Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-890/2025 08.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Qəbələ rayonu Nic qəsəbə sakini xx.xx.2018-ci il təvəllüdlü X3 dövlət ümumitəhsil məktəbində rus bölməsinin birinci sinfinə keçirilən qəbul müsabiqəsinin nəticələri barədə Cavabdehndə təşkil olunmuş apellyasiya komissiyasının qərarının ləğv olunması, X3 2024-2025-ci tədris ili üçün birinci sinifdə rus bölməsinə qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayonu Nic qəsəbə sakini xx.xx.2018-ci il təvəllüdlü X3 dövlət ümumitəhsil məktəbində rus bölməsinin birinci sinfinə keçirilən qəbul müsabiqəsinin nəticələri barədə Cavabdehndə təşkil olunmuş apellyasiya komissiyasının qərarının ləğv olunması, X3 2024-2025-ci tədris ili üçün birinci sinifdə rus bölməsinə qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, oğlu X9 xx.xx.2018 - ci İl tarixdə Qəbələ rayonunun Nic qəsəbəsində doğulmuşdur. 2020 - 2022 - ci illərdə rus dilində tədris və uşaq tədbirləri keçirilən Nic qəsəbəlsaylı bağçasında mütəmadi olaraq bağça təhsili və tədbirlərində iştirak etmişdir. xx.xx.2018-ci il təvəllüdlü oğlu X7 2023 - 2024 təhsil ilində Qəbələ rayonu Nic qəsəbə 1 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupunda rus bölməsində təhsil almışdır. Bildirir ki, X7 2024 - 2025 - ci tədris ili üçün dövlət ümumi təhsil məktəblərində rus bölməsinin birinci sinfinə qəbul edilməsi üçün təşkil olunmuş müsabiqədə iştirak etmişdir. Müsabiqənin nəticələrinə əsasən X2 müsabiqə nəticələri qənaət baxış hesab edilməmişdir. Müsabiqənin nəticələrindən narazı qaldığına görə Şəki - Zaqatala Regional Təhsil İdarəsində təşkil olunmuş apellyasiya Komissiyasına rəsmi ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında Apellyasiya komissiyasında verilən cavabların video görüntüsünə baxılmış və müsabiqə komissiyasının verdiyi qərar qüvvədə saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdir. Müraciəti baxılması üçün ARTN Şəki - Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ Rayon Təhsil Sektoruna göndərilmişdir. Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramovanın xx.xx.2024 -cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Apellyasiya komissiyasının yekun qərarına əsasən övladı 2024 - 2025 - ci tədris ilində rus bölməsinin 1-ci sinfinə qəbul edilməsi məqsədə müvafiq hesab edilməmişdir". Qəbələ rayon Təhsil Sektorunun cavab məktubunda həmçinin göstərilmişdir ki, apellyasiya komissiyasının verdiyi qərardan narazılıq varsa qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə orqanlarına müraciət etdiyim tövsiyyə olunmuşdur. İddiaçı bildirir ki, 2024-2025-ci tədris ili üçün birinci sinfin rus bölməsinə keçirilən qəbul müsabiqəsinin nəticələri və müraciətim əsasında Şəki - Zaqatala Təhsilidarəsində təşkil olunmuş apellyasiya komissiyasının qərarı ədalətsiz qərar olmaqla ləğv olunmalı və oğlu X9 2024 - 2025 tədris ili üçün birinci sinif rus bölməsində oxumağa buraxılmalıdır. Nic qəsəbə 1 saylı tam orta məktəbin direktoru E.Zəkinin imzası ilə məhkəməyə təqdim edilməsi üçün verilmiş xx.xx.2024 - cü il tarixli 98 saylı arayışda göstərilir ki, xx.xx.2018 - ci il təvəllüdlü X10 həqiqətən 2023 - 2024 - cü illərdə Qəbələ rayon Nic qəsəbə 1 saylı tam orta məktəbin məktəbəhazırlıq qrupunda rus bölməsində təhsil almışdır. X4 Nic qəsəbə 1 saylı tam orta məktəbin 2024 - 2025 - ci tədris ili üçün birinci sinfə rus bölməsində oxumasına məktəb rəhbərliyi etiraz etmir. Qeyd olunanlardan aydın olur ki, Dallari Andrey rus dilində ünsiyyət qurmağa və hazırki yaş həddində birinci sinif həcmində sualları cavablandırmağı bacarır. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, İddiaçı iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “2024/2025ci tədris ili üzrə ümümi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə" 2024-cü il 17 aprel tarixli, 3-29/3-2-130F/2024 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilmiş və “2024/2025-ci tədris ili üçün region üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsi ilə həyata keçirilmişdir. 2024/2025ci tədris ili üçün Cavabdeh tabeliyindəki ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsini, həmçinin müsahibənin nəticələri ilə bağlı yarana biləcək narazılıqların aradan qaldırılmasını təmin etmək məqsədi ilə idarədə peşakar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları yaradılmışdır. Müsahibənin uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarlara uyğun küçirilməsi təmin edilmiş və idarənin tabeliyində olan ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu müsahibə komissiyalarının müsbət yazılı rəyi əsasında aparılmışdır. Müsahibələrin videoçəkilişinin aparılması üçün kameraların və ehtiyaclara uyğun digər təchizat vasitələri ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi təmin edilmiş və hər bir uşaqla aparılmış müsahibənin videosu yaddaşa yazılmaqla arxivdə saxlanılmışdır. Meyarlara uyğun olmayan sualların verildiyi apellyasiya komissiyası tərəfindən aşkar edildiyi təqdirdə müsahibə komissiyaları barədə müvafiq tədbir görülməsi tapşırılmışdır. Cavabdehndə təşkil olunmuş apellyasiya komissiyası tərəfindən Qəbələ rayonu Nic qəsəbə sakini xx.xx.2018-ci il təvəllüdlü X3 apellyasiya şikayətinə baxılarkən müsahibə zamanı aparılmış videoçəkiliş təhlil olunmuş və onun 2024-2025-ci tədris ili üçün birinci sinifdə rus bölməsinə qəbul edilməsinin məqsədə müvafiq hesab olunmaması qüvvədə saxlanılmışdır. Apellyasiya komissiyası tərəfindən videoçəkilişə baxılarkən həmçinin müəyyən edilmiş ki, müsahibə zamanı X9 şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə ümumi meyarlara, yəni fikirə münasibət bildirmə, ünsiyyət zamanı fikrini sərbəst ifadə etmə, ünisiyyət zamanı nitq etiketlərindən yerində istifadə etmə, özü, ailəsi və vətəni haqqında qısa məlumat vermə, təklif edilən əşya və hadisələr haqqında danışma və ya təklif edilən 3-5 cümlədən ibarət qısa mətn qurma kimi meyarlara uyğun cavab verməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Qəbələ rayon Təhsil Sektorunun xx.xx.2024 - cü il tarixli məktubu.
2. Nic qəsəbə 1 saylı tam orta məktəbinin xx.xx.2024 - cü il tarixli 98 saylı arayışı;
3. Apellyasiya komissiyasının yekun müsahibə protokolu.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət edərək onun övladına münasibətdə müvafiq qərar qəbul edilməklə onun müsahibədən keçmiş hesab edilərək, rus bölməsi üzrə orta məktəbin birinci sinfinə qəbul olunmasını xahiş etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin olunmamışdır. İddiaçı tərəfindən inzibati qaydada verilmiş şikayət də təmin edilməmiş, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddət çərçivəsində hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. (İPM-in 2.2.2 və 33-cü maddələri) Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: xx.xx.2024-cü il tarixdə keçirilən müsahibə protokolunun surətindən görünür ki, X8 münasibətdə Komissiyanın hər 3 üzvü tərəfindən “qeyri-məqbul” rəyi vermişdir. xx.xx.2024-cü il tarixli müsahibə protokoluna əsasən müəyyən edilmişdir ki, X3 dil bilgiləri 5 meyar – (1) fikrə münasibət bildirməsi, (2)ünsiyyət zamanı fikrini sərbəst ifadə etməsi, (3) ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edilməsi, (4) özü, ailəsi və vətəni haqqında qısa məlumat verməsi, (5) təklif edilən əşya və hadisələr haqqında danışması və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurması əsasında qiymətləndirilmişdir. Komissiyanın hər 3 üzvü (X1,X6 və X13 “yekun” qrafasında qeyriməqbul nəticəyə gəlmişlər. Cavabdeh tərəfindən müsahibə zamanı aparılmış video çəkiliş materialları Məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən həmin materiallardakı görüntülər araşdırılmışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir... 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: ... 3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; ... 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. 7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. 14.3. Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. 14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. 14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); ... 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.1. Məktəbəqədər təhsil. 17.1.2. Ümumi təhsil: 17.1.2.1. ibtidai təhsil; 17.1.2.2. ümumi orta təhsil; 17.1.2.3. tam orta təhsil... 19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. 19.10. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir. 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə təsdiq edilmiş Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının 1.2-ci dəndinə əsasən şagirdlərin İ sinifə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mütəmadi olaraq tədris ili üçün ümumi təhsil müəssisələrinin İ sinifinə şagir qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair əhaliyə təqdim olunan məlumatlarda birbaşa olaraq göstərilir ki, tədris digər dillərdə aparılan birinci siniflərə qəbul müsahibələr əsasında həyata keçirilir. Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunur. Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, rus bölməsi üzrə birinci sinifə qəbul olunmaq üçün müsahibədən keçirilən xx.xx.2018-ci il təvəllüdlü X3 müsahibənin keçirildiyi xx.xx.2024-cü il tarixində daha 6 yaşı tamam olmamışdır. Cavabdeh tərəfindən təşkil olunmuş komissiyanın üzvləri müsahibənin nəticələrinin qiymətləndirilməsi zamanı büyün meyarlar üzrə A.Arturikoviçin cavablarını qeyri-məqbul hesab etsələr də, iş materiallarına əlavə edilmiş video görüntüyə baxış zamanı tam fərqli nəticənin şahidi olunur. Belə ki, video görüntüyə baxış zamanı aydın olur ki, A.Arturikoviç müsahibə zamanı bütün suallara münasibət bildirmiş, reaksiyaları verilən suallara adekvat olmuş, bununla da dinlədiyini anlaması öz təsdiqini tapmışdır. Videoyazının 00:42-1:02-ci, 02:02-02:37-ci və s. dəqiqələrində bunun şahidi ola bilərik. Müsahibə zamanı demək olar ki, komissiya üzvləri tərəfindən Azərbaycan dilindən istifadə olunmur. A.Arturikoviçin bütün sualları anlaması reaksiya və mimikalarından aydın şəkildə görünür. Həmçinin müəyyən olunur ki A.Arturikoviçlə müsahibənin videoyazısının 02:40- 02:47-ci, 03:13-04:04-cü, 04:17-4:52-ci dəqiqələr aralığında (saniyə aralığı ilə) verilmiş əksər suallara cavab vermiş,bütün sualları anladığını reaksiyasına əssən müəyyən etməm mümkündür. Belə olan halda cavabdehin komissiya üzvləri tərəfindən fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, özü, ailəsi və vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır meyarlarının hamısı üzrə qeyri-məqbul rəyinin verilməsi, cavabdeh tərəfindən diskresion səlahiyyət və qiymətləndirmə meyarlarına uyğun davranış zamanı səlahiyyət meyarında sui-istifadə edilməsi kimi qiymətləndirilə bilər. Həmçinin, keçirilən müsahibənin nəticələrinin qiymətləndirilməsi əsnasında A.Arturikoviçin azyaşlı olması,komissiya üzvləri ilə ilk dəfə ünsiyyətdə olması onun müsahibə zamanı təbii olaraq gərginlik, utancaqlıq və sair şəkildə cavablarının gecikməsinə və ya natamam verilməsinə səbəb olacaq hisslər yaşama ehtimalı nəzərə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə edilmədən hüquqi qiymət verilməlidir. Belə ki, cavabdeh faktiki olaraq diskresion səlahiyyətlər çərçivəsində hərəkət etməklə, özünün qiymətləndirmə sərbəstliyinə müvafiq olaraq iddiaçı tərəfindən mübahisələndirilən nəticəyə gəlsə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş səlahiyyətdən və qiymətləndirmə sərbəstliyindən düzgün istifadə edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7- ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İnzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində əvvəlcədən qəbul edəcəyi qərarın məlum olduğu hallar, yəni inzibati orqana seçim imkanı verilməyən hallar istisna olmaqla digər hallarda qanunvericiliklə inzibati orqanların diskresion səlahiyyətlərinin mövcudluğu qəbul edilməkdədir. Başqa sözlə, müəyyən səbəblərdən hərhansı qərarın qəti olaraq veriləcəyi hüquqi tənzimləmə ilə nəzərdə tutulmayıbsa, bu zaman demək olar ki, inzibati orqanın diskresion səlahiyyətləri tanınır. İnzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Eləcə də qanun inzibati orqana onun qiymətləndirməsinin inzibati məhkəmə icraatı çərçivəsini yoxlanılmasını mümkünsüz edən heç bir iradə sərbəstliyi və ya hüquqi imkan tanımamaqdadır. İPM-in 74-cü maddəsinə əsasən isə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qanunla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanı nəzərə alınmaqla) və müddətləri nəzərə alındıqda, qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən yenidən həyata keçiriləcək inzibati icraat çərçivəsində mümkün və zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından, iddia qismən təmin olunmalı, cavabdehin X5 keçirilmiş xx.xx.2024-cü tarixli müsahibənin nəticəsinin qeyri-məqbul hesab edilməsi barədə yekun qərarı ləğv edilməli, Andrey Arturikoviçlə xx.xx.2024-cü il tarixində keçirilmiş müsahibənin nəticəsinin məhkəmənin bu qərarında ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən qiymətləndirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Qəbələ rayonu Nic qəsəbə sakini xx.xx.2018-ci il təvəllüdlü X3 dövlət ümumitəhsil məktəbində rus bölməsinin birinci sinfinə keçirilən qəbul müsabiqəsinin nəticələri barədə Cavabdehndə təşkil olunmuş apellyasiya komissiyasının qərarı ləğv edilir. İddiaçı övladı X5 keçirilmiş müsahibənin nəticələrinin məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə alınmaqla yenidən qiymətləndirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.