Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-890/2021 19.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinin etibarnamə üzrə nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş 20.10.2020-cı il tarixli **********918500 saylı qərarın ləğv edilməsi” və “buraxılmış prossesual müddətin bərpa edilməsi” tələbinə dair inzibati işə açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 20.10.2020-cı il tarixli **********918500 saylı qərarın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini dələduz şəbəkəsinin qurbanı olması, aparılan vergi əməliyyatlarından məlumatının olmaması, onun adından bir neçə nəfər şəxsin ASAN imza vasitəsilə əməliyyatlar apararaq xaricdən mal gətirib satması, özünün isə bütün bunlardan xəbərsiz olması ilə əsalandırılmışdır. Qeyd etmişdir ki, onun bütün bunlardan 29.04.2021ci il tarixdə ASAN imza sertifikatını aldıqdan sonra məlumatı olmuşdur. Həmçinin 2020-ci ilin sentyabr ayının 20-də o, özünə məxsus şirkəti ilə bağlı əməliyyat apararkən ona ********** nömrəli VÖEN-lə əmliyyatların aparılması, ona nəzarət etməsi deyilmişdir. O, dərhal vergiyə getmiş və bildirmişdir ki, onun adına başqa şəxslər ASAN sertifikat alıb və vergi vasitəsilə əməliyyatlar aparmaq istəyirlər və ona kömək edilməsini xahiş etmişdir. Həmin vaxt onun adına yeni MMC yaratmaq istənildiyi görünürdü. Lakin, onun bütün bunların heç birindən xəbəri olmayıb. Vergidən ona ASAN imzanı bağlamaq məsləhət bilinmişdir. 20.09.2020-ci il tarixdə o, bilmədiyi ASAN İmza Sertifikatını bağlamış, dərhal vəkil axtarmağa başlamışdır. Nəticədə ordada dələduz vəkilə rast gəlmişdir. İlk növbədə 03.10.2020-ci il tarixdə o, bu əməliyyatları etməkdə şübhəli bildiyi şəxslərə verdiyi etibarnaməni ləğv etmişdir. Həmin vaxt ümumiyyətlə onun borcu yox idi. O, ASAN imzanı bağladıqdan sonra arxayın olmuşdur ki, artıq belə bir problem qalmayıb. Həmin şəxslərin dələduzluq əməllərinə görə vəkillə görüşmüş və ona bu şəxslər barəsində şikayətlər etməsini xahiş etmişdir. Həmin vəkil də onu aldatmış, vəkilə ona 250.000 manat borcunun olduğunu və borcun silindiyini bildirmişdir. O, da bütün işlərin görüldüyünü zənn etdiyindən heç nədən xəbəri olmamışdır. Ona aprel ayında məlum olmuşdur ki, 58.000 manat borcu var. Lakin indiyənədək onun bu işlərdən xəbəri olmayıb. Heç bir yerdə olmayıb. Hesab edir ki, bu şəxs onun adından məhkəməyə, icraya məktublar yazmış və onun bunların heç birindən xəbəri olmamışdır. Etibarnaməni 29.04.2021-ci il tarixdə ləğv edəndə öyrənmişdir ki, ümumiyyətlə bu şəxs heç vəkil deyilmiş. Onun adından şikayətlər yazmış aldatmışdır ki, vergi borcları ləğv olub. Bu səbəbdən də onun vergi borcundan xəbəri olmayıb. O, ASAN imzanı 2020-ci ilin sentyabr ayında bağlatmış, vergi isə 1 ay sonra hesablanmışdır. 29.04.2021-ci il tarixdə ASAN imza serifikatını alan kimi onlayn qərarı götürüb dərhal 30.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Onun kimi 100-ə yaxın insan da oxşar problemlə üzləşib. 53353,43 manat onun ödəyə biləcəyi məbləğ deyil. O, heç bir əməliyyat aparmamışdır ki, xeyir götürsün və vergi ödəsin. Bu əməliyyatların hamısı etiarnamə ilə edilib. Hətta hansı formada bank hesabı açılması və ödənişin edilməsi də ona məlum deyil. O, qərarı 29.04.2021 -ci il tarixdə elektron xidmətlər protalından almışdır. Belə ki, eyni gündə o, ASAN imza sertifikanı aldıqdan sonra bu qərardan xəbər tutmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş 20.10.2020-cı il tarixli **********918500 saylı qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisələndirilən qərardan 2020-ci ilin sentyabr-oktyabr aylarında məlumatı olmuşdur. belə ki, sentyabr ayında cavabdeh inzibati orqan onu həmin borcla bağlı 10 saylı Ərazi Vergilər İdarəsinə dəvət etmişdir. 2021-ci ilin oktyabr ayında müvafiq qərarın qəbulundan məlumatı olmuş, həmin qərar qəbul edildikdən sonra noyabr ayında vəkil tutmuşdur. Cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi iddia tələbinə etirazda bildirilmişdir ki, qərarın ləğv edilməsi mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı 20.10.2020-cı il tarixli **********918500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında qərar həmin tarixdə elektron qutusuna göndərilmişdir. Ödəyici hesablanan məbləğdən gec xəbər tutduğunu qeyd etmişdir. Lakin ödəyicinin borc barədə əvvəlcədən məlumatlı olmuşdur. Belə ki 55486.85 manat vergi borcu ilə bağlı olaraq **********981700 nömrəli 11.02.2021-ci il tarixli tələbin icra yönləndiriməsi ilə bağlı qərar əsasında 19.02.2021-ci il tarixdə Oğuz rayon icra probasiya şöbəsinin icra məmuru Tural Abdurrahmanov “icraata başlamaq haqqında’’ qərar qəbul etmişdir. 26.02.2021-ci il tarixdə iddiaçı Qafarov Maarif tərəfindən icra məmurunun həmin qərarından Oğuz Rayon Məhkəməsinə şikayət etmiş, lakin şikayəti təmin edilməmişdir. Bundan sonra iddiaçı apelyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qərardadı dəyişdirmədən saxlamışdır. Həmçinin analoji borcla bağlı Şəki Kommersiya Məhkəməsinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı 19.03.2021-ci il tarixli e-2-2(117)-173/2021 nömrəli qətnamə qəbul etmişdir. Yuxarıda göstərilən məsələlərlə bağlı bir daha sübüt olunur ki, iddiaçı 30 gün iddia müddətini buraxmışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı (VÖEN: **********) 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ona 53353,43 manat vergi borcu məbləğin hesablanması barədə 20.10.2020-cı il tarixli **********918500 saylı qərarının ləğv edilməsinə dair iddia tələbinin mümkün hesab edilməməsi xahiş edilmişdir. Cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinin etibarnamə üzrə nümayəndələri X1 və X3 məhkəmə iclasında etirazla eyni məzmunlu izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən 04.05.2021-ci il və 14.07.2021-ci il tarixlərdə iddiaçıya hüquqi yardımla bağlı məktublar ünvanlanmış izah edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən, hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. İddia ərizəsinin məzmunundan görünür ki, siz Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 20.10.2020-ci il tarixli **********918500 saylı qərarının ləğv edilməsini arzu edirsiniz. Qeyd olunan qərarın ləğvinin tələb olunması isə mübahisələndirmə haqqında iddia növünə aiddir ki, bu zaman iddianın predmetini əlverişsiz inzibati akt təşkil edir və şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin iddiaçı barəsində tərtib etdiyi 20.10.2020-ci il tarixli **********918500 saylı qərarın etibarsız hesab edilməsi və yaxud ləğv edilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi, qeyd olunan inzibati aktın etibarsız hesab edilməsini arzuladığı halda buna dair əsasların göstərilməsi təklif olunmuşdur. 19.10.2021-ci il tarixdə iş üzrə keçirilən şifahi məhkəmə baxışı iclasında iddiaçı, məhkəmənin hüquqi mövqeyinə əsasən hazırki iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə iddia tələbinə mübahisələndirmə haqqında iddia növünə uyğun olaraq baxılmasını və mübahisələndirdiyi inzibati aktın ləğv edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmənin 19.10.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya mübahisələndirmə haqqında iddia növünün müddətlə bağlı xüsusi mümkünlük şərti izah edilmiş və 10 saylı Ərazi Vergilər İdarəsinin onun barəsində qəbul etdiyi 20.10.2020-ci il tarixli **********918500 saylı qərarını mübahisələndirmək üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətini buraxması bildirilmiş, həmçinin iddiaçıya izah edilmişdir ki, müəyyən olunmuş müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı 19.10.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək buraxılmış 30 günlük iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin 19.10.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı prossesual müddətin buraxılmasını barəsində aparılan icraatdan məlumatsız olması, ASAN imza aldıqdan sonra qərarın surətini əldə etməsi və bundan sonra mübahisələndirməsi ilə əsaslandırmışdır. Cavabdehin nümayəndələri iddia tələbinə mübahisələndirmə haqqında iddia növündə baxılması ilə razılaşdıqlarını, lakin iddia müddəti iddiaçı tərəfindən üzürsüz səbəbdən buraxıldığına görə müddətin bərpa edilməsinə etiraz etdiklərini bildirdilər. İnzibati işə dair aşağıda göstərilən sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmiş, həmin sənədlərin məzmununa istinad olunmuşdur: - “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 20.10.2020-cı il tarixli **********918500 saylı qərarı, - Oğuz rayon icra və probasiya şöbəsinin 19.02.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarı və iddiaçının müvafiq qərardan şikayətinin surəti, - Şəki Apellyasiya Məhkəməsinin 08.05.2021-ci il tarixli, 8(107)-40/2021 nömrəli qərardadı, - Şəki Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli e-2-2(117)-173/2021 nömrəli qətnaməsi. Əsaslandırma hissəsi : Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – “20.10.2020-ci il tarixli **********918500 saylı qərarın ləğv olunması barədə” iddia tələbi - bu növ iddianın xüsusi mümkünlük şərtinə, yəni iddianın qanunla müəyyən olunmuş 30 (otuz) günlük iddia müddəti ərzində qaldırılması tələbinə cavab vermir. İddiaçı mübahisə predmeti olan qərara qarşı yönəlmiş tələbi qanunverciliklə müəyyən edilmiş qaydada 30 gün müddətində irəli sürməmişdir. Bu səbəbdən də, iddia mümkün sayıla bilməz. İş materiallarında olan“Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 20.10.2020-cı il tarixli **********918500 saylı qərarından görünür ki, iddiaçı barəsində “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və bəyənnamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən 53353.43 manat məbləğində vergi hesablanmışdır. İş materiallarında olan, Oğuz rayon icra və probasiya şöbəsinin 19.02.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarından və iddiaçının müvafiq qərardan şikayətinin surətindən görünür ki, Oğuz rayon icra və probasiya şöbəsi iddiaçı barəsində 10 saylı ƏVİnin 11.02.2021-ci il tarixli **********918500 saylı icra sənədi üzrə icraata başlamış, iddiaçı həmin qərarı 26.02.2021-ci il tarixdə Oğuz rayon Məhkəməsində mübahisələndirmişdir. İş materiallarında olan, Şəki Apellyasiya Məhkəməsinin 08.05.2021-ci il tarixli, 8(107)-40/2021 nömrəli qərardadından görünür ki, borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Oğuz rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 8(054)- 16/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan, Şəki Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli e-2- 2(117)-173/2021 nömrəli qətnaməsindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Vartaşen Qarabaldır kəndində doğulmuş İddiaçı ölkədən getmək hüququ, 53352.74 manat məbləğində vergi borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı barəsində əlverişsiz inzibati akt sayılacaq qərar cavabdeh tərəfindən 20.10.2020-ci il tarixdə qəbul edilmiş və iddiaçının 2020-ci ilin oktyabr ayında həmin qərarın qəbul edilməsindən məlumatı olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclasında izahat verərkən özü də etiraf etmişdir ki, 2020-ci ilin sentyabr ayında cavabdeh inzibati orqana çağırılmış, oktyabr ayında isə yaranmış vergi borcu ilə bağlı qərardan məlumatı olduqdan sonra, həmin ilin noyabr ayında vəkil tutmuşdur. Digər tərəfdən iş materiallarında olan Oğuz rayon icra və probasiya şöbəsinin “icraata başlamaq haqqında” qərarından verilən şikayətdə hazırki iddia tələbində və iddiaçının izahatında qeyd edilən xüsusatlar oxşarlıq təşkil etdiyindən məhkəmə o qənaətə gəlir ki, iddiaçı vergi borcu ilə əlaqədar barəsində qəbul edilən qərardan icra icraatı çərçivəsində müvafiq tədbirlər həyata keçirilərkən məlumatlı olmuşdur. Odur ki, məhkəmə iddiaçının heç nədən xəbəri olmaması ilə bağlı iddia ərizəsində qeyd edilən fikirlərini və məhkəmə icasında verdiyi izahatını inandırıcı hesab etmir. Belə ki, verilən şikayət iddiaçının hüquqi marağına xidmət etdiyindən və şikayətin dəlilləri ilə iddia tələbinin dəlilləri eyniyyət təşkil etdiyindən məhkəmə müvafiq şikayətin iddiaçının iradəsinə uyğun olaraq özü tərəfindən tərtib edilməsi qənaətinə gəlməyə əsas verir. Eyni zamanda qeyd edilməlidir ki, Oğuz rayon Məhkəməsi 18.03.2021-ci il tarixli 8(054)-16/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və bundan sonra da iddiaçı həmin qərardaddan Şəki Apellyasiya Məhkəməsinə şikayət verərək hüquqi mübahisəni davam etdirmişdir. Növbəti şikayətin dəlilləri də, hazırki iddia ərizəsinin məzmunu və iddiaçının məhkəmə iclasında verdiyi izahatla eyniyyət təşkil etdiyindən, iddiaçının baş verən proseslərdən məlumatsız olması ilə bağlı fikirlərini məhkəmə subyektiv mülahizələr kimi qəbul edir. Məhkəmə hesab edir ki, aparılan bütün yazışmalar iddiaçının hüquqi marağına xidmət etdiyindən iddiaçının baş verən proseslərdən məlumatının olmamasını iddia etməsi İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünün müddətlə bağlı xüsusi mümkünlük şərtindən yayınmaq məqsədi daşıyır. İddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan Şəki Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli e-2-2(117)-173/2021 nömrəli qətnaməsinin məzmununda da qeyd edilmişdir ki, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Bu isə bir daha onu deməyə əsas verir ki, 2021-ci ilin mart ayı ərzində Şəki Kommersiya Məhkəməsində iddiaçı barəsində icraat aparılarkən mübahisələndirilən qərar və onun hüquqi nəticələrindən iddiaçının məlumatı olmuş, lakin qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində həmin qərar mübahisələndirilməmişdir. Müddətin buraxılması həm də onunla sübut edilir ki, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardımla bağlı məktublar göndərildikdən sonra da iddiaçı müvafiq qərarın mübahisələndirmə haqqında iddia növünə uyğun olaraq mübahisələndirməmişdir. Belə ki, ünvan 1i ünvanına göndərilmiş hüquqi yardım barədə məktub 19.05.2021-ci il tarixdə həmin ünvanda İddiaçı tərəfindən qəbul edilmişdir. Eyni zamanda müvafiq yardım məktubu 17.05.2021-ci ildə Şəki İnzibati Məhkəməsinin binasında şəxsən iddiaçıya təqdim edilmişdir. İddiaçı isə müvafiq qərarın mübahisələndirmə haqqında iddia növünə uyğun olaraq baxılması barədə ərizəni 19.10.2021-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında təqdim etmişdir. Bu isə o deməkdir ki, hətta iddiaçının 29.04.2021-ci il tarixdə mübahisələndirilən qərardan məlumatının olması qəbul edilsə belə, 30 günlük iddia müddəti yenə də ötürülmüş hesab olunacaq belə ki, iddiaçı müvafiq qərarın mübahisələndirməsi ilə bağlı iddia tələbini 6 ay sonra irəli sürmüş hesab olunacaqdır. Sadalanan bütün hallar birmənalı olaraq sübut edir ki, iddiaçının mübahisələndirilən qərardan onun qəbul edildiyi vaxtdan, yəni 2020-ci ilin oktyabr ayından məlumatı olmuşdur. İddiaçı növbəti aylarda (2021-cilin fevral-mart aylarında) müxtəlif məhkəmə instansiyalarında hüquqi mübahisəni davam etdirmiş, lakin hazırda ləğvini tələb etdiyi cavabdeh inzibati orqanın qərarını mübahisələndirməmişdir. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1.3. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. lazımi qaydada çatdırılmış sayılır. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi və ya elan edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni, hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Göründüyü kimi inzibati orqan qəbul etdiyi inzibati aktın maraqlı şəxsə çatdırılması ilə bağlı qanunvericiliklə üzərinə düşən vəzifəsini icra etmişdir. İddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında 2020-ci ilin sentyabr ayında cavabdeh inzibati orqana çağırılmasını və 2020-ci ilin oktyabr ayında vergi borcu ilə əlaqədar cavabdeh tərəfindən ona məlumat verilməsini etiraf etmişdir. Sənədin maraqlı şəxsə təqdim olunmasında qanunvericinin əsl məqsədi şəxsin, onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir... Elektron yaxud kağız formatda göndərilən inzibati aktların vizual baxımdan tək fərqi aşağı hissədə yer alan imza və möhürdən ibarətdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1909/2019 02.07.2019-cu il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Məhkəmənin hüquqi yardımından sonra iddiaçı tərəfindən “iddia müddətinin bərpası barədə” ərizə təqdim edilərək buraxılmış müddətin bərpa edilməsi xahiş edilsə də, həmin müddətin üzürlü səbəblərdən buraxılmasına dair heç bir sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçı müddətin ötürülməsini əsaslandıran halları və sübutları məhkəməyə təqdim etməli olduğu halda, bunu etməmişdir. İddiaçının müxtəlif məhkəmə instansiyalarında hüquqi mübahisənin davam etdirilməsi ilə bağlı proseslərdən xəbərsiz olması ilə bağlı fikirləri isə iddiaçının elə özünün məhkəmə iclasında verdiyi izahatı ilə, habelə məzmunu yuxarıda qeyd edilmiş müvafiq məhkəmə aktları ilə təkzib olunur. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunan normalara əsasən, prosessual müddətlər buraxıldığı təqdirdə onların bərpa edilməsi imkanı nəzərdə tutulsa da, bunun üçün müddəti buraxmış şəxs müddətin onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçı tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair heç bir sübut təqdim olunmadığından və iddiaçının, müvafiq qərarın qəbul edilməsi ilə bağlı aparılan icraatdan məlumatsız olması ilə bağlı fikirləri üzrlü səbəb kimi qəbul edilmədiyindən, məhkəmə İPM-nin 38.1-ci maddəsində müəyyən olunmuş mübahisələndirmə haqqında iddia növü üçün xarakterik olan 30 günlük iddia müddətinin iddiaçının təqsiri üzündən buraxılması və həmin müddətin bərpası üçün hər hansı üzürlü səbəbin olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Müddəaların tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 saylı qərarında məsələ aşağıdakı qaydada qiymət verilmişdir: - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, “iddia müddətinin bərpası barədə” ərizə təmin edilməməli və İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş, mübahisələndirmə haqqında iddianın qaldırılması üçün 30 günlük iddia müddəti heç bir üzürlü səbəb olmadan, iddiaçının təqsiri üzündən buraxıldığından iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “buraxılmış müddətin bərpası barədə” ərizəsi təmin edilmir. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 20.10.2020-cı il tarixli **********918500 saylı qərarın ləğv olunması barədə” iddia tələbi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-890/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-890/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver