Məhkəmə qərarları › İş №2-1(116)-880/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-880/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-880/2023 28.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X4 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinin bir hissəsinə münasibətdə qismən ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X4 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəi Çıxarışın fərdi evin bir hissəsinə münasibətdə qismən ləğv edilməsinə, sonradan vərəsəlik qaydasında xx.xx.2016 tarixində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, RX seriyalı ******* nömrəli çıxarış qismən etibarsız hesab edilməsinə və bu tələbə uyğun olaraq Ağsu rayonunun Kalva kəndində 0.10 ha torpaq sahəsi üzərində 1970-ci ilin əvvəlində, torpaq sahəsinin yola bitişik hissəsindən ibarət kürsülü evin, küçə istiqamətindən sağ yarısına və 60 kv.m yaxın həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 14 saylı Şamaxı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-880/2023 nömrəli qərardadı ilə, X14, Rəşidova (Səfərova) Sevil Ağaşirin qızı və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. Şəki İnizbati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-880/2023 nömrəli qərardadı ilə iddia tələbinin “vərəsəlik qaydasında xx.xx.2016 tarixində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, RX seriyalı ******* nömrəli çıxarış qismən etibarsız hesab edilməsinə və bu tələbə uyğun olaraq Ağsu rayonunun Kalva kəndində 0.10 ha torpaq sahəsi üzərində 1970-ci ilin əvvəlində, torpaq sahəsinin yola bitişik hissəsindən ibarət kürsülü evin, küçə istiqamətindən sağ yarısına və 60 kv.m yaxın həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə iddiaçı Ağsu rayonu Kalva kəndində doğulub böyümüşdür. Onun valideynləri 1970-ci ilin əvvəlində 0,10 ha torpaq sahəsində ev inşa etmişlər. Həmin ev qardaşı Səfərov Ağaşirin ilə arasında püşkatma ilə bölünmüşdür. Sonrada iddiaçıya məlum olmuşdur ki, torpaq sahəsinə dair şəhadətnamə, evə isə çıxarış qardaşının adına verilmişdir. Bundan sonra iddiaçı çıxarışın etibarsız hesab edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. İddiaçı iddia etdiyi Ağsu rayonun Kalva kəndində 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi qanuni əsaslarla qardaşı X4 adına qeydiyyata alınmış və sonradan xx.xx.2016-cı il tarixdə həmin ev onun vərəsələri X9, X12 və X1 adlarına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ağdaş rayonu Kalva kəndində, 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X4 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Ağsu rayonu Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Ağsu rayonu Kalva kəndi üzrə 1995-2001-ci il tarixlərə aid təsərrüfatbaşına kitabdan 185 №-li şəxsi hesabdan çıxarışda təsərrüfat üzvləri olaraq X7, X14, X13 və X8, təsərrüfatın sahibliyində olan torpaq sahəsi 0,10 ha, torpaq sahəsində yerləşən tikilinin isə 1975-ci il tarixdə tikildiyi qeyd edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş sənəddən görünür ki, Ağsu rayonunun Kalva kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X7, X14, X13 və X2 adları qarşısında 0,10 ha, İddiaçı adının qarşısında 0,12 ha torpaq sahəsi qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş JN-509F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağsu RAİK-nın xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə X10 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. - 150 inventar nömrəli, sentyabr 1988-ci il tarixli texniki pasportdan görünür ki, Ağdaş rayonu Kalva kəndində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X11 qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinin bir hissəsinə münasibətdə qismən ləğv edilməsinə nail olmaqdır. Belə ki, iddiaçı sözügedən fərdi yaşayış evinin küçə istiqamətindən sağ yarısının qardaşı Ağaşirin Səfərovla aralarında püşkatma ilə bölündüyünü bildirərək, bütövlükdə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qardaşı Ağaşirin Səfərovun adına qeydə alınmasını əsassız hesab edir. İş materiallarında olan Ağsu rayonu Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş Ağsu rayonu Kalva kəndi üzrə 1995-2001-ci il tarixlərə aid təsərrüfatbaşına kitabdan 185 №-li şəxsi hesabdan çıxarışdan müəyyən edilir ki, 1975-ci il tarixdə tikildiyi qeyd edilən sözügedən fərdi yaşayış evi üzrə təsərrüfatbaşçısı X7, təsərrüfat üzvləri isə X14, X13 və X8 olmuşdur. Həmçinin işdə olan 150 inventar nömrəli, sentyabr 1988-ci il tarixli texniki pasportda həmin fərdi yaşayış evi üzrə hüquq subyekti X11 qeyd edildiyindən cavabdeh orqan haqlı olaraq ******* nömrəli çıxarışda fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun X5 məxsus olması barədə qeydiyyat aparmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüququn qeydə alınması üçün zəruri sənəd olaraq qeyd edilmişdir. İddiaçıya isə JN-509F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Ağsu RAİK-nın xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmış və iddia olunan fərdi yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatına əsas olacaq hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Odur ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X4 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinin bir hissəsinə münasibətdə qismən ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar