Məhkəmə qərarları › İş №2-1(116)-888/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-888/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-888/2024 20.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri X9 İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə Mingəçevir şəhər Avtonəqliyyat kombinatının işçilərinə ayrılmış ərazidə mərhum X6 verilmiş 274kv.m torpaq sahəsinin X6 məxsus olması haqqında elektron arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhəri X9 İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə Mingəçevir şəhər Avtonəqliyyat kombinatının işçilərinə ayrılmış ərazidə mərhum X6 verilmiş 0,06 ha torpaq sahəsinin onun mülkiyyətində olması barədə arayışın və elektron çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Mingəçevir şəhəri X9 İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə Mingəçevir şəhər Avtonəqliyyat kombinatının işçilərinə ayrılmış ərazidə mərhum X6 verilmiş 274 kv.m torpaq sahəsinin X6 məxsus olması haqqında elektron arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər X7 İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə Mingəçevir şəhər Avtonəqliyyat kombinatının işçilərinə torpaq sahəsi ayrılmışdır. İddiaçının atası mərhum X1 şəhər Avtonəqliyyat kombinatının “Gülşən” bağçılıq kollektivinin üzvü olmuş və ona 0.06 ha torpaq sahəsi ayrılmışdır. X10 24 sentyabr 1992-ci il tarixdə vəfat etmişdir. Bundan sonra İddiaçı atasının vərəsəsi kimi Şəfa küçəsi 9-cu döngə 1 ünvanda yerləşən 0.0326 ha torpaq sahəsini miras əmlak kimi qəbul etmişdir. Bundan sonra iddiaçı cavabdeh idarəyə müraciət edərək qeyd olunan torpaq sahəsinin mərhum İddiaçı adına qeydə alınmasını istədiyini bildirmişdir. Lakin, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, müraciətlə bağlı Ərazi idarəsinin arxiv materiallarına və elektron xəritə məlumat bazasına istinadən məlumat olaraq bildirilmişdir ki, torpaq sahəsi üzərində iddiaçının mərhum atasının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci i! tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydalan”-na əsasən iddiaçının notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ilə torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı nəzərə alınaraq torpaq sahəsinə müvafiq dövlət reyestrindən “çıxarış” və “texniki pasport” verilmişdir. Ərizədə qeyd olunan elektrik xəttinin qorunma zolağında yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən "çıxarış'ın və “texniki pasporf’un verilməsi qeyri-mümkündür. Qeyd olunan səbəbə görə də müraciətin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. AZ-İİ seriyalı 839823 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir.

3. 13.07.2022-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı X5 vərəsəsidir.

4. Gülşən kollektiv bağşılıq təsərrüfatının pasportundan görünür ki, xx.xx.1996cı ildə 0.06 ha torpaq sahəsi X5 adına verilmişdir.

5. 04.05.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X3 surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0326 ha torpaq sahəsi X5 mülkiyyətində olmuşdur.

6. A seriyalı 716140 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0326 ha torpaq sahəsi X5 adına verilmişdir.

7. X2 Agentliyi Mingəçevir filialının xx.xx.2023-cü il tarixli cavab məktubu;

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaları işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. İşin halarından görünür ki, iddiaçının mərhum atası Mingəçevir şəhər Avtonəqliyyat kombinatının “Gülşən” bağçılıq kollektivinin üzvü olmuş,cavabdeh tərəfində yuxarıda qeyd olunan sənədlərə əsasən torpaq sahəsi üzərində təkrar mülkiyyət hüququ qeydə alınmışdır.Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı atasına ayrılmış 600 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququ qeydə alınmasından imtina edilən 274 kv.m hissəsinin X6 məxsus olması haqqında elektron arayışın verilməsindən ibarətdir. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlilini ayrılan torpaq sahəsinin bir hissəsinin qeydə alınmadığını,bunun səbəbin isə həmin torpaq sahəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydalan”-na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağının nəzərə alınması olduğu ilə əsaslandırmışdır. Bununla bağlı Məhkəmə tərəfindən X2 Agentliyi Mingəçevir filialına sorğu verilmiş,xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki,iddia olunan torpaq sahəsi 1954-cü ildə istismara verilmiş və hal-hazırda gərginlik olmayan 220 kV-luq hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir.Göründüyü kimi qeydə alınması tələb olunan torpaq sahəsinin yerləşdiyi ərazidən keçən elektrik xətti istismarını başa çatdırmış və hazırda həmin üzrə elektrik verilişi həyata keçirilmir. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, iddia olunan torpaq sahəsi X6 oğluna ayrılan torpaq sahəsi olmaqla onun vərəsəsinin istifadəsindədir. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, 274 kv.m torpaq sahəsinin X6 məxsusluğu haqqında elektron arayışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri Avtonəqliyyat kombinatının “Gülşən” bağçılıq təsərrüfatı tərəfindən verilmiş 274 kv.m torpaq sahəsinin mərhum X6 məxsus olması haqqında elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar