Məhkəmə qərarları › İş №2-1(116)-886/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-886/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-886/2022 24.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "Azərbaycan Beynəlxalq Universiteti tərəfindən onun adına verilmiş 315 qeydiyyat nömrəli, B seriyalı 190415 nömrəli diplom blankının hüquqi əsasının mövcud olmasının təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1988-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin rektorunun 16.08.2005-ci il tarixli П/1 nömrəli əmri ilə İddiaçı regionşünaslıq fakültəsinin qiyabi şöbəsinin İ kurs tələbələrinin tərkibinə daxil edilmişdir. Həmin Universitetin rektorunun 03.08.2006-cı il tarixli П/1-O nömrəli əmri ilə İddiaçı başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar olaraq, regionşünaslıq fakültəsinin İİ kurs tələbələrinin tərkibindən xaric edilmişdir. Bundan sonra Azərbaycan Beynəlxalq Universitetinin rektoru X4 ilə sifarişçi X2 arasında 12.10.2006-cı ildə müqavilə bağlanmış, Universitet və sifarişçi mövcud qanunvericilik əsasında ali təhsilli kadrlar hazırlamaq barədə razılığa gəlmişlər. Müqavilənin şərtlərinə görə, Universitet İddiaçı, əgər o, müsabiqədən keçərsə, tarix ixtisasının qiyabi şöbə üzrə tələbə sırasına qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı, sifarişçi isə "Abituriyent" jurnalında (qəbul qaydalarında) göstərilən məbləğdə tam təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına verilmiş 28.07.2010-cu il tarixli, 315 qeydiyyat nömrəli, B seriyalı 190415 nömrəli "Diplom"da göstərilmişdir ki, o, 2005-ci ildə həmin Universitetə daxil olmuş və dövlət attestasiya komissiyasının 30.06.2010-cu il tarixli (əmr 3/628- 1) qərarı ilə ona maarif tarix və ictimaiyyət ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri tərəfindən verilmiş 21.09.2012-ci il tarixli A-8290/03-24 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı adına verilmiş B-190415 (qeydiyyat nömrəsi 315) diplom Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir. Azərbaycan Respublikasının X7 02.08.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, 147 nəfər şəxsin diplomlarının həqiqiliyinin yoxlanılmasını xahiş etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi isə 07.09.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı Azərbaycan Beynəlxalq Universitetini 2010-cu ildə bitirməsi barədə verilmiş B-190415 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Bundan sonra Azərbaycan Respublikasının X7 29.09.2021-ci il tarixli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək, İddiaçı və digər şəxsə verilmiş diplom blanklarının hüquqi əsasının olmaması, onların hər hansı ali təhsil müəssisəsinə qəbul olunmaması və onlar barəsində X7 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən qəbul əmri verilməməsi ilə bağlı araşdırma aparılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış və toplanmış material ali təhsil müəssisələrinə aid saxta diplomların əldə edilməsi və istifadə edilməsi faktları ilə əlaqədar Baş İdarənin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə 20.12.2021-ci il tarixli ərizə ilə müraciət edərək, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən 30.06.2010-cu ildə ona verilmiş B seriyalı 190415 nömrəli diplom blankının hüquqi əsasının mövcud olmasının təsdiq edilməsini xahiş etmiş, lakin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 05.01.2022-ci il tarixli D-18397/31-24 nömrəli cavab məktubunda bildirmişdir ki, həmin diplom blankının hüquqi əsası yoxdur. Daha sonra İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən 2012-ci ildə B seriyalı 190415 nömrəli diplom blankının Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəd olmasını təsdiq etmiş, həmin zaman diplom blankının hüquqi əsasının mövcud olmamasına dair hər hansı iradə ifadəsini bəyan etməmiş, indiyədək həmin diplom blankının ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə ona məlumat verməmiş və bunun hüquqi əsasını əsaslandırmamışdır. Bundan başqa, həmin diplom blankının etibarsızlığı məhkəmə qaydasında müəyyən edilməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi 09.03.2022-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, iddiaçı Azərbaycan Beynəlxalq Universitetini 2010-cu ildə bitirdiyini bildirməsinə baxmayaraq, həmin təhsil müəssisəsinə hansı yolla qəbul olunması barədə heç bir məlumat verməmişdir. İddiaçının Təhsil Nazirliyinə ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, "Təhsil-məzun" dövlət elektron məlumat sistemində və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında İddiaçı adı aşkar edilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin rektorunun 16.08.2005-ci il tarixli П/1 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı regionşünaslıq fakültəsinin qiyabi şöbəsinin İ kurs tələbələrinin tərkibinə daxil edilmişdir. - İşdə olan, Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin rektorunun 03.08.2006-cı il tarixli П/1-O nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar olaraq, regionşünaslıq fakültəsinin İİ kurs tələbələrinin tərkibindən xaric edilmişdir. - İşdə olan, Azərbaycan Beynəlxalq Universitetinin rektoru X4 ilə sifarişçi X2 arasında bağlanmış 12.10.2006-cı il tarixli müqavilədən görünür ki, Universitet və sifarişçi mövcud qanunvericilik əsasında ali təhsilli kadrlar hazırlamaq barədə razılığa gəlmiş, Universitet İddiaçı, əgər o, müsabiqədən keçərsə, tarix ixtisasının qiyabi şöbə üzrə tələbə sırasına qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı, sifarişçi isə "Abituriyent" jurnalında (qəbul qaydalarında) göstərilən məbləğdə tam təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. - İşdə olan, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına verilmiş 28.07.2010-cu il tarixli, 315 qeydiyyat nömrəli, B seriyalı 190415 nömrəli "Diplom"un surətindən görünür ki, o, 2005-ci ildə həmin Universitetə daxil olmuş və dövlət attestasiya komissiyasının 30.06.2010-cu il tarixli (əmr 3/628-1) qərarı ilə ona maarif tarix və ictimaiyyət ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri tərəfindən verilmiş 21.09.2012-ci il tarixli A-8290/03-24 nömrəli arayışdan görünür ki, İddiaçı adına verilmiş B-190415 (qeydiyyat nömrəsi 315) diplom Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir. - İşdə olan, Azərbaycan Respublikasının X7nin 02.08.2021-ci il tarixli məktubundan görünür ki, 147 nəfər şəxsin diplomlarının həqiqiliyinin yoxlanılması Azərbaycan Respublikası Təhsil Nazirliyindən xahiş edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının X7nə yazılmış 07.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Beynəlxalq Universitetini 2010cu ildə bitirməsi barədə verilmiş B-190415 nömrəli diplom blankının hüquqi əsası yoxdur. - İşdə olan, Azərbaycan Respublikasının X7 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna yazılmış 29.09.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı və digər şəxsə verilmiş diplom blanklarının hüquqi əsasının olmaması, onların hər hansı ali təhsil müəssisəsinə qəbul olunmaması və onlar barəsində X7 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən qəbul əmri verilməməsi ilə bağlı araşdırma aparılması xahiş edilmişdir. - İşdə olan, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 04.11.2021-ci il tarixli məktubundan görünür ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış və toplanmış material ali təhsil müəssisələrinə aid saxta diplomların əldə edilməsi və istifadə edilməsi faktları ilə əlaqədar Baş İdarənin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası X7nin 02.03.2022-ci il tarixli PHŞ/3-2-2022-450 nömrəli məktubundan görünür ki, İddiaçı 2005-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 70.053 bal, XH altqrupunda 70.625 bal toplamış, heç bir ali təhsil müəssisəsinə qəbul olmamış və barəsində X7 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 2005-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 70.053 bal, XH altqrupunda 70.625 bal toplamış, heç bir ali təhsil müəssisəsinə qəbul olmamış və barəsində X7 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. İddiaçı öz iddia ərizəsində Azərbaycan Beynəlxalq Universitetini 2010cu ildə bitirdiyini göstərsə də, Universitetə neçənci ildə və hansı üsulla (TQDK-nın keçirdiyi test imtahanı, başqa ali təhsil müəssisəsindən köçürülmə və s.) daxil olduğunu göstərməmişdir. Ona görə də məhkəmənin 11.02.2022ci il tarixli məktubu ilə ona məhkəməyə bu barədə məlumat verməsi təklif edilmiş və iddiaçı 26.02.2022-ci il tarixli ərizəsində məhkəməyə bildirmişdir ki, 0, 2005-ci ildə Dağıstan Respublikasında yerləşən ali təhsil müəssisəsinin İ kursuna qəbul olunmuş, 2006-cı ildə həmin ali təhsil müəssisəsindən köçürmə üsulu ilə Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunmuş, Universitetə qəbul olunması və köçürülməsi ilə bağlı sənədləri 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə təqdim etmişdir və həmin sənədlər hazırda Universitetin arxiv materiallarında saxlanılır. Məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə sorğu edilərək, İddiaçı 2005-ci ildə Dağıstan Respublikasında yerləşən ali təhsil müəssisəsinə qəbul olunması və 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi barədə sənədlər tələb olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin rektorunun 16.08.2005-ci il tarixli П/1 nömrəli və 03.08.2006-cı il tarixli П/1-O nömrəli əmrlərindən çıxarışlar, habelə Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə iddiaçının atası arasında bağlanmış 12.10.2006-cı il tarixli müqavilənin surəti göndərilmişdir. Həmin sənədlərlə müəyyən edildi ki, İddiaçı 16.08.2005-ci ildə Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin regionşünaslıq fakültəsinin qiyabi şöbəsinin İ kursuna qəbul edilmiş və başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar 03.08.2006cı ildə regionşünaslıq fakültəsinin İİ kurs tələbələrinin tərkibindən xaric edilmiş, bundan sonra Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə iddiaçının atası arasında 12.10.2006-cı ildə müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə görə, Universitet İddiaçı, əgər o, müsabiqədən keçərsə, tarix ixtisasının qiyabi şöbə üzrə tələbə sırasına qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı, sifarişçi isə "Abituriyent" jurnalında (qəbul qaydalarında) göstərilən məbləğdə tam təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş və 2005-2010-cu illərdə də qüvvədə olmuş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında" Əsasnamənin 1.1-ci bəndində deyilir ki, Respublika daxilində: 1.1.1 Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. 1.1.2 Uyğun ixtisas üzrə başqa tədris müəssisəsinə köçürülmək istəyən tələbə qiymət kitabçasından çıxarış və ərizə ilə birlikdə köçürülmək istədiyi təhsil müəssisəsinin rektoruna (direktoruna) müraciət edir. Qiymət kitabçasından çıxarışla ərizədə göstərilən ixtisasın tədris planına əsasən fənn fərqləri müəyyənləşdirilir. Fənn fərqlərin sayı 8-dən çox olmadıqda tələbə müvafiq kursa, sayı 8-dən çox olduqda isə, öz razılığı ilə bir kurs aşağıya da (birinci kurs istisna olmaqla) köçürülə (bu halda aşağı kurslarda yenə də fənlərin sayı 8-dən çox olmamalıdır) bilər. Bu zaman tələbə rektorun əmri ilə dərslərə buraxılır, onun əvvəl oxuduğu tədris müəssisəsinə şəxsi işini göndərmək haqda yazılı müraciət olunur və fərqləri ləğv etmək üçün bir semestr vaxt verilir. Tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir. 1.1.3. Tələbənin əvvəl təhsil aldığı ali (orta ixtisas) məktəbin rektoru (direktoru) şəxsi işin göndərilməsi barədə tələbnamə alındıqdan sonra "başqa ali (orta ixtisas) məktəbə köçürüldüyü üçün xaric olunur" - məzmunda əmr verir və üç gün müddətində tələbənin şəxsi işi və akademik arayış (göndərilən işlərin siyahısının surəti arxivdə saxlanılmaqla) tələbəni qəbul etmiş ali (orta ixtisas) məktəbin ünvanına göndərilir. Müstəsna hallarda şəxsi işin ali məktəb tərəfindən göndərilməsi üzürlü səbəbdən mümkün olmadıqda müvafiq qeydiyyat aparılmaqla tələbənin özünə verilə bilər. 1.1.4. Tələbənin eyni təhsil müəssisəsində bir ixtisasdan, yaxud bir təhsil formasından (əyani, axşam, qiyabi) digərinə köçürülməsi, rektorun (direktorun) əmri ilə həyata keçirilir. 1.1.5. Əgər qəbul zamanı hər hansı tələbə barədə idarə, müəssisə və təşkilatla fərdi müqavilə bağlanmışdırsa, onda belə tələbənin başqa tədris müəssisəsinə və ya bir ixtisasdan digərinə köçürülməsi zamanı uyğun tərəflərin razılığı nəzərə alınmalı, müqaviləyə yenidən baxılmalıdır. 1.1.6. Ali təhsil müəssisələrinin qiyabi və axşam şöbələrindən əyani şöbəyə köçürülmədə tələbələrin yüksək (əla və yaxşı) təhsil göstəricisi və ya səhhətindən irəli gələn zərurət əsas götürülür. Bu zaman ali məktəblərdə oxuyan oğlanların hərbi sənədlərində müvafiq qeydlərin edilməsi tələb olunur. 1.1.7. Qanuni fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisəsindən dövlət təhsil müəssisələrinin əlavə pulla (ödənişli) təhsil qruplarına tələbələrin köçürülməsi həmin təhsil müəssisəsinin rəhbərliyinin (rektorunun və ya direktorların) razılığı ilə keçirilir. Əsasnamənin 1.2-ci bəndində isə deyilir ki, xarici ölkələrdən: 1.2.1. Tələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi zamanı 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir. 1.2.2. Dövlət xətti ilə xaricdə təhsil alan Respublika vətəndaşları istənilən formada (ödənişli və ödənişsiz) köçürülə bilərlər. Dövlət xətti ilə təhsil almayan şəxslər isə köçürüldükdən sonra ödənişli əsaslarla təhsil alırlar. Xarici ölkələrdə təhsil alan tələbələr köçürülərkən fənn fərqləri 1.1.2-də göstəriləndən çox olarsa, tələbənin razılığı ilə o, bir kurs aşağı, o cümlədən birinci kursa da köçürülə bilər. Bundan başqa, həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının 07.10.1992-ci il tarixli 324 nömrəli Təhsil Qanununun 21-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alınır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, İddiaçı 16.08.2005-ci ildə Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin İ kursuna qəbul edilməsi və başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar 03.08.2006-cı ildə İİ kurs tələbələrinin tərkibindən xaric edilməsi işdəki sənədlərlə təsdiq edilsə də, onun həmin Universitetdən məhz Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi barədə heç bir sənəd mövcud deyil. Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə iddiaçının atası arasında bağlanmış 12.10.2006-cı il tarixli müqavilədə nəinki belə bir müddəa yoxdur, əksinə, İddiaçı Universitetin tələbə sırasına qəbul edilməsi üçün onun müsabiqədən keçməsi şərti nəzərdə tutulmuşdur. Bundan başqa, müəyyən edildi ki, iddiaçının adına verilmiş 28.07.2010cu il tarixli B seriyalı 190415 nömrəli diplomda onun 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə daxil olduğu göstərilsə də, bu, iş materialları ilə tamamilə təkzib edilir. Əgər diplom tərtib edilərkən Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə iddiaçının atası arasında bağlanmış müqavilə iddiaçının Universitetə daxil olmasına əsas verən sənəd kimi nəzərdən keçirilmiş olsa belə, həmin müqavilə 2005-ci ildə deyil, 2006-cı ildə bağlanmışdır. Eyni zamanda, cavabdehin iddiaya qarşı etirazından məlum olduğu kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Təhsil Nazirliyinə təqdim etdiyi, tələbə kontingentinə aid məlumat bazasında İddiaçı adı yoxdur. Bundan başqa, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin 01.03.2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında" Əsasnamənin 8.26-cı bəndinə əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.04.2010-cu il tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nın 3.2-ci bəndinə əsasən, diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən, diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. Sadalanan normalardan görünür ki, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na əsasən diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Göründüyü kimi, məhkəmə araşdırmaları zamanı iddiaçının 2005-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etməsi müəyyən olunsa da, 2005-ci və 2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinə qanuni əsaslarla qəbul olunması və ya köçürülməsi müəyyən edilməmişdir. İşdə olan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri tərəfindən verilmiş 21.09.2012-ci il tarixli A-8290/03-24 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı adına verilmiş B-190415 (qeydiyyat nömrəsi 315) diplom Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir. İddiaçı öz tələbini əsaslandırmaq üçün bu sənədə də istinad etmişdir. Lakin məhkəmə qeyd edir ki, bu arayış İddiaçı Azərbaycan Beynəlxalq Universitetinə qanuni əsaslarla qəbul olunmasını və ya köçürülməsini, eləcə də blankda Universitet tərəfindən yazılmış digər yazıların məzmununun həqiqiliyini təsdiq etmir. Həmin arayış yalnız iddiaçının adına verilmiş diplomun blankının kustar üsulla hazırlanmadığını və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verildiyini təsdiq edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçıya verilmiş diplomun hüquqi əsasının olmaması barədə cavabdehin mövqeyi əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməməlidir. Analoji hüquqi mövqe 2-1(102)-2052/2021 nömrəli oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2021-ci il tarixli qərarında da ifadə edilmişdir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "Azərbaycan Beynəlxalq Universiteti tərəfindən onun adına verilmiş 315 qeydiyyat nömrəli, B seriyalı 190415 nömrəli diplom blankının hüquqi əsasının mövcud olmasının təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar