Məhkəmə qərarları › İş №2-1(116)-891/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-891/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-891/2022 05.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “mərhum X2 verilmiş, qeyri-yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuş 0,005 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınaraq X1 adına hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 verilmiş, qeyri-yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuş 0,005 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının atası Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Bu səbəblə də qələbənin 60 illik yubileyi ilə əlaqədar iddiaçının atasına müraciəti əsasında qeyri-yaşayış binasının tikintisi üçün rayon icra hakimiyyəti başçısının sərəncamı və bələdiyyə ilə bağlanmış əvəzsiz alqı-satqı aktına əsasən verilmişdir. İddiaçının atası sözügedən torpaq sahəsini sənədləşdirməmiş və xx.xx.2010cu ildə vəfat etmişdir. İddiaçı sözügedən torpaq sahəsinin sənədləşdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********77 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı mərhum atası X2 Qəbələ şəhərində yerləşən Qəbələ bələdiyyəsi tərəfindən ayrılmış 0,005 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı mərhum atası X2 Qəbələ şəhərində yerləşən Qəbələ bələdiyyəsi tərəfindən ayrılmış 0,005 ha torpaq sahəsinə dair mülkiyyət hquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası miimkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Hazırlıq icraatı çərçivəsində xx.xx.2022-ci ildə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “mərhum X2 verilmiş, qeyri-yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuş 0,005 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınaraq X1 adına hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İş üzrə üçüncü şəxs Qəbələ RİH iddia tələbinə dair xx.xx.2022-ci il tarixli 4/252/82 nömrəli münasibət məktubunda qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Qəbələ bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqəsinin torpaqlarına aid ümumi istifadədə olan torpaqların ərazisində yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 20-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşutəsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Adı çəkilən torpaq sahəsi Qəbələ şəhərinin Baş planına əsasən küçəətrafı yaşıllıq ərazisinə düşür, yolun qırmızı xətti həmin sahənin ortasından keçir və sahə tikinti xəttindən qabaqda yerləşir. Yuxarıda qeyd olunanlara əsasən iddia edilən torpaq sahəsi ərazi planlaşdırılmasına uyğun olmadığı üçün tikinti altına ayrılması və üzərində hüquqların tanınması məqsədəmüvafiq deyildir. Qəbələ şəhər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 03 saylı iclas protokolundan çıxarışa əsasən mərhum X2 ayrılmış torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi barədə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 116 nömrəli sərəncamı Qəbələ Rayon İcra Hakimiyyətinin arxivində aşkarlanmamışdır. Belə ki, həmin dövrə aid sənədlər Qəbələ rayon Dövlət Arxivinə təhvil verilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Qəbələ rayonu Qəbələ bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 03 nömrəli qərarından çıxarışdan görünür ki, həmin qərarla X2 tikinti tikmək üçün 50 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. Qəbələ RİH başçısının xx.xx.2004-cü il tarixli 116 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla X2 Qəbələ bələdiyyəsinin qərarı ilə aldığı 50 kv.m torpaq sahəsində ticarət obyekti tikintisinə başlamağa icazə verilmişdir. “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, X2 torpaq sahəsi əvəzsiz verilmişdir. Akt vəzifəli şəxslər tərəfindən imzalanmasına baxmayaraq, torpaq şöbəsində qeydiyyata alınmamış və müvafiq möhürlə təsdiq edilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********01 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı tərəfindən göstərilmiş və faktiki naturada ölçülmüş 0,0056 ha (56 kv.m) torpaq sahəsi Qəbələ Şəhər Ərazi vahidi sərhədləri daxilində təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası 1 və 2 mərtəbəli binalar yerləşən ərazi olmaqla Qəbələ bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən 0,0056 hektar (56 kv.m) torpaq sahəsi ümumi istifadədə olan ərazidə yerləşir. Torpaq sahəsi kənarları bərkidilməmiş, istifadəsiz boş ərazidən ibarətdir, başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerquruluşu planında göstərilmişdir. Qəbələ RİH xx.xx.2022-ci il tarixli 4/252/82 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Qəbələ bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqəsinin torpaqlarına aid ümumi istifadədə olan torpaqların ərazisində yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 20-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Adı çəkilən torpaq sahəsi Qəbələ şəhərinin Baş planına əsasən küçəətrafı yaşıllıq ərazisinə düşür, yolun qırmızı xətti həmin sahənin ortasından keçir və sahə tikinti xəttindən qabaqda yerləşir. Yuxarıda qeyd olunanlara əsasən iddia edilən torpaq sahəsi ərazi planlaşdırılmasına uyğun olmadığı üçün tikinti altına ayrılması və üzərində hüquqların tanınması məqsədəmüvafiq deyildir. Qəbələ bələdiyyəsi iddiaya münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. O cümlədən, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddiaçı ilə bələdiyyə arasında mövcud mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaların tətbiqi baxımından aşağıdakı müdəalara istinad olunmalıdır. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olmuş mətninə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Bununla yanaşı bələdiyyə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, torpaq sahəsinin iddiaçıya ayrılması barədə müvafiq qərar qəbul etməli, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bank hesabına ödənilməklə onunla bələdiyyə arasında müvafiq alqı-satqı aktı tərtib edilməli və akt müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalı olduğu halda, iş üzrə bu prosedur qaydalarına əməl edilməmişdir. Belə ki, iş materiallarının araşdırması zamanı, iddiaçının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin ümumi istifadədə olan ərazidə yerləşdiyi, Qəbələ şəhərinin Baş planına əsasən küçəətrafı yaşıllıq ərazisinə düşdüyü, yolun qırmızı xətti həmin sahənin ortasından keçdiyi və sahə tikinti xəttindən qabaqda yerləşdiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslılığı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “mərhum X2 verilmiş, qeyri-yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuş 0,005 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınaraq X1 adına hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar