Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-890/2020 19.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdehlər Mingəçevir Bələdiyyəsi, Mingəçevir şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC-yə qarşı “Mingəçevir Bələdiyyəsinin qərarına əsasən ona icarəyə verilmiş torpaq sahəsinə dair icarə müddətinin uzadılmasının cavabdehlərin üzərinə vəzifə kimi qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Mingəçevir Bələdiyyəsi, Mingəçevir şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir Bələdiyyəsinin qərarına əsasən ona icarəyə verilmiş torpaq sahəsinə dair icarə müddətinin uzadılmasının cavabdehlərin üzərinə vəzifə kimi qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunan sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı Mingəçevir Bələdiyyəsinə müraciət edərək ona 60/3 nömrəli 15.10.2004-cü il tarixli qərara əsasən icarəyə verilmiş torpaq sahəsinə dair icarə müqaviləsinin müddətinin uzadılmasını xahiş etmişdir. Mingəçevir Bələdiyyəsi vətəndaşa cavab məktubunda qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğunu bildirmişdir və bu səbəblə aidiyyəti üzrə ƏMDK müraciət etməsini tövsiyyə etmişdir. X1 12.11.2019-cu il tarixində Bərdə Regional Ədliyyə İdarəsinə vətəndaşın müraciətinə baxılması üçün sorğu göndərir. Qeyd olunan orqan 05.12.2019-cu il tarixli vətəndaşa cavab məktubunda bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair yerquruluşu planının hazırlanması məqsədilə ilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə müraciət olunmuşdur. Həmin qurum tərəfindən Mingəçevir Bələdiyyəsinə ünvanlanmış 22.10.2019-cu il tarixli **********71 nömrəli məktubda qeyd olunan torpaq sahəsinin ərazisi dövlət mülkiyyətinə aid olduğundan yerquruluşu planının hazırlanmasının mümkün olmadığı bildirilmişdir. Həmçinin vətəndaşın Mingəçevir İH-nə ünvanladığı məktuba müvafiq orqanın 22.01.2020ci il tarixli cavabında sözügedən ərazinin dövlət mülkiyyətinə aid olduğu qeyd olunmuş və bu səbəblə ƏMDK müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Mingəçevir Bələdiyyəsinin 60/3 nömrəli 15.10.2004-cü il tarixli qərarında qeyd olunur: “Y.Mənsurov küçəsi ev 7 mənzil 82-də yaşayan İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün “Azenerji” TKİ-nin 5 saylı nəqliyyat bölməsinin yaxınlığındakı ərazidən 1.85 ha torpaq sahəsi 5 (beş) il müddətinə icarəyə verilsin”. Həmçinin, məhkəməyə təqdim olunan Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC tərəfindən **********71 nömrəli 22.10.2019-cu il tarixli Mingəçevir Bələdiyyəsinə ünvanlanan məktubda qeyd olunan torpaq sahəsinin yerquruluşu planının hazırlanmasl barədə bələdiyyənin 23.09.2019-cu tarixli 1321 nömrəli məktubuna baxılmış və cavab olaraq bildirilmişdir ki, ayrılması nəzərdə tutulan 1.85 ha torpaq sahəsinin ərazisi dövlət mülkiyyətinə aid olduğundan yerquruluşu planının hazırlanması mümkün deyil. Məhkəmə tərəfindən iddiaçıya 05.05.2020-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən məhkəmə tərəfindən nəzərinizə çatdırılır ki, tələb 3 cavabdehə qarşı irəli sürülüb. Lakin icarə müqaviləsinin müddətinin uzadılması hər 3 cavabdehdən tələb olunur. 3-cü cavabdeh inzibati orqan deyil. Tələb olunan torpaq sahəsi dövlət mülkiyyətindədir. Ona görə iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməsi tövsiyə olunub. Bundan başqa iddiaçıya bildirilmişdir ki, icarə müqaviləsi üzrə müddətin uzadılması İnzibati Məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında da qeyd olunan məsələnin mülki xarakterli olduğu göstərilib. Odur ki, iddiaçıya yuxarıda qeyd olunanlara münasibət bildirməsi üçün 10 (on) gün vaxt verilmişdir. 05.05.2020-ci il tarixdə məktub iddiaçının ünvanına göndərilmiş və 18.05.2020-ci il tarixində xəbərnaməyə imza edilməklə alınmışdır. İddiaçı tərəfindən yardıma münasibət bildirilməmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2-ci bəndinə əsasən Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının tələbi mülki xarakter daşıyır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan kommersiya və ya rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Mingəçevir Bələdiyyəsi, Mingəçevir şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC-yə qarşı “Mingəçevir Bələdiyyəsinin qərarına əsasən ona icarəyə verilmiş torpaq sahəsinə dair icarə müddətinin uzadılmasının cavabdehlərin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-890/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-890/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver