Məhkəmə qərarları › İş №2-1(116)-89/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-89/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-89/2023 05.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “RMZ-nin şimalında yerləşən “Şəfa” bağçılığında adına ayrılmış torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması, bu barədə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “RMZ”nin şimalında yerləşən “Şəfa” bağçılığında adına ayrılmış torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının tanınması, bu barədə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, X2 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 318 saylı qərarı ilə “Şəfa” bağçılığından iddiaçıya 5 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə “Şəfa” kolektiv bağçılıq təsərrüfatının pasportu iddiaçının adına tərtib olunmuşdur. Bundan sonra iddiaçı qeyd olunan torpaq sahəsində hazırkı vaxtadək istifadə edir. Qeyd olunan torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsində iddiaçı fərdi yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda torpaq sahəsini özəlləşdirmək istəyir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********45 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhəri Tibb işçiləri X1 “Şəfa” bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilmişdir. Torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və məlum olmuşdur ki, iddiaçının sənədləşdirmək istədiyi torpaq sahəsinin üzərindən gücü 220 kV-luq, cənub tərəfinin 19,0 metr məsafəsindən isə gücü 110 kVt olan yüksək gərginlikli hava elektrik xəttləri keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 25 metr və 20 metr təşkil edir. Bununla da torpaq sahəsi ilə elektrik xətti arasında olan qorunma zolağı gözlənilməmişdir. Qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Cavabdehə xx.xx.2022-ci il tarixli 2-1(116)-1008/2022 nömrəli məktub ünvanlanaraq, Mingəçevir şəhərində yerləşən mübahisəli 0,05 ha torpaq sahəsinə dair ətraflı (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmaması haqqında) məlumatın məhkəməyə təqdim olunması xahiş edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli **********94 nömrəli məktubunda qeyd etmişdir ki, müraciətdə qeyd olunan məlumatların təqdim edilməsi üçün mübahisələndirilən torpaq sahəsinə iddiaçı tərəfin iştirakı ilə mütəxəssis tərəfindən naturada baxışın keçirilməsi və döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi zəruridir. Məktubda qeyd olunan, iddiaçının nümayəndəsinə məxsus telefon nömrəsinə (***-***-**-**) dəfələrlə zəng olunmuş, lakin əlaqə saxlamaq mümkün olmamışdır. İddiaçı və ya nümayəndəsi torpaq sahəsinə baxışda iştirak edib, naturada göstərmədiyi üçün çöl-ölçmə işlərinin aparılması və məlumatların təqdim olunması mümkün olmamışdır. Daha sonra məhkəmə tərəfindən cavabdehə sorğu ünvanlanaraq, Mingəçevir şəhərində yerləşən mübahisəli 0,05 ha torpaq sahəsinə dair ətraflı (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmaması haqqında) məlumatın məhkəməyə təqdim olunması təkrar xahiş edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1214/2023 nömrəli məktubunda qeyd etmişdir ki, tədqiqat obyektinə baxış keçirilərək mütəxəssis rəyi hazırlanmışdır, lakin mütəxəssis rəyinin məhkəməyə göndərilməsi, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 2 nömrəli Qərarına uyğun olaraq təqdim olunmuş smetada nəzərdə tutulan xidmət haqqının ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd ərazi idarəsinə təqdim ediləcəyi təqdirdə təmin ediləcək. İddiaçıya cavabdehin xx.xx.2023-cü il tarixli məktubu, ona əlavə olunmuş smeta və hesab nömrəsinin surəti xx.xx.2023-cü il tarixli məktuba əlavə olunaraq ünvanlanmış, xidmət haqqını ödəməyə razı olub-olmadığı barədə məlumatı, ödəməyə razı olduğu təqdirdə ödənişi təsdiq edən sənədi Şəki İnzibati Məhkəməsinə təqdim etməsi təklif olunmuşdur. Poçt xidməti tərəfindən zərf “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Daha sonra cavabdehin xx.xx.2023-cü il tarixli məktubu, ona əlavə olunmuş smeta və hesab nömrəsinin surəti xx.xx.2023-cü il tarixli eyni məzmunlu məktuba əlavə olunaraq yenidən iddiaçıya göndərilmiş, məktub qəbul edilməsinə baxmayaraq məktubda qeyd olunanlara münasibət bildirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. İddiaçıya yenidən xx.xx.2023-cü il tarixli eyni məzmunlu məktub ünvanlanmış, məktub qəbul edilməsinə baxmayaraq, yenə də iddiaçı tərəfindən məktuba münasibət bildirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. İş üzrə xx.xx.2023-cü il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya məhkəmə iclasının yeri və vəxatı barədə bildiriş göndərilmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Daha sonra iddiaçıya xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, Məhkəmənin 2-1(116)-89/2023 nömrəli məktubu ilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə sorğu edilərək, mübahisəli torpaq sahəsinə dair (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası (dəqiq göstərməklə), rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmaması haqqında) ətraflı məlumatın Məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsindən 3-21-3-35/2-2574/2023 nömrəli cavab məktubu Məhkəməyə daxil olmuşdur. Həmin məktubda göstərilir ki, tədqiqat obyektinə baxış keçirilərək mütəxəssis rəyi hazırlanmışdır, lakin mütəxəssis rəyinin məhkəməyə göndərilməsi, təqdim olunmuş smetada nəzərdə tutulan 95 manat xidmət haqqının ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd ərazi idarəsinə təqdim ediləcəyi təqdirdə təmin ediləcək. Bu səbəblə 3-21-3-35/2-2574/2023 nömrəli məktubu, ona əlavə olunmuş smeta və hesab nömrəsinin surətini iddiaçıya göndərərək, xidmət haqqını ödəməyə razı olub-olmadığı barədə məlumatı, ödəməyə razı olduğu təqdirdə ödənişi təsdiq edən sənədi 5 gün müddətində Şəki İnzibati Məhkəməsinə təqdim etmək təklif olunmuşdur. Həmçinin nəzərinə çatdırılmışdır ki, məhkəmənin eyni məzmunlu xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli məktubları iddiaçıya ünvanlanmış, lakin bu günədək xidmət haqqını ödəməyə razı olub-olmadığı barədə məlumat və ya ödəməyə razı olduğu təqdirdə ödənişi təsdiq edən sənəd məhkəməyə daxil olmamışdır. Məlumat üçün iddiaçının nəzərinə çatdırılmışdır ki, İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Odur ki, işin qeyd olunan halına münasibətdə də məhkəmə tərəfindən analoji qaydanın tətbiq edilməsi yol veriləndir. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu poçt xidməti tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. İddiaçıya ünvanlanmış məhkəmə bildirişi poçt xidməti tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinin birinci cümləsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında İPM-in 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün və dürüst tətbiqinin şərtlərinə dair hüquqi mövqelər ortaya qoyulmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən qərarında aşağıdakılar göstərilmişdir: "İPMin 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunvericilik bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır." Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 55 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “RMZ-nin şimalında yerləşən “Şəfa” bağçılığında adına ayrılmış torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının tanınması, bu barədə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar