Məhkəmə qərarları › İş №2-1(116)-895/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-895/2020

30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-895/2020 30.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "üçüncü şəxs x3 Mingəçevir şəhəri M.Maqomayev prospektindəki 46 nömrəli evin 1 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevir şəhəri M.Maqomayev prospekti ev 46-da yerləşən 1 nömrəli mənzil mülkiyyət hüququ əsasında 14.09.1998-ci ildə İddiaçı adına qeydə alınmış və ona bu barədə 6508 nömrəli "Qeydiyyat vəsiqəsi" verilmişdir. Üçüncü şəxs x5 2012-ci ildə Mingəçevir şəhəri M.Maqomayev prospekti ev 46-da yerləşən 1 nömrəli həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, özünə məxsus olan mənzildən üçüncü şəxs x3 qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin cavabdeh 26.02.2020ci il tarixli cavab məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri M.Maqomayev küçəsi ev 46-da yerləşən 1 nömrəli mənzil 1988-ci ildən onun mülkiyyətindədir. Uzaq qohumu x5 2012-ci ildə öz mənzilini satdığına görə həmin mənzildən qeydiyyatdan çıxaraq müvəqqəti olaraq onun mənzilinə qeydiyyata düşmüş, hazırda isə Türkiyədədir. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 14.09.1998-ci il tarixli 6508 nömrəli "Qeydiyyat vəsiqəsi"ndən görünür ki, Mingəçevir şəhəri M.Maqomayev prospekti ev 46-da yerləşən 1 nömrəli mənzil mülkiyyət hüququ əsasında 14.09.1998-ci ildə İddiaçı adına qeydə alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, x5, x10, x6, x11, x16 və x2 şəhəri M.Maqomayev prospekti ev 46 mənzil 1 ünvanında qeydiyyatdadırlar. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırkı mübahisədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan əsaslar formal olaraq mövcud deyil. Lakin həmin Qanunun "Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması" adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iş üzrə üçüncü şəxs sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda, qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxsin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən üçüncü şəxs x3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar