Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-887/2020 09.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Cavabdehnə qarşı “AM seriyalı 010603 saylı Şəhadətnamə əsasında, onunla Qəbələ rayonu Məlikli Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması və ona verilməsi öhdəliyinin Qəbələ rayonu Məlikli Bələdiyyəsinin üzərinə qoyulması”tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AM seriyalı 010603 saylı Şəhadətnamə əsasında, onunla Qəbələ rayonu Məlikli Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması və ona verilməsi öhdəliyinin Qəbələ rayonu Məlikli Bələdiyyəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Məlikli Bələdiyyəsi mülkiyyətində olan 0,50 ha torpaq sahəsinin hərrac vasitəsi ilə icarəyə verilməsi haqqında qərar qəbul etmişdir. Qəbələ rayonu Məlikli Bələdiyyəsinin torpaq sahəsinin torpaq hərracı vasitəsi ilə icarəyə verilməsinin həyata keçirilməsi ilə bağlı müsabiqənin təşkilatçısına - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət etmişdir. Təşkilatçı icarə obyekti (torpaq sahəsi üzrə tələb) olunan sənədləri və materialları hazırlamış, habelə müsabiqə keçirilməsi haqqında bildirişi (torpağı müsabiqəyə çıxaran hüquqi şəxs barədə məlumatı, müsabiqə keçirilməsi şərtlərini, yerini, vaxtını və tarixini, torpaq sahəsinin yerini, sahəsini və s.) hazırlayıb onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil etmişdir. O, torpaq hərracında iştirak etmək istədiyini bildirmiş, bu barədə təşkilatçıya ərizə ilə müraciət etmişdir. Hərracın keçirilməsinə dair komissiyanın açıq iclasında, hərraca çıxarılan torpaq sahəsinə dair icarə hüquqlarına daha çox icarə haqqı verdiyindən, iştirak edərək hərracın qalibi olmuşdur. Qalib olunduğu gün hərracın nəticələri hərrac komissiyası üzvlərinin və qalibin imza etdiyi protokolla rəsmiləşdirilmişdir. Bundan sonra hərrac komissiyası tərəfindən ona müvafiq şəhadətnamə verilmişdir. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 18-ci bəndinə əsasən, şəhadətnamə əsasında hərracda qalib gəlmiş fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Yuxanda göstərilən müqavilənin bağlanması ilə bağlı o, dəfələrlə Məlikli Bələdiyyəsinə, onun yeni seçilmiş sədrinə müraciət etmişdir. Məlikli Bələdiyyəsinin sədri hər dəfə müxtəlif bəhanələr gətirərək icarə müqaviləsinin bağlanmasından boyun qaçırmışdır. Axrıncı dəfə Qəbələ Rayon İcra Hakimiyyətinə şikayət etdikdən sonra, bələdiyyə sədri Rayon İcra Hakimiyyətinə dəvət olunmuş, icarə müqaviləsinin bağlanması tapşırığını almışdır. Bundan sonra, bələdiyyə sədri müqavilə bağlanmayacağını və bələdiyyə üzvlüyündən (sədrliyindən) çıxacağını bildirmişdir. Bununla belə, artıq kənddə məlum idi ki, seçkilərdən qabaq Məlikli Bələdiyyəsinin yeni seçilmiş sədri, bələdiyyə sədri seçiləndən sonra sözü gedən torpaq sahəsini kənd sakinlərindən bir neçəsinə satacağını vəd etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 24.04.2020-ci il tarixli nömrəli yardım məktubu ünvanlanaraq, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxıldığı bildirilmiş, qeyd etdiyi tələblə bağlı aidiyyəti üzrə ümumi məhkəmələrə müraciət etməyi tövsiyə olunmuşdur. 19.05.2020-ci il tarixdə məktub iddiaçının ünvanına göndərilmiş və xəbərnaməyə imza edilməklə alınmışdır. İddiaçı 02.06.2020-ci il tarixli ərizə göndərərək bildirmişdir ki, mövcud qanunvericiliyə görə həmin işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinə əlavə olunmuş 24.12.2019-cu il tarixli torpaq hərrac müqaviləsinin surətindən görünür ki, Qəbələ rayon ərazisində yerləşən Məlikli bələdiyyəsi mülkiyyətinə aid olan 5000 kv.m və ya 0.50 ha torpaq sahəsi hərraca çıxarılmışdır. İddia ərizəsinə əlavə olunmuş 13.02.2020-ci il tarixli 066 nömrəli hərracın yekunlarına dair protokolun surətindən görünür ki, iddiaçı hərracın qalibi hesab edilmişdir. İddia ərizəsinə əlavə olunmuş AM seriyalı 010603 saylı Şəhadətnamənin surətindən görünür ki, iddiaçı Qəbələ rayon ərazisində yerləşən Məlikli bələdiyyəsi mülkiyyətinə aid olan 5000 kv.m və ya 0.50 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi üçün keçirilən hərracın qalibi olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2-ci bəndinə əsasən Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “AM seriyalı 010603 saylı Şəhadətnamə əsasında, onunla Qəbələ rayonu Məlikli Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması və ona verilməsi öhdəliyinin Qəbələ rayonu Məlikli Bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-887/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-887/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver