Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-891/2024 29.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “0.06 ha və 80.0 kvm torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət Yevlax Rayon Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 568 saylı Torpağın satılması barədə" qərarı ilə alqısatqı aktı əsasında aldığı 0.06 hektar həyətyanı torpaq sahəsi, həmçinin Yevlax Rayon Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 595 saylı "Torpağın satılması barədə" qərarı ilə alqı-satqı aktı əsasında sahibkarlıq məqsədi ilə aldığı 80.0 kvm torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-891/2024 inzibati iş üzrə qərardadı ilə Yevlax rayon Havarlı bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə , Yevlax rayon Havarlı bələdiyyəsinin 29 noyabr 2007-ci il tarixli 568 saylı "Torpaq sahəsinin satılması barədə" qərarı X4 mülkiyyətində olan 0.06 hektar torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi iddiaçıya satılmış və həmin qərarın 4-cü və 5-ci bəndlərində göstərilmişdir ki, "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi "Torpaqların alqı-satqısı qaydaları"na əlavədə göstərilən nümunə əsasında "Torpaqların alqı-satqısına dair" üç nüsxədən ibarət Akt tərtib edilərək qeydiyyata alsın və ilkin torpaqayırma sənədlərinin surəti DTXK-nin Yevlax Rayon Şöbəsinə və digər aidiyyəti orqanlara göndərilsin". Həmin alqı-satqı barədə qərar əsasında 0.06 hektar həyətyanı torpaq sahəsinin alqı-satqısı üçün iddiaçı tərəfindən Havarlı Bələdiyyəsinin hesabına xx.xx.2007-cİ il tarixdə 96 manat ödəniş edilmiş və ödəniş qəbzi bələdiyyənin rəhbəri, baş mühasib və kassiri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Bundan sonra, həyətyanı torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2007-ci il tarixli Akt tərtib edilmiş və bu X5 və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon Şöbəsində xx.xx.2007-ci il tarixdə 1740 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon Şöbəsinin rəyində göstərilir ki, İddiaçı həyətyanı sahə kimi satılması nəzərdə tutulan torpaq sahəsi 0,06 ha olmaqla Havarlı Bələdiyyəsinin mülkiyyətinə aiddir, alqı-satqı predmetidir və həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün satılması qanuna müvafiqdir. Eyni zamanda Yevlax rayon Havarlı Bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon Şöbəsi ilə razılaşdırılmaqla xx.xx.2007-ci il tarixli torpaq sahəsinin Yerquruluşu Planı tərtib edilərək təsdiq edilmiş və həyətyanı torpaq sahəsinin koordinatlar, (sərhədi, yerləşmə vəziyyəti və döngə nöqtələri) yerquruluşu planında göstərilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun Tikinti Norma və Qaydalarına uyğun təhlükəsiz tikintisinə dair xx.xx.2017-ci il tarixdə 459/İ nömrəli texniki şərt verilmişdir. Bundan başqa Yevlax rayon Havarlı bələdiyyəsinin 30 noyabr 2007-cı ıl tarixli 595 saylı "Torpaq sahəsinin satılması barədə" qərar, X4 mülkiyyətində olan 80.0 kvm. torpaq sahəsi sahibkarlıq məqsədi ilə iddiaçıya satılmış və həmin qərarın 4-cü və 5-ci bəndlərində göstərilmişdir ki, "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi "Torpaqların alış-satış qaydalarına əlavədə göstərilən nümunə əsasında "Torpaqların alqı-satqısına dair" üç nüsxədən ibarət Akt tərtib edilərək qeydiyyata alsın və ilkin torpaqayırma sənədlərinin surəti DTXK-nin Yevlax Rayon Şöbəsinə və digər aidiyyəti orqanlara göndərilsin". Həmin alqı-satqı barədə qərar əsasında 80.0 kvm. torpaq sahəsinin alqı-satqısı üçün iddiaçı tərəfindən Havarlı Bələdiyyəsinin hesabına xx.xx.2007-cİ il tarixdə 240 manat ödəniş edilmiş və ödəniş qəbzi bələdiyyənin rəhbəri və baş mühasibi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Bundan sonra həmin torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt tərtib edilmiş və bu X5 və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon Şöbəsində xx.xx.2007-ci il tarixdə 1742 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon Şöbəsinin rəyində göstərilir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 80.0 kvm olmaqla Havarlı Bələdiyyəsinin mülkiyyətinə aiddir, alqı-satqı predmetidir və həmin torpaq sahəsinin satılması qanuna müvafiqdir. Eyni zamanda Yevlax rayon Havarlı Bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon Şöbəsi ilə razılaşdırılmaqla xx.xx.2007-ci il tarixli torpaq sahəsinin Yerquruluşu Planı tərtib edilərək təsdiq edilmiş və torpaq sahəsinin koordinatları (sərhədi, yerləşmə vəziyyəti və döngə nöqtələri) yerquruluşu planında göstərilmişdir. "xxxx" MMC-nin X1 Qovşağı ilə 80 kvm sahədə obyektin tikintisi ilə əlaqədar olaraq KMTQ-yə məxsus rabitə kabelləri ilə kəsişmələrə dair Texniki şərt hazırlanması və təhvil verilməsi üçün iddiaçı xx.xx.2018-ci il tarixli 08/08 №-li müqavilə bağlamış və texniki şərt verilmişdir. Buna görə iddiaçı tərəfindən 1252,50 manat pul ödənişi edilmişdir. Odur ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə ərizə ilə müraciət edərək alqı-satqı yolu ilə aldığı 0.06 hektar həyətyanı, 80,0 kvm sahibkarlıq üçün torpaq sahəsinə dövlət reyestrindən Çıxarış və Texniki pasport verilməsi ilə bağlı müraciət etmişdir. Lakin, 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2023-cü i! tarixli 3 21-3-35/2-A0107-8/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-21- 3-35/2-A0108-8/2023 saylı məktubla imtina edərək göstərmişdir ki, ərizəyə "Torpaq sahəsinin planı və ölçüsü" əlavə edilməmiş, həmçinin ayrılmış torpaq sahəsinin X2 X3 kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Cavabdehin etiraz məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlər toplusu (surətləri) ekspertiza edilmiş və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Yevlax rayonu, Havarlı Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli, 568 nömrəli qərarı əsasında iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə dair digər əsas sənəd olan müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənədi - "Torpaq sahəsinin planı və ölçüsü” sənədi - iddiaçı tərəfindən ərizəyə əlavə olunmamışdır. Həmçinin aparılan araşdırma nəticəsində, sənədləşdirilməsi nəzərdə tutulan həyətyanı məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinin X2 X3 kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması müəyyən edilmişdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-ci il tarixli imtina məktubu, Yevlax Rayon Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 595 saylı qərarı, torpaq sahələrinin alqı-satqısına dair kassa mədaxil qəbzləri, torpaq sahəsinin yerquruluşu planı, torpaqların alqısatqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin rəyi, Yevlax Rayon Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 568 saylı qərarı, cavabdehin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublarına əlavə edilmiş mütəxəssis rəyləri. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçıya Yevlax Rayon Havarlı xx.xx.2007-ci il tarixli 568 saylı qərarı ilə 0,06 ha həyətyanı, xx.xx.2007-ci il tarixli 595 saylı qərarı ilə 80 kv.m torpaq sahəsi satılmışdır. Müvafiq torpaq sahələrinin iddiaçıya satılması - bələdiyyə qərarı, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz və alqı-satqı aktı, yerquruluşu planı, DT və XK-nin Yevlax rayon şöbəsinin rəyi ilə sübut edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili – "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təqdim edilməməsi, həyətyanı məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinin X2 X3 kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması ilə bağlıdır. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd etmişdir ki, iddia olunan 80 kv.m torpaq sahəsi Yevlax rayonu Havarlı bələdiyyəsinin TEKUİS xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı, Havarlı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. 0,06 ha torpaq sahəsinə münasibətdə isə qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı, Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli məlumatında qeyd etmişdir ki, həmin ərazi dövrünə görə (satıldığı dövrü) Tərəvəzçilik-Südçülük sovxozunun ərazi hüdudlarında olmuşdur. Faktiki vəziyyətdə “TEKUİS" elektron bazaya əsasən Mingəçevir Bələdiyyəsinin ərazi hüdudlarında yerləşir. Torpaq sahəsi satılarkən Yevlax rayon, Havarlı Bələdiyyəsinin hüdudları daxilində olmuşdur. Belə ki, bələdiyyələrin ərazi hüdudları dəyişdirilmişdir. Dəyişikliyin əsasını “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2010-cu il tarixli 218 nömrəli Fərmanı təşkil edir. Göründüyü kimi iddia olunan torpaq sahələri iddiaçıya satılarkən Yevlax rayon, Havarlı Bələdiyyəsinin hüdudları daxilində olmuş, cavabdeh orqanın hüquq varisi olduğu DT və XK-nin Yevlax rayon şöbəsi hər iki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla alqı-satqı predmeti olması ilə bağlı rəylər vermişdir. Cavabdeh orqan ilkin imtina cavabında da, torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı olmasına istinad etməmişdir. Odur ki, hazırda yeni elektron uçot məlumatlarında torpaq sahələrinin təyinatının kənd təsərrüfatı göstərilməsi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya səbəb ola bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahələri səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahələrinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1862/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe). Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Yevlax Rayon Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 568 saylı və xx.xx.2007-ci il tarixli 595 saylı qərarları iddia olunan torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax Rayon Havarlı xx.xx.2007-ci il tarixli 568 saylı qərarı ilə həyətyanı məqsədilə satılmış 0,06 ha və xx.xx.2007-ci il tarixli 595 saylı qərarı ilə sahibkarlıq məqsədi ilə satılmış 80 kv.m torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.