Məhkəmə qərarları › İş №2-1(116)-885/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-885/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-885/2020 11.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “ona müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 03 fevral 2020-ci il tarixdən əvvəlki üç il üçün hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 03 fevral 2020-ci il tarixdən əvvəlki üç il üçün hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 03 fevral 2020-ci il tarixdə 033684 nömrəli müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Həmin vaxtdan veteranlar üçün nəzərdə tutulmuş təqaüd ona ödənilir. Lakin əvvəlki dövrlər üçün nəzərdə tutulmuş sosial müavinət ona ödənilməmişdir. O, sənədlərini DSMF-nin Qəbələ rayon şöbəsinə təqdim edərək, əvvəlki dövrlərə görə veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsini xahiş etmişdir. Lakin DSMF-nin Qəbələ rayon şöbəsi 12 fevral 2020-ci il tarixli, **********7 nömrəli məktubla veteranlar üçün nəzərdə tutulan sosial müavinət növünün ləğv olunduğunu, onun əvəzinə 1 aprel 2019-cu il tarixdən Prezident təqaüdünün təsis edildiyini əsas gətirərək əvvəlki dövrlər üçün nəzərdə tutulmuş müavinətin ona ödənilməsindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Qəbələ rayonunun Vəndam qəsəbəsində qeydiyyatda olan İddiaçı 10.02.2020-ci il tarixdə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq üçün tələb olunan sənədləri təqdim etməklə Cavabdehnə müraciət etmişdir. Həmin sənədlərə Fondun sosial müavinət və Prezident təqaüdü təyin edən komissiyasının iclasında baxılmış və məlum olmuşdur ki, İddiaçı “Müharibə Veteranı” adı və 033684 nömrəli veteran vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 03.02.2020-ci il tarixdə verilmişdir. İddiaçı DSMF-nin Qəbələ rayon şöbəsi tərəfindən 03.02.2020-ci il tarixdən döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur və ödənilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təqdim edildikdə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər həyata keçirilir. Yeni normanın açıqlamasına görə vəsiqə verilməmiş şəxslərə qeyd olunan güzəştlər tətbiq olunmur. İddiaçının hüququ 03.02.2020-ci il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilməklə yaranmışdır. Beləliklə, onun Prezident təqaüdü almaq hüququ da o zamandan yaranmışdır. Məhz buna görə də ona əvvəlki dövrlər üçün Prezident təqaüdü və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilməsi üçün heç bir əsas mövcud deyildir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin olunur. İddiaçı 27.07.2010-cu il tarixdən Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən əmək pensiyası təyin olunmuş və ödənilir. Odur ki, vətəndaş əmək pensiyası aldığı üçün ona əvvəlki 3 il üçün kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ödənişi aparmaq mümkün deyil. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan müharibə veteranı vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, 033684 nömrəli vəsiqə iddiaçıya 03 fevral 2020-ci il tarixdə verilib. İş materiallarında olan DSMF-nin Qəbələ rayon şöbəsinin 02 iyun 2020-ci il tarixli **********2 nömrəli arayışı və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçıya müvafiq orqan tərəfindən 03 fevral 2020-ci il tarixdən döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş və ödənilir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, 03.02.2020ci il tarixli 033684 nömrəli müharibə veteranı vəsiqəsinin təsdiq edilmiş surəti, DSMF-nin Qəbələ rayon şöbəsinin 12.02.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu, 02.06.2020-ci il tarixli **********7 nömrəli arayışıvə 02.06.2020-ci il tarixli **********2 nömrəli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır. Belə ki, 01.04.2019-cu il tarixədək müharibə veteranlarına sosial müavinətin ödənilməsi “Sosial müavinətlər haqqında” Qanunun tələblərinə uyğun həyata keçirilirdi. İşdə olan DSMF-nin Qəbələ rayon şöbəsinin 02.06.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki,İddiaçı 03.02.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmiş və həmin tarixdən qanunamüvafiq olaraq müharibə veteranlarına ödənilən Prezident təqaüdü təyin edilmişdir və ödənilir. Məhkəmə qeyd edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 01.04.2019-cu il tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq”və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq məhkəmə hesab edir ki, 01.04.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “ona müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 03 fevral 2020-ci il tarixdən əvvəlki üç il üçün hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar