasında 200 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. İsmayıllı rayon Torpaq şöbəsinin 20.04.2001-ci il tarixli 49 nömrəli rəyindən görünür ki, Şöbə 200 hektar torpaq sahəsinin 50 il müddətinə iddiaçıya icarəyə verilməsinə etiraz etməmişdir. Göyçay regional ədliyyə idarəsinin 01.07.2021-ci il tarixli məktubunda qeyd edilir ki, qərarların qəbulu zamanı keçmiş Müdri bələdiyyəsi (indiki Yuxarı Cülyan-Müdri) tərəfindən qanunvericiliyin tələbinin pozulması və məqsədli təyinatı örüş olan torpaq sahəsinin 15 ildən artıq müddətə icarəyə verilməsi müəyyən edildiyindən bələdiyyəyə təklif məktubu ünvanlanmışdır. İsmayıllı rayonu Yuxarı Cülyan-Müdri bələdiyyəsinin 21.12.2020-ci il tarixli 13 nömrəli qərarından görünür ki, həmin qərarla Göyçay regional ədliyyə idarəsinin 02.10.2020-ci il tarixli Kol-648 nömrəli məktubu müzakirə edilmiş, iddiaçıya verilmiş ümumilikdə 200 ha torpaq sahəsinin icarə müddəti 50 ildən 15 ilə endirilmiş və icarə müqaviləsinin müddəti bitmiş hesab edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 16-cı maddəsində örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri qeyd edilmişdir. Həmin maddənin: 1-ci bəndinə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir; 2-ci bəndinə görə, yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir; 3-cü bəndinə əsasən, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir; 4-cü bəndinə görə, ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 73-cü maddəsinin 1-ci bəndinin 7-ci abzasına əsasən, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi üzərində icarə hüququna xitam verilir; - 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi halları) müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir); - 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; - 75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir; - 75-ci maddəsinin 6-cı bəndində isə torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Həmin qanunun 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.01.2010-cu il tarixli qərarında «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə münasibətdə qeyd edilmişdir ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilər müddəası digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları: 1.Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. ...
12. Otlaq sahəsindən müvəqqəti istifadə və icarə müddəti başa çatdıqda, yeni müddət üçün həmin sahənin istifadəsində və icarəsində üstünlük hüququ əvvəlki istifadəçiyə və icarəçiyə verilir. İcarəyə verilmiş bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
13. Dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. Məhkəmə iş materiallarını yuxarıda qeyd edilən hüquq normalarını tədbiq etməklə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh torpaq sahəsinin iddiaçıların icarəsinə verilməsi barədə əvvəl 16 aprel 2001-ci il tarixdə qərar qəbul etmiş, sonra iddiaçılar ilə aralarında torpaq sahəsinin icarəyə verilməsi haqqında 18 aprel 2001-ci il tarixli torpaq icarə müqaviləsi bağlamışdır. Müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, bu müqavilə ilə əlaqədar baş verən mübahisələr mövcud qanunvericiliyə əsasən həll edilir. Cavabdeh 21 dekabr 2020-ci il tarixli 13 nömrəli qərarı ilə torpaq sahəsinin icarə müqaviləsini ləğv edərkən, torpaq icarə müqavilələrində göstərilən 50 il müddəti 15 il müddətə endirmiş və beləliklə icarə müqavilələrinin müddəti bitmiş hesab edilmişdir. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Tərəflərin imzaladığı torpaq icarəsi müqavilələrində müqavilənin vaxtından əvvəl ləğv edilməsinin şərtləri göstərilməmişdir. Torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin əsasları mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsi qaydası isə tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə ola bilər. İşin hallarından görünür ki, iddiaçı torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə razı olmamışdır. Belə olan halda müqavilə yalnız məhkəmə qaydasında ləğv oluna bilərdi. Lakin cavabdeh müqavilənin ləğvi barədə məhkəməyə müraciət etməmiş, özü qərar qəbul etmişdir. Yuxarıda sadalanan qanunvericiliyə görə cavabdehin özünün birtərəfli qaydada icarə müqaviləsinə xitam vermək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilir. İsmayıllı rayon Yuxarı Cülyan-Müdri X1, X6 ümumilikdə 275 ha, o cümlədən İddiaçı 2001-ci ildə 50 il müddətinə icarəyə verilmiş 200 ha örüş torpaq sahələrinin icarə müqaviləsi müddəti 50 ildən 15 ilə endirilməsi və icarə müqavilələrinin müddəti bitmiş hesab edilməsi barədə 21 dekabr 2020-ci il tarixli, 13 nömrəli qərarı İddiaçı aid hissədə ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.