Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-888/2020 19.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə X1 şəhər X2 hüquqi şəxsə qarşı “03.04.2005-ci il təvəllüdlü Xanlarov İlham İldırım oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərilməsi”tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə X1 şəhər X2 hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “03.04.2005-ci il təvəllüdlü Xanlarov İlham İldırım oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, 03 aprel 2005-ci il təvəllüdlü oğlu İlham Xanlarov 2013-cü ildən anadangəlmə yüksək dərəcəli miopiya, sağda M-7.75 d, solda M- 7.5 d, xorioretinal distrofiya, ambliopiya H52.1, H35.5, N50.3 diaqnozu ilə uzun müddətdir ki, müalicə alır. Ancaq övladında heç bir dəyişiklik yoxdur. Digər tərəfdən təyin olunmuş diaqnozun özü belə mübahisəlidir. Həkim bir tərəfdən oğluna yüksək dərəcəli miopiya diaqnozu qoysa da, sonda xəstəni təkrar müayinə və tibbi rəy almaq üçün Bakı şəhəri akademik Zərifə Əliyeva adına «Milli Oftolmologiya Mərkəzinə» göndərilməsi barədə baş həkimə məlumat verilmişdir. Artıq iddiaçı onların təkrar müayinələrindən yorulmuş və bununla ancaq onu süründürürlər. Məgər şəhər xəstəxanasında rəy verən həkim yoxdurmu ki, o, əlavə vəsait xərcləyib Bakıya getməlidir. Hesab edir ki, xəstəxananın niyyəti süründürməçilikdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçıya 05.05.2020-ci il tarixli yardım məktubu göndərilmiş və ona izah edilmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı övladının sağlamlıq imkanlarının məhdud olmasının müəyyən olunmasını istəyir. Bunun üçün o, ilk növbədə forma 88 göndərişin verilməsi üçün müraciət etməli, əgər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən onun övladı sağlamlıq imkanları məhdud olan müəyyən olunmazsa, onda Tibbi-sosial ekspert komissiyasına qarşı məhkəmədə iddia qaldıra bilər. Məktub xəbərnaməyə imza edilməklə 20.05.2020-ci il tarixində qəbul edilsə də, iddiaçı tərəfindən yardıma münasibət bildirilməmişdir. “İnzibati icraat haqqında” Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnzibati orqanların təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmişdir ki, İcbari Tibbi Sığorta üzrə X1 şəhər X2 hüquqi şəxs həmin qərarla təsdiq edilmiş inzibati orqanların təsnifatına aid edilməmişdir. Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2) ki,Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının fəaliyyəti İnzibati İcraat haqqında qanunla tənzimlənmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına qarşı irəli sürülməli olan iddiaya inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3, 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə X1 şəhər X2 hüquqi şəxsə qarşı “03.04.2005-ci il təvəllüdlü Xanlarov İlham İldırım oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-888/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-888/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver