Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-893/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçaları və Məştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını nəzərə almaqla 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmək kitabçaları və Maştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını nəzərə almaqla 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək, “əmək kitabçaları və Məştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını nəzərə almaqla 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Maştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını, əmək kitabçasını və hərbi xidmət müddətini nəzərə almaqla, 65 yaşının bitdiyi tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan təqdim edilən arayışda qeyd edilən müddətlərin əmək kitabçasında qeyd edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası, Maştağa tikinti materialları kombinatının arayışı və hərbi xidmətinə dair arayış) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin əmək kitabçasında qeyd edilməməsi, buna görə iddiaçının tələb olunan 25 illik sığorta stajının yaranmaması, həmçinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Həmçinin qeyd edilmişdir ki, iddiaçının Balakən rayo X2 “Balakən RİİK” tərəfindən verilən xx.xx.1997-xx.xx.2003-cü illərə aid əmək haqqı cədvəllərinə əsasən iddiaçı cəmi 68 ay (5 il 8 ay) əmək haqqı almışdır. iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 19 il 4 aya barabərdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - SHXÇÜDX-nin Balakən rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 23 №-li arayışından görünür ki, iddiaçı, xx.xx.1974-xx.xx.1976-cı illərdə (2 il 3 gün) keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. - ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimidir: xx.xx.1983 – xx.xx.1986 (2 il 8 ay 24 gün), xx.xx.1986 – xx.xx.1995 (8 il 11 ay 15 gün), xx.xx.1997 – xx.xx.2003 (6 il 3 ay 22 gün). - Azərbaycan SSR Tikinti məmulatları Sənaye Nazirliyi Maştağa tikinti materialları kombinatının xx.xx.1983-cü il tarixli 115 №-li arayışından görünür ki, iddiaçı şərti məhkum etmə üzrə xx.xx.1980-xx.xx.1983-cü il tarixlərdə Azərbaycan SSR Tikinti Məmulatları Sənaye Nazirliyinin Maştağa tikinti materialları kombinatında maşinist vəzifəsində işləyir. Şərti məhkumetmə müddətinin bitməsi ilə əlaqədar azad edilmişdir. - iddiaçıya məxsus, xx.xx.1977-ci ildə tərtib edilmiş kolxozçunun əmək kitabçasından görünür ki, Balakən rayon Qullar kəndi “H.Nəsibov” adına kolxozda iddiaçı, 1976-cı ildə 18 gün, 1977-ci ildə 295 gün, 1978-ci ildə 172 gün, 1979-cu ildə 217 gün işləmişdir. 1976-1977-ci illərdə kolxozda minimum adam günü norması 250 gün, 1978- 1979-cu illərdə isə 200 gün olmuşdur. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, tələbdə qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-ci ildə doğulub). Cavabdehin iddiaya qarşı dəlili ondan ibarətdir ki, iddiaçının, təqdim etdiyi arayışlara qeyd olunan əmək fəaliyyəti müddətləri əmək kitabçasında qeyd edilməmiş, Balakən RİİK” tərəfindən verilən xx.xx.1997-xx.xx.2003-cü illərə aid əmək haqqı cədvəllərinə əsasən iddiaçı cəmi 68 ay (5 il 8 ay) əmək haqqı almışdır. Lakin, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır. Belə ki, əmək kitabçasında lazım olan qeydlər olmadıqda müvafiq sənədlərin əmək stajını təsdiqedici sənəd kimi qəbul edilməsi, istinad olunan “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində birmənalı olaraq qeyd edilmişdir. Odur ki, Azərbaycan SSR Tikinti məmulatları Sənaye Nazirliyi Maştağa tikinti materialları kombinatının xx.xx.1983-cü il tarixli 115 №-li arayışında qeyd edilən 2 il 11 ay 16 gün müddətin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin etirazının dəlilləri tamamilə əsassızdır. İddiaçının Balakən rayon Qullar kəndi “H.Nəsibov” adına kolxozda 1976-1980-cı illərdə işləməsi iddiaçıya məxsus, kolxozçunun əmək kitabçası və müvafiq arayışla sübuta yetirilir. Həmin kolxozda iddiaçı, 1976-cı ildə - 18, 1977-ci ildə - 295, 1978-ci ildə - 172, 1979-cu ildə – 217 gün işləmişdir. 1976-1977-ci illər üzrə minimum adam günü norması 250 gün olduğundan, iddiaçının 1977-ci ildə minimum adam günü normasını yerinə yetirdiyi müəyyən olunur və həmin il 1 il staj olaraq qəbul edilir. 1976-cı ildə isə iddiaçı minimum adam günü normasından az işlədiyindən, əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 26 gün müəyyən edilir (26/250=0.86). 1978—1979-cu illər üzrə minimum adam günü norması 200 gün olduğundan iddiaçının 1979-cu ildə minimum adam günü normasını yerinə yetirdiyi müəyyən olunur və həmin il 1 il staj olaraq qəbul edilir. 1978-cı ildə isə iddiaçı minimum adam günü normasından az işlədiyindən, əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 10 ay 8 gün müəyyən edilir (172/200=0.10). Beləliklə iddiaçının Balakən rayon Qullar kəndi “H.Nəsibov” adına kolxozda cəmi əmək stajı – 2 il, 11 ay, 4 günə bərabər olur. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı 18 ildir. Cavabdeh həmin müddətdən iddiaçının “Balakən RİİK” işlədiyi xx.xx.1997xx.xx.2003-cü illərdən 5 il 8 ay müddətini qəbul edir və digər müddətin (7 ay 22 gün) qəbul edilməməsini iddiaçıya əmək haqqının ödənilməməsi ilə izah edir. Bununla belə, cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması və iş satının qeyd olunduğu əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir. İddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilibödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-278/2019 №-li qərarında əks olunmuş hüquqi mövqe). Azərbaycan Respublikası “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqı alıbalmamasının, əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilibödənilməməsinin araşdırılmasına heç bir lüzum yoxdur. İddiaçının hərbi xidmətdə olduğu 2 il 3 gün mübahisələndirilməyən sosial sığorta stajı kimi yuxarıda qeyd edilən müddətlərin üzərinə toplnadıqda iddiaçının 25 il 10 ay 23 gün sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Əmək kitabçaları və Maştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışı nəzərə almaqla iddiaçı X1 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulunun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.