Məhkəmə qərarları › İş №2-1(116)-882/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-882/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-882/2025 04.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “diaqnozun təsdiqlənməməsi barədə qərarı qanunsuz hesab edərək ləğv edilməsi və əlilliyin bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, ikinci Qarabağ Müharibəsi zamanı, 27 sentyabr 2020-ci il tarixində döyüş vaxtı mina partlaması nəticəsində ağır travma almış, nəticədə sol çiyin nahiyəsində kor qələp yaralanması, belin küt travması, L1 fəqərə cisminin sınığı travması baş vermişdir. Döyüş meydanında ilkin tibbi yardım göstərilmiş, daha sonra N nömrəli hərbi hissəyə göndərilmiş, mütəmadi müayinə və tibbi yardım almışdır. xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi- Həkim Komissiyasının qərarı ilə "Hərbi xidmətə yararlıdır" qərarı verilmişdir. Daha sonra, xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Respublika Psixiatriya Xəstəxanasında "Üzvi emosional-labil pozuntu" diaqnozu ilə stasionar müayinə və müalicə almışdır. xx.xx.2023cü il tarixdə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, professor F. İsmayılov tərəfindən müayinə olunaraq ona "Üzvi dissosiativ pozuntu, sıx tutmalarla (F 06.5)" diaqnozu qoyulmuşdur. Bundan sonra xx.xx.2023-xx.xx.2023 və xx.xx.2022-xx.xx.2022 tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2023-cü il tarixdə isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə almış, Hərbi-Həkim Komissiyasının qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə iddiaçıya aşağıdakı diaqnozlar qoyulmuşdur: "Soltərəfli posttravmatik radial sinirin neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə pozulması ilə." "Karpal tunel sindromu, Sol çiyin nahiyəsinin kor qələpə yaralanması, L1 fəqərəsinin sol köndələn çıxıntısının yerdəyişməyən sınığı" "Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır." Lakin sonrakı tibbi sosial ekspertiza onu növbəti müayinə dəvət etmiş, amma əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh qurum bu imtinanı diaqnozun təsdiqlənməməsi ilə əsaslandırır. Halbuki, o, hələ də ağır fərdi və psixoloji problemlər yaşayır, xroniki ağrılar, yaddaşsızlıq, yuxusuzluq, əsəbilik kimi problemlərdən əziyyət çəkir. Hal-hazırda da davam edən müalicəsi çox bahalı olduğundan, bu xərcləri qarşılamaqda çətinlik çəkir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçının sağlamlıq vəziyyətinə sonuncu dəfə əlavə ayani müayinəsi həyata keçirilmək üçün göndəriş əsasında baxılmışdır. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnozun öz təsdiqini tapmaması. Səbəb: "Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir." Bildirilir ki, Zərdab rayon sakini, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx), organizminin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və diaqnoz aliliyi əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizminin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixində 10057 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sol tərəfli posttravmatik radial sinirin neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə pozulması ilə, Karpal tunel sindromu. Sol çiyin nahiyəsinin qabarıq qalp yaralanmasına, L1 fəqərəsinin sol köndələn çıxıntısının yerindəyişməyən sındığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bitişmiş sındığı, bərkimiş dəridə çapıqları" diaqnozu müəyyənləşdirilmişdir. "Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, tez-tez baş verən funksional tutmalarla. Çoxsaylı kariyes" diaqnozu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 751/24 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz "Üzvi (Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, funksional tutmalarla" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3340 nömrəli tibbi rəylində diaqnoz "Üzvi (Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, funksional tutmalarla" kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir). Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilik və aqressiyadan, yorğunluq zamanı bayılmalardan şikayətlənmişdir. Müayinə zamanı sosial vəziyyətindən, əlillik ala bilməməsindən şikayətlənmişdir. Sol qolunun ağrımasından şikayətlənmiş, lakin açma-bükmə hərəkətləri tam olmuşdur. Zahirən astenik olmuş, süst tərzdə danışmış, müayinə gedişatında aktivləşmişdir. Mühakiməsi situasiyaya uyğun olmuş, tənqidi qorunmuşdur. ƏMAS-da ixtisassız fəhlə təmir/yollar kimi aktiv əmək müqaviləsi qeyd edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "MSS üzvi zədələnməsi öz təsdiqini tapmır. Dissosiativ-konversiya pozuntusu (primitiv şəxsdə)" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən edilməsi" üzrə kriteriyalara uyğun olaraq diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 11904372 №-li ambulator kitabçadan çıxarış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli, 551 və 485 saylı arayışları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 3340 №-li Həkim Psixiatr Komissiyasının rəyi, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli imtina qərarı, MN MHHP-nın xx.xx.2023-cü il tarixli, 10057 №-li “xəstəlik haqqında” şəhadətnaməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserin xx.xx.2024cü il tarixli, 660 saylı məktubu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3653 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə imtina etmişdir. Sonuncu imtina qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eyni zamanda imtina qərarında hüquqi müdafiə vasitələri göstərilməmişdir. Məhz həmin imtina cavabından sonra iddiaçı hazırkı iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina dəlili iddiaçıya qoyulmuş diaqnozun öz təsdiqini tapmaması ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-3927/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-yə həvalə edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı "üzvi (travma mənşəli) dissosiativ-konversion pozuntu, anamnezində funksional qıcolma tutmaları ilə" (F06.5) aşkar olunur. Bununla belə ekspert iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 10057 nömrəli "Xəstəlik haqqında" Şəhadətnamədə qeyd edilmiş diaqnoz (Soltərəfli posttravmatik radial sinirin neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə pozulması ilə. Karpal tunel sindromu. Sol çiyin nahiyəsinin qəlpə yaralanmasına, L1 fəqərəsinin sol köndələn çıxıntısının yerindəyişməyən sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bitişmiş sınığı, bərkimiş dəridə çapıqları) arasında səbəbli əlaqəsi ilə bağlı sualın cavablandırılmasının məhkəmə-psixiatriya ekspertizasının səlahiyyətinə aid olmamasını bildirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 10057 nömrəli "Xəstəlik haqqında" Şəhadətnaməsinə əsasən, iddiaçıya sol tərəfli posttravmatik radial sinirin neyropatiyası, karpal tunel sindromu, sol çiyin nahiyəsinin qabarıq qəlpə yaralanması, L1 fəqərəsinin sol köndələn çıxıntısının yerindəyişməyən sınığı və yaraların bitişmiş çapıqları diaqnozları qoyulmuş, səbəbli əlaqə "Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır." kimi müəyyən edilmişdir. "Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, tez-tez baş verən funksional tutmalarla. Çoxsaylı kariyes" diaqnozu xəstəliyinin səbəb əlaqəsi isə "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə əsas diaqnoz olaraq F07 XBT koduna, yanaşı xəstəliklərə münasibətdə isə F06.5 XBT koduna istinad edilmişdir. Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli 660 saylı məktubunda, iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin müəyyən edilməsi meyarları” sənədinə Əlavənin 7.6.2-ci bəndinə əsasən, F07.0 (üzvi mənşəli şəxsiyyət pozğunluğu) diaqnozuna uyğun olduğu, bu halda orqanizmin funksiyalarının pozulma faizinin 35-60%, OFP-nin isə 2 il müddətinə müəyyən edildiyi qeyd olunmuşdur. “Əlilliyin müəyyən olunması meyarlar”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə göstərilmiş “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu F07.0 kodunda nəzərdə tutulmuşdur. 7.6.2-ci bənddə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. - 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60 %, - 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti)orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü müəyyən edilir və iddiaçıya müvafiq diaqnozu qoymuş səhiyyə müəssisəsi sözügedən xəstəliyin “Əlilliyin müəyyən olunması meyarlar”na Əlavənin 7.6.2.1-ci bəndinə uyğun olmasını bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. Əlilliyin səbəb əlaqəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 10057 nömrəli "Xəstəlik haqqında" Şəhadətnaməsinə əsasən, iddiaçıya sol tərəfli posttravmatik radial sinirin neyropatiyası, karpal tunel sindromu, sol çiyin nahiyəsinin qabarıq qəlpə yaralanması, L1 fəqərəsinin sol köndələn çıxıntısının yerindəyişməyən sınığı və yaraların bitişmiş çapıqları diaqnozları qoyulmuş, səbəbli əlaqə "Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır." kimi müəyyən edilmişdir. "Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, tez-tez baş verən funksional tutmalarla. Çoxsaylı kariyes" diaqnozu xəstəliyinin səbəb əlaqəsi isə "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Göründüyü kimi faktiki olaraq iddiaçının aldığı travma radial sinirlə bağlıdır. Məhkəmə qeyd edir ki, radial sinirin postravmatik neyropatiyası periferik sinir sisteminin, üzvi mənşəli şəxsiyyət pozuntusu isə mərkəzi sinir sisteminin (beyin) patalogiyası ilə bağlıdır. Odur ki, üzvi mənşəli şəxsiyyət pozuntusu üçün birbaşa beyinə təsir edən patalogiya müəyyən edilməlidir. MHHK-nın istinad olunan qərarında radial sinirlə bağlı diaqnozun “Azərbaycan respublikasnın müdafiəsi zamanı alınması” qeyd edilsə də, beyin patalogiyasından irəli gələn diaqnozun - “orta dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu”nun səbəb əlaqəsi “ümumi xəstəlik”dir qeyd edilmişdir. Buna görə də, iddiaçıya “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əliiliyin təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmayacaqdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya ümumi xəstəlik səbəbli əlaqəsi nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən 2-il müddətinə OFP-nın 1-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilir. İddiaçı “ümumi xəstəlik” səbəbli əlaqəsi nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən 2-il müddətinə OFP-nın 1-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar