Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-886/2024 25.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********820100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlaırnın hesablanması barədə” qərarının ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********820100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlaırnın hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixli **********820100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarına əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləği hesablanmışdır. Cavabdehin həmin qərarını qanunsuz hesab etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, "Orbita-Be” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı "cavabdehin xx.xx.2023-cü il tarixli **********820100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə ərizəsini aşağıdakı səbəblərə görə əsassız hesab edirik : "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1989-2014- cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021 -ci il tarixə mövcud olan 57 630 486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649 nömrəli Sərəncamına əsasən silinmişdir. Bildiririk ki, Vergi Məcəlləsinin 111.1- ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Həmin Məcəllənin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021 -ci il tarixə mövcud olan 185950,89 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021 ci il tarixli 649s nömrəli Sərəncamına əsasən silindiyi üçün həmin müəssisəyə olan kreditor borcunuz Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən sizin Azərbaycan mənbəyindən gəliriniz sayılır” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən həmin uyğunsuzluğa cavab olaraq heç bir izahat və ya təsqdiqedici sənədlər təqdim olunmamışdır və nəticədə tərəfimizdən xx.xx.2022-ci il tarixli **********927000 saylı analoji hesablama və xx.xx.2023-cü il tarixli **********820100 saylı Elektron kameral hesablama barədə qərarla 9297.54 manat əlavə mənfəət vergisi hesablanaraq vergi ödəyicisinin ŞHV-nə daxil edilmişdir. Göstərilənlərə əsasən, iddiaçının xx.xx.2023-cü il tarixli **********820100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Kameral vergi yoxlanılması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********8346000 nömrəli məktub.
2. Kameral vergi yoxlanılması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********93000 nömrəli məktub.
3. Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********820100 nömrəli qərar.
4. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının təmizlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli sərəncamı.
5. "Azərbaycan Dəmir Yolları” QSC-nin xx.xx.2024-cü il tarixli məktubu.
Əsaslandırma hissəsi
Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də 10 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanmasına” dair xx.xx.2023-cü il tarixli **********820100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarını mübahisələndirmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixində verildiyindən Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmamışdır. İddia mümkün iddiadır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia mahiyyət etibarı ilə əsaslıdır. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********820100 nömrəli qərara əsasən iddiaçıya 9297,54 manat əlavə vergi hesablanmışdır.Həmin Qərarın qəbul edilməsi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649 nömrəli Sərəncamına istinad edilmişdir.Sözügedən Sərəncama əsasən "Azərbaycan Dəmir Yolları” QSC-nin 1989- 2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021 -ci il tarixə mövcud olan 185950,89 manat dəyərində ümidsiz debitor borcları silinmişdir. Məhkəmə araşdırması çərçivəsində qeyd olunan borcu təsdiq edən ilkin sənədlərlə bağlı "Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu verilmişdir.Təqdim edilən xx.xx.2024-cü il tarixli cavab məktubunda "Orbita-Be” Məhdud Məsuliyyətli Cəmiyyətinin yuxarıda qeyd olunan dövrdə yaranan debitor borcu ilə bağlı heç bir təsdiqedici sənədin aşkar edilmədiyi bildirilmişdir.Qeyd edilən borcu təsdiq edən hər hansı sənəd olmadığından həmin borc ümidsiz hesab edilərək NK-nın Sərəncamına əsasən silinmişdir. Görünüdüyü kimi borcu təsdiq edən hər hansı sənəd təqdim edilməmiş,ötən dövr ərzində mülki qaydada borcun ödənilməsinə yönələn hərəkətlər edilməmişdir.Nəticə etibarı ilə iddiaçıya VM-in 111.1 və 111.2-ci maddələrinə əsasən əlavə verginin hesablanması əsassız olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 13.2.16. Azərbaycan mənbəyindən gəlir: 13.2.16.1. Azərbaycan Respublikasında muzdlu işdən gəlir; 13.2.16.2. Azərbaycan Respublikasında istehsal edilmiş malların istehsalçı tərəfindən təqdim edilməsindən gəlir; 13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir; 13.2.16.4. Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid edilən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, o cümlədən belə daimi nümayəndəlik vasitəsilə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) aid edilə bilən eyni cinsli, yaxud bənzər (oxşar) malların (işlərin, xidmətlərin) təqdim edilməsindən, habelə daimi nümayəndəlik vasitəsilə həyata keçirilən fəaliyyətə aid edilə bilən fəaliyyətdən və ya ona oxşar fəaliyyətdən əldə edilmiş gəlir; 13.2.16.5. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar: 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Maddə 111. Ümidsiz borcların gəlirdən çıxılması. 111.1. Əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. 111.2. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. İnzibati Prossesual Məcəllənin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Mülki Prossesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********820100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.