Məhkəmə qərarları › İş №2-1(116)-892/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-892/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-892/2022 11.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Zaqatala rayonu Muxax bələdiyyəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 110 nömrəli 25.09.2003-cü il tarixli qərarına əsasən 0.9499 ha olaraq ayrılmış torpaq sahəsinin tamamlanması üçün 0.5300 ha torpaq sahəsinin Muxax bələdiyyəsinin ehtiyat fondundan ayrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında, mümkünlük iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Zaqatala rayonu Muxax bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 110 nömrəli 25.09.2003-cü il tarixli qərarına əsasən 0.9499 ha olaraq ayrılmış torpaq sahəsinin tamamlanması üçün 0.5300 ha torpaq sahəsinin Muxax bələdiyyəsinin ehtiyat fondundan ayrılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 110 nömrəli 25.09.2003-cü il tarixli qərarına əsasən 0.9499 ha torpaq sahəsi iddiaçının mərhum əri və ailə üzvlərinə ayrılmışdır. İddiaçının mərhum əri X1 DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, 0.9499 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Məmməd Nurayevin ərizəsi təmin edilərək 09.07.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 0.9499 ha torpaq sahəsi qeydiyyata alınmışdır. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 23.11.2021-ci il tarixli məktubunda qeyd edilir ki, 0.9499 ha torpaq sahəsi üzərində Məmməd Nurayev və ailə üzvlərinin mülkiyyət hüquqları qeydiyyata alınsa da, həmin torpaq sahəsinin bir hissəsinin üzərindən yüksək gərginlikli elektrik xəttləri keçdiyi üçün dövlət reyestrində düzəliş edilərək həmin hissə çıxılmaqla yerdə qalan 0.4199 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi üçün Məmməd Nurayev Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və ərizəsi təmin edilərək 0.4199 ha torpaq sahəsinə dair 19.08.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və A639932 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. İddiaçı isə hazırkı tələblə kəsir qalan torpaq sahəsinin Muxax bələdiyyəsinin ehtiyat fondundan ayrılaraq verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Keçirilən mümkünlük iclasında iştirak edən iddiaçıya iş materiallarına cavabdeh bələdiyyə orqanının imtina məktubunun əlavə edilmədiyi bildirilmiş və hazırkı iddianın “öhdəliyin icrası haqqında” iddia növünə aid olmasını nəzərə alaraq, iddiaçının ilk öncə analoji tələblə cavabdeh orqana müraciət etməli olduğu izah edilmişdir. İddiaçı isə bildirmişdir ki, mərhum həyat yoldaşı sağlığında cavabdehə şifahi şəkildə müraciət edərək kəsir qalan torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu torpaq sahələrindən ayrılaraq verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Mümkünlük iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi isə iddiaçının mərhum həyat yoldaşının şifahi şəkildə bələdiyyəyə müraciətinə uyğun olaraq ona qanunvericiliyin tələbləri izah edilsə də, hazırkı iş üzrə iddiaçı tərəfindən bələdiyyəyə heç bir müraciət edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağını və nail olmaq istədiyi hüquqi nəticəni nəzərə alan məhkəmə mümkünlük iclasında iddiaçıya izah etmişdir ki, Zaqatala AİK-nın müvafiq qərarı ilə ayrılmış 0.9499 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbi ilə DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıra bilər. Bunun üçün cavabdeh qismində DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi qeyd edilməli və iddia tələbi 0.53 ha torpaq sahəsinə münasibətdə dəqiqləşdirilməlidir. İddiaçı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirərək qaldırılmış iddia tələbinə uyğun olaraq mübahisəyə baxılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqana iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciəti olmadığından, hazırkı mərhələdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Zaqatala rayonu Muxax bələdiyyəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 110 nömrəli 25.09.2003-cü il tarixli qərarına əsasən 0.9499 ha olaraq ayrılmış torpaq sahəsinin tamamlanması üçün 0.5300 ha torpaq sahəsinin Muxax bələdiyyəsinin ehtiyat fondundan ayrılması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar