Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-885/2025 30.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə və İsmayıllı Rayon İcra hakimiyyətinə qarşı “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının, 14 yanvar 2005-ci il tarixdə Basqal qəsəbə sakini X3 adına DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647 F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin və həmin orqan tərəfindən xx.xx.2005-ci il tarixdə X1 adına verilmiş JN-851 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsızlığının tanınması və onların qanunsuz sayılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının, 14 yanvar 2005-ci il tarixdə Basqal qəsəbə sakini X3 adına DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647 F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin və həmin orqan tərəfindən xx.xx.2005-ci il tarixdə X1 adına verilmiş JN- 851 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsızlığının tanınması və onların qanunsuz sayılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün hesab olunmamasını xahiş etdi. İddianın mümkün sayılmamasına əsas olan halların iddiaçının diqqətinə çatdırılması, onunla müzakirə edilməsi,müvafiq təkliflər verilməsi və həmin halların aradan qaldırılması üçün lazımı şərait yaradılmasına dair göstərişlərin həyata keçirilməsi məqsədi ilə 30 sentyabr 2025-ci il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Nəticə etibarilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı komponentlərdən ibarətdir :
1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.
2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır.
Əsaslandırma hissəsi:
İddia ərizəsinə əsasən iddiaçı hüquqi marağını xx.xx.2005-ci il tarixdə X1 adına verilmiş JN-851 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsızlığının tanınması və onların qanunsuz sayılmas kimi ifadə etmişdir. İddia ərizəsinin məzmunundan və əlavə edilən sənədlərdə görünür ki,iddiaçının hüquqi marağı X1 adına verilmiş JN-851 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilməsindən ibarətdir.İddiaçı müddətlə bağlı məhdudiyyətdən yayınmaq məqsədi ilə iddianı “Qərar və Şəhadətnamələrin etibarsızlığının tanınması” kimi qeyd etmişdir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə hesab edir ki,hazırkı iddia tələbi bir neçə mümkünlük şərtini yerinə yetirmir.İlkin olaraq iddiaçı bir iddia ərizəsində iki fərqli cavabdehə qarşı,iki ayrı iddia növündə olan tələbini birləşdirmişdir.Belə ki,iddia ərizəsinin “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının ləğv edilməsinə” dair hissədə cavabdehi İsmayıllı Rayon İcra hakimiyyəti olmaqla iddia tələbi “mübahisələndirmə” iddia növündədir. İddia tələbinin “14 yanvar 2005-ci il tarixdə Basqal qəsəbə sakini X3 adına DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647 F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin və həmin orqan tərəfindən xx.xx.2005-ci il tarixdə X1 adına verilmiş JN-851 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsızlığının tanınması” hissələri özü də iki ayrı tələbdən ibarətdir. X3 adına DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647 F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının əsasına verildiyi halda, X1 adına verilmiş JN-851 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” alqı-satqı müqaviləsi əsasında verilmişdir. Mümkünlüyü ilkin şərti iddiaçının sözügedən qərarın və şəhadətnamələrin etibarsızlığının tanınmasına dair iddia tələbinin irəli sürməsi üçün subyektiv hüququnun mövcud olmamasıdır.Hazırkı iş materiallarına əsasən iddiaçının belə bir subyektiv hüququ mövcud deyildir.Belə ki,iddiaçı iddia tələbinin əsas arqumenti olaraq mübahisəli torpaq sahəsinin dövlət meşə fondu torpaqlarına aid olması ilə əsaslandırır ki,bu halda iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ həmin inzibati orqana mənsubdur. Hazırda iddiaçının etibarsız sayılmasını arzu etdiyi “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının qəbulundan 27 ilə yaxın müddət keçmişdir. İnzibati orqanın mübahisələndirilən qərarı qəbul olunan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Göründüyü kimi İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının mübahisələndirilməsi imkanı itirildiyindən onun əsasında X3 adına verilmiş DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647 F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin mübahisələndirilməsi də mümkün deyildir. Qeyd etmək lazımdır ki, bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. İş materiallarından görünür ki, X4 xx.xx.2005-ci il tarixli JN-851 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmişdir. Odur ki, şəhadətnamənin etibarsızlığının tanınmasıa münasibətdə onun kökündə dayanan hüquqmüəyyənedici sənədin mübahisələndirilməsi məsələsi orataya çıxır. Həmin alqı-satqı müqaviləsinin etibarsızlığı isə publik hüquq münasibətlərindən deyil, xüsusi mülki hüquq münasibətlərindən, irəli gəlir. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı ilə bağlı iddia “müəyyən etmə və ya tanınma haqqında” iddia növünə aiddir və iddia, tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. Beləliklə məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı mümkün hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Həmin Qərarın: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək iddiaçıya qeyd edir ki, “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının etibarsızlığı ilə bağlı iddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bu isə iddia tələbinin qeyri-mümkün sayılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının, 14 yanvar 2005-ci il tarixdə Basqal qəsəbə sakini X3 adına DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647 F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin və həmin orqan tərəfindən xx.xx.2005-ci il tarixdə X1 adına verilmiş JN-851 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsızlığının tanınması və onların qanunsuz sayılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə.