Məhkəmə qərarları › İş №2-1(116)-888/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-888/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-888/2021 25.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2021-ci ilin fevral ayından 2-ci qrup pensiyanın bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «2021-ci ilin fevral ayından 2-ci qrup pensiyanın bərpası barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə 04.05.2021-ci il tarixdə hüquqi marağına uyğun olaraq yardım məktubu ünvanlanmış, əvvəllər ödənilmiş pensiyanın bərpa edilməsi üçün ilk növbədə ona yenidən ikinci dərəcəli əlillik qrupunun təyin edilməsinin zəruriliyi izah edilmişdir. Eyni zamanda iddiaçıya izah olunmuşdur ki, iddia ərizəsində cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyd edilməli, həmin inzibati orqana ilkin olaraq müvafiq əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı müraciət edilməli, müraciətinin təmin olunmadığı və ya cavabsız saxlanıldığı halda isə aidiyyəti üzrə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. İddiaçı məhkəmə tərəfindən ona ünvanlanmış hüquqi yardım məktubunu 16.05.2021-ci il tarixdə poçt vasitəsilə almışdır. İddiaçı tərəfindən 21.05.2021-ci il tarixdə məhkəməyə ünvanlanan ərizənin məzmunundan aydın olmuşdur ki, iddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. İddiaçı ərizəsində qeyd edilmiş tələb üzrə iddiaya baxılmasını təkid etdiyindən ona cavabdeh inzibati orqanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin 12 saylı Regional Ərazi Filialının qeyd edilməli olması ilə bağlı 31.05.2021-ci il tarixdə növbəti dəfə hüquqi yardım məktubu ünvanlanmış, qeyd olunan nöqsanın aradan qaldırılması üçün 5 gün müddətində vaxt təyin edilmişdir. Müvafiq yardım məktubu 11.06.2021-ci il tarixdə iddiaçı tərəfindən poçt vasitəsilə alınmasına baxmayaraq ötən müddət ərzində iddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə iddiaçının hüquqi marağına uyğun olaraq iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması üçün yardım etmə vəzifəsini həyata keçirməsinə baxmayaraq, iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsində və tələbini düzgün cavabdehə yönəltməkdə maraqlı deyildir. Belə ki, məhkəmə tərəfindən iddiaçıya göndərilmiş 04.05.2021-ci il tarixli hüquqi yardım məktubu ilə iddiaçı razılaşmamış və iddia ərizəsini hüquqi marağına və nail olmaq istədiyi məqsədə uyğun tərtib etməmişdir. Digər hüquqi yardım məktubuna (31.05.2021-ci il tarixli) isə ümumiyyətlə münasibət bildirilməmiş və iddia ərizəsini dəqiqləşdirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş üzrə cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqan qismində qəbul edilə bilməz. Belə ki, Belə ki, ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin 23.11.2020-ci il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi məqsədilə Zərdab, ünvan 2ünvan: Kürdəmir rayonu Atakişili yolu) yaradılmışdır və iddia ərizəsində cavabdeh olaraq məhz həmin orqan göstərilməlidir. Buna görə də hazırki iş üzrə tələbin cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yönəldilməsi mümkün deyildir. İddia tələbinə cavab verən cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının hüquqi ünvanı (Kürdəmir rayonu, Atakişili yolu) Kürdəmir rayonunda yerləşdiyindən mübahisəyə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14.11.2019-cu il tarixli 4 nömrəli qərarında cavabdeh orqanın yerləşdiyi yer (Kürdəmir rayonu) Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Lakin, iddiaçı tərəfindən məhkəmənin hüquqi yardımına baxmayaraq cavabdeh inzibati orqan düzgün qeyd edilmədiyindən inzibati işin baxılması üçün Şirvan İnzibati Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi mümkün deyildir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2021-ci ilin fevral ayından 2-ci qrup pensiyanın bərpası” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar