Məhkəmə qərarları › İş №2-1(116)-882/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-882/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-882/2022 12.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı “X1 adına verilmiş 24.07.2013-cü ildə DTK və ME-də qeydə alınmış, dövlət torpaq kadastrı kitabında 11.09.2013-cü ildə 1004-cü nömrə ilə uçota alınaraq A 461720 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin qanunsuz və qərəzli olduğu üçün ləğv edilməsi, Qəniyev Sənanın yay otlaq sahəsinin əvvəlki sahibi Ağsu rayonunda yaşayan Kərimov Zabitin adına olan 2002-ci il 1059 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin bərpa edilməsi, Ağakişi Alıyev və Arzu Əliyev qardaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə edib cinayət əməli yaratdıqları üçün məsuliyyətə cəlb edilməsi, ona dəymiş maddi və mənəvi zərərin məsuliyyət daşıyan günahkarlar tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Şəki Kommersiya Məhkəməsinə 07.02.2022-ci il tarixdə iddia ərizəsi ünvanlayaraq, “X1 adına verilmiş 24.07.2013-cü ildə DTK və ME-də qeydə alınmış, dövlət torpaq kadastrı kitabında 11.09.2013-cü ildə 1004-cü nömrə ilə uçota alınaraq A 461720 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin qanunsuz və qərəzli olduğu üçün ləğv edilməsi, Qəniyev Sənanın yay otlaq sahəsinin əvvəlki sahibi Ağsu rayonunda yaşayan Kərimov Zabitin adına olan 2002-ci il 1059 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin bərpa edilməsi, Ağakişi Alıyev və Arzu Əliyev qardaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə edib cinayət əməli yaratdıqları üçün məsuliyyətə cəlb edilməsi, ona dəymiş maddi və mənəvi zərərin məsuliyyət daşıyan günahkarlar tərəfindən ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 07.02.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı 15 fevral 2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, ərizə İPM-in 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Belə ki, Məcəllənin 27-ci maddəsində əsasən iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Lakin onun ərizəsində qeyd olunan tələblərə riayət olunmamışdır. Belə ki, ərizə Şəki Kommersiya məhkəməsinə ünvanlanmış, cavabdeh qeyd edilməmişdir. İddiaçı həmçinin nəzərinə çatdırılmışdır ki, İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Ərizənin məzmunundan məhkəməyə müraciət etməkdə məqsədinin “çıxarışın ləğv edilməsi, şəhadətnamənin bərpa edilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cəzalandırma və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi” ilə bağlı olduğu aydın olsa da, tələbində hansı inzibati orqana qarşı iddia qaldırdığını müəyyən etmək mümkün olmamışdır. İddiaçı iddia ərizəsi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan, iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Lakin, müraciət iddia qaldırılan tarixə qədər edilməli, imtina cavabı iddia ərizəsinin təqdim edildiyi 07.02.2022-ci il tarixdən əvvələ aid olmalıdır. İddiaçının həmçinin diqqətinə çatdırılmışdır ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində 3-cü və 4-cü bəndlərində qeyd etdiyi (3) “Alıyev Ağakişi və Əliyev Arzu qardaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə məhsuliyyətə cəlb edilmələri” və (4) “ona dəymiş maddi və mənəvi zərərin günahkarlar tərəfindən ödənilməsi”nə dair tələbləri inzibati məhkəmənin səlahiyyətlərinə aid deyildir. İddia tələbinə həmin hissədə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən iddia tələbində 3-cü və 4-cü bəndlərdə qeyd edilən tələblərə aid hissədə düzəlişlərin aparılaraq iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin qeyd edilən nöqsanlara müddətində münasibət bildirilməsi İddiaçı təklif olunmuşdur. Yardım məktubu 24.02.2022-ci il tarixdə alınmasına baxmayaraq iddiaçı tərəfindən məktubda qeyd edilənlərə münasibət bildirilməmiş və yol verilən nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, “öhdəliyin icrası haqqında” iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddia ərizəsi Şəki Kommersiya məhkəməsinə ünvanlanmış, ərizədə cavabdeh qeyd edilməmiş, həmçinin tələbinin hansı inzibati orqana qarşı olduğunu müəyyən etmək mümkün olmamışdır. İddia ərizəsinin məzmunundan iddianın “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğu görünsə də, iddiaçı tərəfindən tələbin hansı inzibati orqana qarşı yönəldiyi müəyyən edilmədiyindən iş materiallarına müvafiq imtina məktubu əlavə edilməmişdir. İddia ərizəsinin “xahiş etdi” hissəsində qeyd edilən 3-cü və 4-cü tələblərlə bağlı məhkəmə bildirir ki, həmin tələblər inzibati məhkəmənin səlahiyyətinə aid olmadığından həmin hissəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. (5.1) Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. (5.2) Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır (14). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddia ərizəsi İPM-in yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun tərtib edilməmiş, ərizədə digər məhkəmənin adı qeyd edilmiş, iddia ərizəsinin xahiş etdi hissəsində qeyd edilən 1-ci və 2-ci bəndlər üzrə iddia öhdəliyin icrası haqqında iddia növünə aid olmasına baxmayaraq müvafiq imtina məktubu iş materiallarına əlavə edilməmiş, ümumiyyətlə ərizəçi tərəfindən tələbin hansı inzibati orqana qarşı yönəldiyi qeyd edilməmiş, iddia ərizəsində qeyd edilən 3-cü və 4-cü bəndlər üzrə isə tələblərin inzibati məhkəmənin səlahiyyətləri daxilində olmadığı müəyyən edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı “X1 adına verilmiş 24.07.2013-cü ildə DTK və ME-də qeydə alınmış, dövlət torpaq kadastrı kitabında 11.09.2013-cü ildə 1004-cü nömrə ilə uçota alınaraq A 461720 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin qanunsuz və qərəzli olduğu üçün ləğv edilməsi, Qəniyev Sənanın yay otlaq sahəsinin əvvəlki sahibi Ağsu rayonunda yaşayan Kərimov Zabitin adına olan 2002-ci il 1059 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin bərpa edilməsi, Ağakişi Alıyev və Arzu Əliyev qardaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə edib cinayət əməli yaratdıqları üçün məsuliyyətə cəlb edilməsi, ona dəymiş maddi və mənəvi zərərin məsuliyyət daşıyan günahkarlar tərəfindən ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar