Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-89/2022 14.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 №-li sərəncamı ilə fərdi bağ sahəsi olaraq verilmiş, 598.22 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “bağ sahəsinin onun adına olması barədə çıxarış sənədinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 №-li sərəncamı ilə fərdi bağ sahəsi olaraq verilmiş, 598.22 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 06.05.2021-ci il tarixli 2-1(116)-896/2021 nömrəli qərardadı ilə Mingəçevir şəhər İcra Hakimiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 14.04.2022-ci il tarixli 2-1(116)-89/2022 nömrəli qərardadı ilə üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 11.02.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya Mingəçevir şəhərində vətəndaşların istifadəsində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirərək yekun siyahı hazırlamış və bununla bağlı akt tərtib etmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə müvafiq akt və yekun siyahı təsdiq edilmiş, həmin sərəncam əsasında iddiaçının adına A159206 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi” hazırlanmışdır. Bundan sonra iddiaçı müvafiq torpaq sahəsində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh müraciəti təmin etməkdən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu - müvafiq torpaq sahəsinin ona Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında verilməsi ilə, cavabdeh iddia tələbinə etirazını - təqdim edilmiş “plan ölşü sənədinin” texniki sənəd olması və mülkiyyət hüququ yaratmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 11.02.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın tərtib etdiyi akt və yekun siyahı təsdiq edilmişdir. Buna görə də hesab edir ki, iddiaçının adının müvafiq akt və yekun siyahıda olmasının müəyyən edilməsi zəruridir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, müvafiq sərəncamla Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 11.02.08-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir. - Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 11.02.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın 08 sentyabr 2008-ci il tarixli aktından görünür ki, müvafiq aktda - komissiyanın vətəndaşlara, idarə, müəssisə və təşkilatlarda DƏDRX-nin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış və ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiləşdirilmişdir. Buna müvafiq olaraq onların istifadəsində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirərək yekun siyahı hazırlanmış, Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış siyahının və yeruquruluşu sənədlərinin təsdiq olunması məqsədəuyğun hesab edilmişdir. - DƏK və ÜRX "xxxx" MMC-nin 23.12.2021-ci il tarixli məktubuna əlavə edilmiş Mingəçevir şəhərinin bağ sahəsinə dair subyektlərin siyahısında İddiaçı Mamed (Məmməd) oğluna aid hissədən çıxarışdan və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin iddiaçının adına qeydə alındığı Dövlət Kadastr kitabında 13.08.2009-cu il tarixli 2075 nömrəli uçotun aparıldığı səhifənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının adı 1955 sıra nömrəsində qeyd edilmişdir. Torpaq sahəsi 0.06 ha göstərilmişdir. Torpaq sahəsinin ayrılmasına əsas Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 nömrəli sərəncamı qeyd edilmiş, kadastr nömrəsi ******* göstərilmişdir. - DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 28.10.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqlar kateqoriyasına aiddir. Bağ sahəsi üçün ayrılmış ərazidə yerləşir. Vətəndaşların faktiki istifadələrində olan bağ torpaq sahələrinə dair ləğv edilmiş DT və XK-nin Mingəçevir şöbəsi tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin elektron adlı siyahısında iddiaçının adı qeyd olunmuşdur. - 13.08.2009-cu il tarixdə tərtib edilmiş, A159206 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, müvafiq sənədin hazırlanmasına əsas – Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 №-li sərəncamı olmuş, 598.22 kv.m torpaq sahəsinin fərdi bağ sahəsi olması qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 23.08.2017-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 11.02.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya vətəndaşlara, idarə, müəssisə və təşkilatlarda DƏDRX-nin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış, ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiləşdirərək, vətəndaşların istifadələrində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirməklə yekun siyahı hazırlamış, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir. İş materiallarından görünür ki, Mingəçevir şəhərinin bağ sahəsinə dair subyektlərin siyahısında İddiaçı Mamed (Məmməd) oğlunun adı 1955 sıra nömrəsi ilə qeyd edilmiş, kadastr nömrəsi ******* olmaqla Dövlət Kadastr kitabında qeydiyyata alınmışdır. Buna görə də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında torpaq sahəsi iddiaçının adına sənədləşdirilərək A seriyalı 159206 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə həmin torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəsində olan ölçüdə verilməsini də tənzimləyir. A seriyalı 159206 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi olduğuna görə yuxarıda istinad olunan komissiyanın tərtib etdiyi yekun siyahıda torpaq sahəsi ayrılacaq subyektlərin siyahısında iddiaçının adı qeyd edilmişdir. Digər tərəfdən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri cavabdehə verilməsinə baxmayaraq cavabdeh özü də iddia olunan torpaq sahəsinin hansı bağlar idarəsinə aid olmasını, həmin torpaq sahəsi üzrə hüququ subyektinin kimliyi barədə hər hansı məlumat verə bilmir. Cavabdehin etirazının başlıca dəlili ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi A seriyalı 159206 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və ərazinin bütün vəziyyətini şərti işarələr və nişanlarla özündə əks etdirən texniki sənəd olmasıdır. Lakin, nəzərə alınmalıdır ki, müvafiq plan-ölçü sənədinin hazırlanmasına əsas olmuş Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı, sonuncunun 11.02.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın tərtib etdiyi aktı və yekun siyahını təsdiqləmişdir ki, həmin aktda da yekun siyahıda adları olan vətəndaşların istifadələrində olan bağ torpaq sahələrinin qanuni ölçülərinin müəyyənləşdirildiyi qeyd olunur. Beləliklə, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan iddiaçının müracətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 №-li sərəncamı ilə fərdi bağ sahəsi olaraq verilmiş, 598.22 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.