Məhkəmə qərarları › İş №2-1(116)-89/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-89/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-89/2020 26.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X12 qızının katibliyi ilə İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis şöbəsinə qarşı (üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızı) “ünvan 1 ünvanında qeydiyyatda olan xx xxxxxx 2018-ci ildən faktiki olaraq Şəki şəhəri, 31-ci rayon, Ziya Bünyadov küçəsi, döngə 2, ev 2 ünvanında yaşayan X4 mülkiyyətində olan ünvan 33 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis şöbəsinə qarşı (üçüncü şəxs X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanında qeydiyyatda olan xx xxxxxx 2018-ci ildən faktiki olaraq Şəki şəhəri, 31-ci rayon, Ziya Bünyadov küçəsi, döngə 2, ev 2 ünvanında yaşayan X4 mülkiyyətində olan ünvan 33 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçının oğlu X11 X6 ilə 2016-cı il tarixdə ailə həyatı qurmuş və bu nikah xx xxxxxx 2016-cı ildə Şəki rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. xx xxxx 2017-ci ildə birgə nikahdan X8 dünyaya gəlmişdir. Bir müddət normal ailə münasibətləri şəraitində yaşayan bu şəxslər arasında anlaşılmazlıq, fikir ayrılığı yaranmış və 2018-ci ilin avqust ayının 21-də iddiaçının gəlini X6 övladı ilə evi tərk etmiş və bir daha geri qayıtmamışdır. X4 müraciəti əsasında Şəki rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (075)-314/2019 saylı qətnaməsi ilə nikah müqaviləsi ləğv edilmişdir. Nikah münasibəti ləğv olunduqdan sonra X6 atası evində yaşayır. Ancaq üçüncü şəxsin qeydiyyatının iddiaçıya məxsus ünvan 1 ünvanında saxlanması bir mülkiyyətçi kimi onun hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, vətəndaş, İddiaçı xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinə əsasən həmin evə qeydiyyata alınmışdır. İş materiallarında olan MH seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan 324777 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının oğlu X13 ilə X9 arasında bağlanmış nikah xx xxxx 2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı X3 gəlini, hazırkı iş üzrə üçüncü şəxs olan X4 onun ünvanına qeydiyyata düşməsinə razılıq vermişdir. İş materiallarında olan üçüncü şəxs X4 məhkəməyə təqdim etdiyi xx xxxxxx 2019cu il tarixli vəsatətdən müəyyən edilir ki, o, keçmiş qaynatası İddiaçı qarşı iddia ərizəsi ilə Şəki rayon Məhkəməsinə müraciət edərək “ünvan 33 nömrəli ünvanda yerləşən, cavabdeh qaynatası İddiaçı mülkiyyətində olan (çıxarış: seriya MH, nömrə 0014170) evdən onun və qızı X5 istifadə hüququnun tanınması və evə köçürülmələri” barədə qərar verilməsini xahiş etmişdir. Ona görə də mülki iş üzrə icraat başa çatana kimi hazırkı iş üzrə məhkəmə baxışının dayandırılmasını Şəki İnzibati-İqtisadi Məhkəməsindən xahiş etmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1240/2019 nömrəli qərardadı ilə mülki iş üzrə icraat başa çatanadək hazırkı iddia tələbinə dair iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Şəki rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli məktubundan müəyyən edilir ki, hazırkı iş üzrə üçüncü şəxs olan X2 qaynatasına qarşı qaldırdığı iddia tələbi Şəki rayon Məhkəməsinin 2(75)-1663/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Şəki rayon Məhkəməsinin 2(75)- 1663/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən həmin iş üzrə iddiaçı Əliyeva(Məmmədova) Nübar Aydın qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X10 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(107)-192/2020 saylı qətnaməsi ilə Şəki rayon Məhkəməsinin 2(75)-1663/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-192/2020 saylı qətnaməsindən həmin iş üzrə iddiaçı Əliyeva(Məmmədova) Nübar Aydın qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X10 tərəfindən kassasiya şikayəti verilmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-3198/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-192/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 89/2020 nömrəli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubu, MH seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surəti, 324777 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, “Elektron notariat” X1 çıxarışın təsdiq edilmiş surəti, Şəki rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli məktubu, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-3198/2020 nömrəli qərarının surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızının İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar